Məhkəmə qərarları › İş №2(005)-1893/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1893/2023

16.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1893/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Vəliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun həyat yoldaşı olub. O, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.2022-ci ildə Sabirabad rayonunun Şıxsalahlı kəndində yerləşən evinin həyətyanı sahəsində cari təmir və təmizlik işləri görərkən tək dünyasını dəyişib. Bu barədə Sabirabad rayon prokurorluğuna və təcili tibbi yardıma məlumat verilmişdir. Həyat yoldaşını Sabirabad rayonu Osmanlı kənd qabristanlığında dəfn etmişlər. Bundan sonra, o, ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Nərimanov Rayon Qeydiyyat Şöbəsindən ona rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu nəzərə alınmaqla mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 1 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 08/Q107/15 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 ölməsi faktı əsasında toplanmış 234C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - 1 saylı Bakı “Asan Xidmət” X4 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sabirabad rayonu Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən X5 ilə X2 nikahı bağlanmışdır. Nikahdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir; - 32 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu Şıxsalahlı kəndində rəhmətə gedib. X1 rəhmətə getdiyi üçün ölüm haqqında tibbi şəhadətnamə 37 nömrəli şəhər poliklinikası tərəfindən verilə bilməz; - Şıx Salahlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi həyat yoldaşı X5 25 dekabr 2022-ci il tarixində Sabirabad rayonun Şıx Salahlı kəndində yaşadığı evdə vəfat etmişdir. Mərhum Sabirabad rayon Osmanlı kənd qəbristanlığında dəfn olunmuşdur; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Mərhum atası həftəsonu Sabirabad rayonunun Şıxsalahlı kəndində yerləşən evlərinə getmişdi. Oradakı qohumları tərəfindən zəng vurularaq, atasının vəfat etdiyi məlumatı verilmişdir. Onlar bundan sonra oraya getmişlər. Atası xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Sabirabad rayonunun Osmanlı kəndində dəfn edilmişdir. Hazırda atasının qəbirüstü abidəsi götürülməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X5 ərizəçinin əri olmuşdur. X5 xx.xx.2022-ci ildə Sabirabad rayonun Şıx Salahlı kəndində ev şəraitində vəfat etmiş və Sabirabad rayonu, Osmanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X5 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Mülki Prosessual Məcəllənin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Sabirabad rayonunun Şıxsalahlı kəndində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar