Məhkəmə qərarları › İş №2(005)-1933/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1933/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1933/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh1 MMC-nin nümayəndəsi X2, Üçüncü şəxs LPO Maraqlı şəxs ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X7 protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (əvvəlki adı “X3” MMC) tərəfindən keçirilmiş hərracın yekunlarına dair Y-590 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 15 dekabr 2014-cü il tarixdə Maraqlı şəxs ASC ilə 96/0-AZN saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən bank İddiaçı 12 ay müddətinə illik 15% lə 300.000 ( üç yüz min) manat məbləğində kredit vermişdir. Həmin tarixdə X13 ilə Maraqlı şəxs ASC arasında SPİ2 96/06 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzil ipoteka qoymuşdur. Qeyd olunan əmlak Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin dövlət reyestrində qeydə alınmışdır. Maraqlı şəxs ASC Nəsimi Rayon Məhkəməsinə kredit borcunu ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Nəsimi rayon məhkəməsinin 02 fevral 2017-ci il tarixli 2(006)-99/2017 saylı qətnaməsi ilə 15.12.2014-cü il tarixli 96/0-AZN saylı kredit müqaviləsi üzrə 300.000 (üç yüz min) manat əsas borc, 12.422 (on iki min dörd yüz iyirmi iki) manat faiz borcu, 1000 (min) manat cərimə borcu, cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manatın cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş X8 məxsus olan ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 100.16 kv.m yaşayış, 178.18 kv.m ümumi sahədən ibarət 3 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 340.000(üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 313.422 manat iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan mələğin X8 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Cavabdeh2nə həvalə edilmişdir. “X3” MMC Cavabdeh2 sifarişi əsasən 19 aprel 2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli 2(006)-99/2017 saylı icra vərəqəsinə əsasən hərrac keçirmişdir. Hərracda yuxanda göstərilən əmlakın son satış qiyməti 216.750 (iki yüz on alti min yeddi yüz əlli) manat məbləğində göstərilmişdir. Alıcı qismində isə ləğv prosesində olan Maraqlı şəxs ASC göstərilmişdir. Ancaq “X3” MMC hərracı keçirərkən ona heç bir bildiriş göndərməmiş, onun xəbəri olmadan ipoteka ilə yüklü edilmiş X9 mülkiyətidə olan Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, ev 251 A, 3 saylı mənzili 216.750 manata Maraqlı şəxs ASC-yə satmışdır. Bu da onu göstərir ki, “X3” MMC İpoteka haqqında Azərbaycan Respublikasının Qanununu pozmuşdur. Bundan əlavə X7 48/1 nömrəli 19 aprel 2018ci il tarixli protokolda qeyd olunmuşdur ki, alıcı Ləğv prosesində olan Maraqlı şəxs ASC-nin **********817 saylı 16.05.2018-ci il tarixli etibarnamə əsasında X14 təmsil etmişdir. Maraqlı şəxs ASC ilə hərrac keçirən təşkilat əlbir olaraq qanunsuzluğa yol vermişdir. “X3” MMC tərəfindən X7 Protokol tərəflərə göndərilməli olsa belə, bu barədə iddiaçıya məlumat verilməmiş və göndərilməmişdir. Bu da onları mülkiyyətçiyə və əsas borclu olaraq ona qarşı qərəzli mövqe tutduğuna dəlalət edir. Bakı Apellyasiya məhkəməsində mülki işə 12 sentyabr 2018-ci ili tarixində baxılmış iş üzrə qətnamə çıxamışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh1 MMC-nin nümayəndəsi X10 yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbində keçirilən hərrac prosesləri barədə məlumatlı olmadığı qeyd eləmişdir. İlkin hərrac barədə 17 yanvar 2018-ci il tarixli 03/02 saylı bildiriş və təkrar hərrac barədə 27 fevral 2018-ci ii tarixli 03/02-1 saylı bildiriş İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Həmçinin hərrac prosesləri barədə Kaspi qəzetində də 17.01.2018-ci il tarixində və 27.02.2018-ci il tarixində müvafiq elanlar dərc edilmişdir. İddiaçının iddia tələbi irəli sürmək üçün subyektiv hüququ da yoxdur. iddia müddətinin tətbiqi barədə ərizədə göstərilmişdir ki, 48/1 saylı protokol və müqavilə 19.04.2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında keçirilməklə 18.03.2021-ci il tarixinə hazırlığa təyin edilmişdir. İddia tələbinə iddia müddəti tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs LPO Maraqlı şəxs ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X15 iddia tələbini qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər İddiaçı və X8 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, 15.12.2014cü il tarixli kredit müqaviləsi üzrə 300.000 manat əsas borc, 12.422 manat faiz borcu, 1.000 manat cərimə borcu, cəmi 3.3.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, tələb ipoteka ilə yüklü edilmiş cavabdeh X5 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi, 100.16 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 3 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzil ilkin satış qiyməti 340.000 (üç yüz qırx min) manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 313.422 (üç yüz on üç min dörd yüz iyirmi iki) manat məbləğində pul Maraqlı şəxs ASC-yə ödənilməsi, qalan məbləğ X8 verilməsi, mənzilin satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda borcun ödənilməyən digər hissəsi cavabdeh İddiaçı alınaraq iddiaçı Maraqlı şəxs ASC-yə ödənilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində cavabdeh X5 həmin mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməklə X17 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2018-ci il tarixli, 2(103)- 9265/2018 saylı qətnaməsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2017-ci il tarixli, 2(006)-99/2017 saylı qətnaməsindən cavabdeh X11 tərəfindən verilən apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-99 saylı iş üzrə 02 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19.04.2018-ci il tarixli müqavilənin surətinə əsasən X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq salıəsindı yerləşən 251A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzili Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: «X3» MMC tərəfindən LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X6 216750,00 manata satılmışdır; X7 19.04.2018-ci il tarixli, 48/1 nömrəli protokolunun surətinə əsasən Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2017 saylı 02.02.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70-327810/14 saylı 05.12.2017-ci il tarixli məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 340.000 (üç yüz qırx min) manat olan X12 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil 216.750 manata (alıcı) LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X14 əldə etmişdir; “Kaspi” Qəzetinin 17 yanvar, 27 fevral 2018-ci ilə aid olan 009 və 038 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən 0.29574 ha torpaq sahəsində yerləşən 251 A nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilin 15.02.2018-ci və 29.03.2018-ci il tarixdə hərraca çıxarılması barədə məlumatlar dərc edilmişdir; “X3” MMC-nin 27.02.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70-327810/14 saylı 05.12.2017-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla 29.03.2018-ci il tarixində, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə 27.02.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 14450 manat təşkil edir; “X3” MMC-nin 17.01.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70-327810/14 saylı 05.12.2017-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzilinin dəyəri 340.000 (üç yüz qırx min) manat olmaqla 15.02.2018-ci il tarixində, saat 11:00-da ünvan 2 ünvanında açıq hərracı keçiriləcəkdir. Hərracının keçirilməsinə dair “Kaspi” qəzetdə 17.01.2018-ci il tarixində elan dərc edilmişdir. Hərracdakı iştirak üçün beh məbləği 17000 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq X7 19.04.2018-ci il tarixli, 48/1 nömrəli protokolunun surətinə əsasən Nəsimi rayon Məhkəməsinin 2(006)-99/2017 saylı 02.02.2017-ci il tarixli icra vərəqəsinin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin 17/70- 327810/14 saylı 05.12.2017-ci il tarixli sifariş məktubuna əsasən əsasən ilkin hərrac qiyməti 340.000 (üç yüz qırx min) manat olan X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0.29574 ha torpaq sahəsində yerləşən 251a nömrəli, 15 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 178.18 kv.m ümumi sahəsi olan 4 otaqlı 3 nömrəli mənzil 216.750 manata (alıcı) LPO Maraqlı şəxs ASC-nin nümayəndəsi X14 əldə etmişdir. İddiaçı ona məxsus əmlakın hərraca çıxarılması və hərracın keçirilməsindən məlumatı olmaması səbəbi ilə evini özü almaqdan məhrum olmasına istinad etmiş və bununla da hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən onun nəticələrinin etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərrac keçirilən zaman onun prosesləri eşitməməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, hərracın keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmmiş qaydada baş tutmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçı tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Beləliklə, göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliyi tələblərinə zidd hallar baş verməmiş, qanunvericiliyin tələblərinə uyğun baş tutmuşdur. İddia tələbində göstərilən hallar hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişiklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisəlandirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X7 protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2nə qarşı (LPO Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “X7 protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar