Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-188/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "RAV” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsindəki 24 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq “RAV" MTK-ya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 otaqlı 29.0 kv.m. mənzilin söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə həmin ünvanda tikəcəyi yeni yaşayış binasından 2 otaqlı 102 kv.m. mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən həmçinin Cavabdeh1 mənzilin yükü olmaması haqqında arayışı iddiaçıya verməyi barədə öhdəlik götürmüşdür. İddiaçı MTK öhdəliyinə əməl edərək həmin ərazidə tikilmiş yeni yaşayış binasından, yəni ünvan 1 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsində 24 saylı mənzili Cavabdeh1 vermiş və hazırda cavabdeh digər Cavabdeh2 ilə həmin mənzildə yaşayırlar. İddiaçı MTK sökülən mənzilə görə Cavabdeh1 68000 manat əlavə pul vermiş, həmçinin hər ay 500 manat olmaqla illərlə kirayə haqqı ödəmişdir. Lakin, bu yaxınlarda məlum olmuşdur ki, onlara "xxxx" ASC-nın ipotekasında olan mənzili vermişdir. İddiaçı sökülən həmin mənzilin "xxxx" ASC-nın ipotekasında olmasından yalnız bu yaxınlarda, "xxxx" ASC “RAV MTK-nı məhkəyə verəndən sonra xəbər tutmuşdur. "xxxx" ASC onun ipotekasında olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsi nəticəsində banka vurulmuş 38745,05 manat məbləğində zərərin “RAV" MTK-dan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayətini təmin edərək, mənzilin ipotekada olmasını əsas gətirərək 38745,05 manat məbləğində pulun “RAV" MTK-dan tutulmasını qət etmişdir. Yəni, məhkəmə “RAV" MTK-dan 38745,05 manatın tutulmasına səbəb kimi mənzilin MTK-ya təhvil verilərkən və sökülərkən bankda ipotekada olmasını göstərmişdir. Həmin məhkəmə zamanı həm də məlum olmuşdur ki, mənzilin ipotekada olması ilə əlaqədar yaranmış problemlərə görə Cavabdeh1 və onun mərhum əri X2 ilə “XalqBank ASC arasında uzun müddət, illərlə bir neçə məhkəmə çəkişmələri və məhkəmə işləri olmuş, lakin həmin məhkəmə mübahisələri də gizlədilmişdir. Göründüyü kimi cavabdeh ilə xx.xx.2017-ci il tarixli müqavilə bağlanarkən Cavabdeh1 mənzilin bankda ipotekada olduğunu deməmiş və sonradan da həmin məsələ ilə bağlı baş vermiş məhkəmə çəkişmələrini də gizlədərək məlumat verməmişdir. İkinci dəfə də cavabeh bu barədə heç bir məlumat vermədən tikdiyi yeni yaşayış binasındakı ünvan 3 ünvanındakı 24 saylı mənzili əldə etmişdir. MTK aldadılmış, buna görə də, Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə etibarsızdır və heç bir hüquqi nəticələr doğurmur. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Digər Cavabdeh1 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; İddiaçı MTK ilə “mülkiyyətçi” Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı MTK Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən ünvan 4 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan “mülkiyyətçi” Cavabdeh1 məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 52 kv.m mənzilin əvəzinə təmirsiz 2 otaqlı, 102 kv.m sahəli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.1-ci bəndində mənzili tam boşaldaraq, yüklü olmaması haqda arayış təqdim etmək şərti ilə İddiaçı MTK-ya təhvil verilməsi qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin İddiaçı MTK-ya qarşı zərərin əvəzinin ödənilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin apelyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-381/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı MTK-dan "xxxx" ASC-nin xeyrinə dəymiş ziyanın əvəzi olaraq 38745,05 manat və 45 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(103)-5493/2014 saylı, xx.xx.2018-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh1 Mirzəağa qızına qarşı (üçüncü şəxs X2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsus ünvan 5 ünvanında yerləşən 29 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 19 nömrəli mənzilə tutma yönəldilməsi və xx.xx.2013-cü il tarixli İpoteka müqaviləsi üzrə borc alan X1 iddiaçı qarşısında olan borcun ipoteka predmetinə yönəldilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2265/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamədən çıxarışdan görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" ASC və üçüncü şəxs Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı xx.xx.2017-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5493/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 38806,05 manat məbləğində borcun "xxxx" ASC hesabına köçürməklə ******* saylı qəbz əsasında borcun icra olunması və Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 14 ünvanında yerləşən 29 kv.m ümumi sahədən ibarət 2 otaqlı, 19 nömrəli mənzilə yönəldilmiş ipotekadan azad olunması tələbinə dair iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı MTK tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2021-ci il tarixə qədər ailə üzvləri ilə birlikdə ünvan 6 ünvanında yerləşən 24 saylı mənzili boşaldaraq İddiaçı MTK-ya təhvil verilməsi xahiş edilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinovun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-615/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə İddiaçı MTK-dan 38745,05 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qeyd edilmiş və həmin icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 otaqlı 29.0 kv.m. mənzilin söküntü üçün İddiaçı MTK-ya təhvil verməyi öhdəsinə götürmüş, əvəzində isə həmin ünvanda tikəcəyi yeni yaşayış binasından 2 otaqlı 102 kv.m. mənzili cavabdehə verməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK müqavilə üzrə öhdəliyinə əməl edərək həmin ərazidə tikilmiş yeni yaşayış binasından mənzil Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 "xxxx" ASC-nın ipotekasında olan mənzili vermişdir. İddiaçı sökülən həmin mənzilin "xxxx" ASC-nın ipotekasında olmasından xəbərdar olmamış və mənzilin mülkiyyətçisi bu barədə məlumat verməmişdir. "xxxx" ASC onun ipotekasında olan Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 14, 19 nömrəli mənzilin sökülməsi nəticəsində banka vurulmuş 38745,05 manat məbləğində zərərin “RAV" MTK-dan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayətini təmin edərək, mənzilin ipotekada olmasını əsas gətirərək 38745,05 manat məbləğində pulun “RAV" MTK-dan tutulmasını qət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.1. İstər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 09 dekabr 2019-cu il Qərarında qeyd olunmuşdur ki, Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Beləliklə, Mülki Məcəllənin qeyd edilən normasına uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; - Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır; - Müqavilə məhz aldadılma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir götürə bilər. 284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 284.3. Girov saxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə tutulan hallarda istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Müqaviləyə əsasən girov saxlayanın üzərinə əsas öhdəliyin ödənilməsi məqsədilə və ya girov qoyanın mənafeləri üçün girov predmetindən bəhər və gəlir götürmək vəzifəsi qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını və mülki iş materiallarına əlavə edilmiş sübutları nəzərə alaraq hesab edir ki, İddiaçı MTK ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə müqavilə bağlanarkən, sonuncu mülkiyyətində olan mənzilin ipoteka ilə yüklü olması barədə məlumat vərməməklə, müqavilənin şərtlərinə riayət etməmiş və həmçinin üzərinə düşən hüquq və vəzifələrini vicdanla həyata keçirməmişdir. Tərəflər arasında əqd bağlanarkən Cavabdeh1 tərəfindən müəyyənləşdirilmiş şərtlər pozulmuş, bu səbəbdən xx.xx.2017-ci il tarixli müqavilə etibarsızdır və həmin müqavilə barəsində mübahisə edildiyindən, müqavilə bağlandığı andan etibarsızdır. Bundan başqa xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız olduğu səbəbindən, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Lakin Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən mənzil söküldüyündən iddiaçı tərəfindən həmin mənzilin geri qaytarılması mümkün deyil. Digər tərəfdən Cavabdeh1 müqavilə bağlanarkən şərtləri pozması və iddiaçı tərəfindən Cavabdeh1 "xxxx" ASC-yə olan borcunu məcbur olaraq ödədiyindən, İddiaçı MTK əqdin etibarsız olması nəticəsində Cavabdeh1 əqd üzrə aldığının geri qaytarılması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "RAV” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsindəki 24 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq “RAV" MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "RAV” MTK ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə etibarsız hesab edilsin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 8-ci mərtəbəsindəki 24 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq “RAV" MTK-ya təhvil verilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-188/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-188/2022
29.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver