Məhkəmə qərarları › İş №2(005)-4212/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4212/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4212/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4nə qarşı hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4nə qarşı hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, Zivorboy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m. ümumi, 15 kv.m. yaşayış sahəsindən ibarət mənzillərin hərracının nəticələrini əks etdirən 25 may 2018-ci il tarixli 68 nömrəli protokolun, 25 may 2018-ci il tarixli əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka obyektinə dair çıxarışların etibarsız hesab edilərək ləğv edilməsi və mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 07.09.2017-ci il tarixli 2(006)5520/2017 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş və 13.07.2018-ci il tarixində 2( 103)-8986/18 nömrə ilə hakim Sənan Hacıyevin icraatına verilmişdir. Hakim tərəfindən işə baxılması 03.10.2018-ci ilə təyin edilmişdir. Bununla əlaqədar cavabdehlərə məktub ünvanlanmış, lakin 07.09.2017-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri, Yasamal rayonu icra şöbəsinin 30.11.2017-ci il tarixli icraata başlanması haqqında qərar üzrə icraat “İcra haqqında” qanuna əsasən dayandırılmalı olduğu halda dayandırılmamışdır. Cavabdeh1 tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bizə (ipoteka qoyana) bildiriş göndərilməmiş, həmçinin məhkəmədə belə bildirişin göndərilməsini sübut etməmişdir. Belə bir pozuntu isə qanuna əsasən ipoteka predmetinə tutmanın yönəldilməsini dayandırmalı və prosedura əməl edildikdən sonra davam edilməli olduğunu göstərir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh4 nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsini əsassız hesab etdiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda 17.09.2021ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı hərrac təşkilatının qüsurları qismində 25.05.2018-ci il tarixində keçirilən hərracın nəticələrinin ləğv edilməsi əsası kimi ona bildirişlərin vaxtında çatmamasını və müqavilənin qanunvericiliklə nəzərəd tutulmuş müddət ərzində imzalanmamasını qeyd etmişdir. Hərracın keçirilmə vaxtı 12 mart 2018-ci il tarix göstərilməklə, ilkin hərrac barədə bildiriş borclu İddiaçı1 icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Hərrac baş tutmadığından 25 aprel 2018-ci il tarixində ikinci hərrac keçirilmişdir. İkinci hərracın keçirilmə vaxtı göstərilməklə, 28 mart 2018-ci il tarixində 15% endirimlə hərracın keçirilməsi ilə bağlı 04/33-1 və 04/34-1 nömrəli bildiriş borclunun icra vərəqəsində qeyd olunan ünvanına göndərilmişdir. Həmçinin, “Kaspi” qəzetində keçirilən hərraclarla bağlı müvafiq elanlar yerləşdirilmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları tədqiq edərək, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, 07.09.2017-ci il tarixli icra vərəqəsindən görünür ki,"xxxx" MMC-dən Cavabdeh1 ASC-nin xeyrinə 26.01.2014-cü il tarixli 101/M saylı kredit müqaviləsi üzrə 136038,90 ABŞ dollan əsas borc, 40460,31 ABŞ dolları faiz və 1500,79 ABŞ dolları cərimə borcu, cəmi 178000 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulması; Həmin tutmanın İddiaçı1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilin ilkin satış qiymətinin 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat məbləğində müəyyən edilməklə ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbi realizə edilmiş daşınmaz əmlakların dəyərindən ödənilməsi; Borc ödənildikdən sonra yerdə qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı1 qaytarılması; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilinə və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi, 15 kv.m yaşayış sahəsindən ibarət mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması; "xxxx" MMC-dən və İddiaçı1 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərcinin əvəzi kimi 600 manat məbləğində pul tutulması qət olunmuşdur. İş materiallarında olan tərəflərə göndərilmiş açıq hərracın keçirilməsinə dair Cavabdeh4 tərəfindən göndərilmiş 09 fevral 2018-ci il tarixli 04/33 və 04/34, 28 mart 2018-ci il tarixli 04/34-1 və 4/33-1 nömrəli bildirişlərdən müəyyən olunur ki, sözügedən əmlakların açıq hərraca çıxarılması, keçiriləcək hərracın yeri və vaxtı və onların satış və beh qiymətləri barədə sifarişçi, tələbkar və borclulara məlumat verilmişdir. İş materiallarında olan “hərracın yekunları barədə” 25 may 2018-ci il tarixli, 68 nömrəli protokoldan və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzilin ilkin satış qiyməti 160.000 manat olmaqla 102 000 manat dəyərində; Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m ümumi sahədən ibarət mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla 47 812.5 manat dəyərinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi, həmçinin onun nümayəndəsinin və vəkilinin məhkəmə prosesində səsləndirdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçılar İddiaçı1 və İddiaçı2 şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Belə ki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Qeyd edilməlidir ki, iddiaçılara aid iş materiallarında oln şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, hərrac təşkilatı tərəfindən onlara haqlı olaraq qeydiyyatda olduqları ünvana bildiriş göndərilmişdir. Məhkəmənin mövqeyinə görə əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəməaraşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.). İş materiallarından göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmiş, həmçinin hərracın keçirilmə vaxtı və yeri barədə “Kaspi” qəzetinin ayrı-ayrı buraxılışlarında elanlar yerləşdirilmişdir. Bundan əlavə, iddiaçılar onlara məxsus əmlakın dəyərindən qat qat aşağı qiymətə satılmasını iddia edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsini xahiş edirlər. Məhkəmə bununla bağlı qeyd edir ki, girov əmlakların hərraca çıxarılması üçün ilkin satış qiyməti Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5520/2017 saylı, 07.09.2017-ci il tarixli icra vərəqəsində öz əksini tapmışdır. Qətnamə icra edildiyi zaman isə əlavə qiymətləndirmə keçirilmədən, məhkəmə tərəfindən müəyyən edilmiş qiymətlə hərraca çıxarılmışdır. Hərrac keçiriləcəyi yer və tarix barədə iddiaçılara bildiriş göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4nə qarşı hərracın nəticələrinin və onlara dair çıxarışların etibarsız hesab edilməsi, mənzillərin ipoteka ilə girov saxlanılmaqla iddiaçının adına bərpa edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar