Məhkəmə qərarları › İş №2(005)-1760/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1760/2024

08.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1760/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X2 15 fevral 2024-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2024-cü il tarixində qardaşı Avdiyev Elçinin vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnə qədər o vəfat etmişdir. Onlar qardaşı Elçin Avdiyevi xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Keyrəki qəbiristanlığında dəfn etmişdirlər. Bundan sonra o ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon qeydiyyt şöbəsinə rəsmi olaraq müraciət etmiş, Nərimanov rayon Qeydiyyat şöbəsi ona rəsmi olaraq bildirmişdir ki, “Ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, o halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz.” Məhkəmə iclasında ərizəçi X6 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X1 ifadəsində bildirmişdir ki, mərhum onun oğludur. Oğlu xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Oğlu mədəsinin ağrıdığını bildirmiş, lakin həkimə getməmişdir. Mərhum oğlu Binəqədi qəsəbəsinin Keyrəki qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum onun qardaşıdır. Qardaşı öz evində vəfat etmişdir. Qardaşı ölməmişdən əvvəl mədəsinin ağrıdığından şikayətlənirdi. Qardaşı Binəqədi qəsəbəsinin Keyrəki qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1971-ci il tarixində Bakı şəhərində doğulmuşdur. - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:13-də X4 adına çağırış olmuş, həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. - Nərimanov rayon Qeydiyyat Şöbəsinin 28 fevral 2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi tövsiyə edilmişdir. - Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 27 fevral 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Keyrəki qəbiristanlığında X2 dəfni icra olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 15 fevral 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində rəhmətə gedib. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 11 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 15 fevral 2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar