Məhkəmə qərarları › İş №2(103)-8823/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8823/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8823/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X7 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin və alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın keçirilməsini sifariş verən və hərracın keçirilməsinə şərait yaradan hərrac təşkilatının 25 dekabr 2017-ci il tarixli 69/04 nömrəli protokolunun, hərracın yekunlarının və alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev, iş №2(005)-3115/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 45000 ABŞ dolları və 41600 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək cavabdeh İddiaçı 45000 ABŞ dolları ödəniş günü manat məzənnəsi ilə manatla və 21600 manat, cavabdeh X4 5000 manat, cavabdeh X8 6400 manat, cavabdeh X2 1100 manat, cavabdeh X5 2800 manat və cavabdeh X6 4700 manat borc, habelə cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Məhkəmə qətnamədə cavabdeh X1 olaraq pul məbləğinin tutulmasını qət etsə də, Nərimanov rayon icra şöbəsinin icra məmuru pul tələbini onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evinə yönəldərək heç bir əsas olmadan həmin evin hərraca çıxarılması ilə bağlı 25 dekabr 2017-ci il tarixli hərracın təyin edilməsi ilə bağlı protokol tərtib etmişdir. Digər cavabdehlər həmin protokolda nəzərə alınmamış, yalnız onun tələbkara ödəməli olduğu məbləğ protokolda qeyd edilmişdir. Belə olan halda digər cavabdehlərin tələbkara ödəməli olduğu məbləğ məhkəmə icraçısı tərəfindən yaddan çıxarılmışdır. O, məhkəmə qətnaməsi ilə cavabdehlərlə eyni məsuliyyəti daşıyır. Məhz onun evinin qanunsuz olaraq hərraca çıxarılaraq satılması heç bir qanuna uyğun deyildir və hüquqi normativləri pozur. Həmin vaxt yuxarıda qeyd edilən ünvanda yerləşən ev faktiki mövcud olmamış, o tamamilə sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikilməsi qərara alınaraq, onlar oradan köçürülmüşlər. Hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Ona məxsus olan həmin evin hərracda satılması ilə bağlı protokolun və digər icra sənədlərinin surətlərinin o, 2021-ci ilin may ayının 25-də icra məmuru Ramil Səfərovdan almışdır. Mülkiyyət hüququ olan evin satılmasını iddiaçı tərəf evin adına özəlləşdirilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət etdiksən sonra məlumat almışdır. Həmin sökülən evdə ondan başqa ailə üzvləri-anası, üç uşağı və iki bacısı da yaşayıb. Halhazırda onların mənzil hüquqları pozulmuşdur. Evi məhkəmə qətnaməsində göstərilən xüsusatlardan və qanunvericiliyin normalarına əməl etməyərək hərrac vasitəsi ilə satılmış, beləliklə onun və ailə üzvlərinin konstitusion hüquqları pozulmuşdur. Hazırda o və ailə üzvləri evsiz qalmaq ərəfəsindədirlər. Apellyasiya Məhkəməsinin 02 avqust 2016-cı il tarixli qətnaməsindən görünür ki, iş üzrə digər cavabdehlər də vardır. Lakin icra şöbəsi həmin hissədə icra hərəkətləri etməmiş, icraatı yalnız onun mənzilinə yönəltmişdir. Onalın mənzil hüquqları pozulmuşdur. Borclulardan iddiaçının xeyrinə pul tutulması ilə bağlı icra sənədi Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən pozularaq onun mülkiyyətində olan hal-hazırda mövcud olmayan evə yönəldilərək mənzil hüquqları pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Nərimanov rayon icra şöbəsinə təqdim etdiyi icra vərəqində mənzildən söhbət getmir. Orada yalnız cavabdeh şəxslərdən pul məbləğinin tutulması ilə bağlı tələb öz əksini tapmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcun tutulması barədəki icra vərəqəsində tutmanın onun mülkiyyətində olan mənzilə yönəldilməsi barədə heç bir qeyd olmasa da, onun mənzili həmin borca görə hərracda satılmış və bununla da onun mülkiyyət hüququ pozulmuşdur. Keçirilmiş hərrac barədə ona məlumat verilməmiş, onun xəbəri olmadan mənzili hərracda satılmışdır. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin və nümayəndəsinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5795/2016 saylı 02 avqust 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 45000 (qırx beş min) ABŞ dollarının ödəniş gününə məzənnə üzrə manatla və 21600 manatın alınıb iddiaçı Cavabdeh1 verilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)1398/2016 saylı 03.02.2016-cı il tarixli qərardadına əsasən iddianı təmin tədbiri qaydasında borclu İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsində 27 saylı evin ona məxsus 1/9 hissəsinin üzərinə həbs qoyulmuş, daha sonra borcun ödənilməsi həmin əmlaka yönəldilməklə mənzilin hərracda satışı sifariş edilmiş və 25 dekabr 2017-ci il tarixli hərracda Cavabdeh1 satılmışdır. İddiaçı hərracın düzgün keçirilmədiyini mübahisələndirmiş və hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsassız saymış və mövqeyini onunla əsaslandırmışdır ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar iddiaçının yaşadığı ünvana müvafiq bildiriş göndərilmiş, qəzetdə elan verilmişdir. Belə ki, 24-30 noyabr 2017-ci il tarixli 91 (91) tirajlı “Birja Yenilikləri” qazetində qeyd olunan əmlakla bağlı "xxxx" MMC tərəfindən elan yerləşdirilmiş və hərrac barədə tərəflərə bildiriş göndərilmişdir. Hərracla bağlı bildirişlər İddiaçı yaşayış ünvanı olan, habelə iddiaçının faktiki vermiş olduğu iddia ərizəsində də göstərdiyi ünvan 2 ünvanına göndərilmiş və 05.12.2017-ci il tarixdə imzalanaraq qəbul edilmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 415.1, 415.2, 415.5, 416.1, 416.2-ci, eləcə də MPM-nin 135-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd olunan halı, yəni iddiaçının hərrac barədə məlumatlı olubolmamasını bir daha aydınlaşdırmaq məqsədilə apellyasiya baxışı zamanı "xxxx" MMCdən hərracın keçirilməsi ilə bağlı sənədləri tələb edib öyrənmiş və hərrracın keçirilməsi zamanı hər hansı pozuntuya yol verilməsini müəyyən etməmişdir. Göründüyü kimi, hərracdan iddiaçının tam məlumatı olmuş və o, bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçı öz iddiasında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun daşıyır və birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət vermişdir. Apellyasiya şikayətində əlavə heç bir dəlil göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin dəlilləri təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən onlar düzgün olaraq əsassız sayılmış və rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar