Məhkəmə qərarları › İş №2(005)-1929/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1929/2024

27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1929/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin artırılması və 2024-cü ilin yanvar ayından aliment məbləğinin hər uşaq üçün 235 manat olmaqla 2 uşağa görə 470 manat məbləğində müəyyən edilməsi barədə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01733 saylı barışıq sazişinin 1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları vardır: xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X4. Bakı şəhər 13 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə MŞB/13/2023-01733 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişin 1-ci bəndində cavabdeh məhkəmə qətnaməsi ilə qət edilmiş hər uşağa görə 193 manat məbləğində aylıq alimentin artırılmaqla 2024-cü ilin yanvar ayından uşaqların saxlanılmaları üçün hər bir uşağa 235 manat olmaqla 2 uşağa görə 470 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlikdən 2 ay keçməsinə baxmayaraq o bu öhdəliyə əməl etməmiş və bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01733 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.(Təyin olunmuş aliment məbləğinin artırılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs bildirdilər ki, Azərbaycan Respublikasının Məhkəməsi tərəfindən birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində aliment məbləği təyin edilmişdir, tərəflər 1-ci tərəf Ərizəçi Rəlail qızı və 2-ci tərəf Maraqlı şəxs razılaşırlar ki, 2024-cü ilin yanvar ayından başlayaraq həmin məbləğ artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla ümumi 470 manat aliment 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi Rəlail qızının bank hesabına və ya ona aid digər hesablara ödənilsin. Barışıq sazişinin bağlandığı tarixdən 1-ci tərəf Ərizəçi icra şöbəsinə müraciət edərək İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən icra vərəqəsini icra edilmədən məhkəməyə qaytarır. 2.(Qarşılıqlı tələb Soyadın dəyişdirilməsi) 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi Kəfail qızından onun soyadından (Əbilova) çıxmasını tələb edir, 1-ci tərəf Ərizəçi Kəfail qızı 2-ci tərəf Maraqlı şəxs tələbini qəbul edərək Əbilova soyadından çıxmasını, bununla əlaqədar müvafiq qurumlara müraciət edəcəyini öhdəsinə götürərək icra edir. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01733 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin aliment hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Ailə Məcəlləsinin 100.2 və Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01733 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: 1.“(Təyin olunmuş aliment məbləğinin artırılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs bildirirlər ki, Azərbaycan Respublikasının Məhkəməsi tərəfindən birgə nikahdan dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 193 manat sabit pul məbləğində aliment məbləği təyin edilmişdir, tərəflər 1-ci tərəf Ərizəçi Rəlail qızı və 2-ci tərəf Maraqlı şəxs razılaşırlar ki, 2024-cü ilin yanvar ayından başlayaraq həmin məbləğ artırılaraq hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumi 470 manat aliment 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi Rəlail qızının bank hesabına və ya ona aid digər hesablara ödənilsin. Barışıq sazişinin bağlandığı tarixdən 1-ci tərəf Ərizəçi icra şöbəsinə müraciət edərək “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən icra vərəqəsini icra edilmədən məhkəməyə qaytarır.” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar