Məhkəmə qərarları › İş №2(005)-199/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-199/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-199/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 27 noyabr 2018-ci il tarixli 500850-439123/1 nömrəli kredit müqaviləsi üzrə 23.602,94 manat əsas borc və 1990,36 manat faiz borcu olmaqla, cəmi 25.593,3 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alnması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 141,8 kv.m-dən ibarət 70 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 141.8 kv.m-dən ibarət 70 nömrəli mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2018 il tarixli 500850-439123/1 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 21 faiz dərəcəsi ilə, 36 ay müddətinə 70.000 (yetmiş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzil 27 noyabr 2018-ci il tarixli 1855/2018 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən ‘‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli 001/007/3209/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi 21 sentyabr 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında işə edə bilməyəcəklər. Cavabdeh xx.xx.2021-ci il tarixdən bu günədək borcundan ödəniş etməmiş və borcun güzəşt olunması ilə bağlı onunla razılıq əldə olunmamışdır. Ona görə də işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ərizə təqdim edərək bildirdi ki, cavabdehə məxsus ipoteka predmeti olan daşınmaz əmlakın qiymətləndirilməsi bir il bundan öncə həyata keçirilmişdir. Məhkəmə prosesinin uzanması və həyata keçirilən qiymətləndirilmənin üzərindən bu qədər müddətin keçməsi artıq həmin rəyin mövcud bazar qiymətlərindən kifayət qədər az olması deməkdir. Belə ki, dünyada baş verən siyasi dəyişikliklər, habelə ölkədə baş verən inflyasiya daşınmaz əmlak bazarında da qiymət artımına səbəb olmuşdur. Bu səbəbdən mövcud vəziyyəti nəzərə alaraq ipoteka predmeti olan daşınmaz əmlakın yenidən qiymətləndirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilməsinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 аrasında 27 noyabr 2018-ci il tarixdə 500850-439123/1 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən sonuncuya şəxsi istehlak məqsədi ilə illik 21 % hesabı ilə 36 ay müddətinə 70.000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin Şirvan filialı tərəfindən Cavabdeh1 29 noyabr 2018-ci il tarixdə 70.000 manat məbləğində nağd pul verilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında 27 noyabr 2018-ci il tarixdə 500850-439123/1 №-li kredit müqaviləsi bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ödəniş cədvəlindən görünür ki, cavabdeh ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri 29 dekabr 2018-ci il tarixdən başlayaraq, hər ay 2637,25 manat (sonuncu ay 2629,98 manat) ödəməklə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Kredit müqaviləsinin şərtlərindən, iddia ərizəsindən və iş materiallarında olan 12 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka olan əsas borcu 23602,94 manat, faiz borcu 1990,36 manat olmaqla, cəmi borcu 25593,3 manat təşkil etmişdir. İddia ərizəsinə və iş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubuna əsasən Cavabdeh1 bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcu barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh edilmiş xəbərdarlığa baxmayaraq borcun ödənilməsi üçün tədbir görməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 741-ci və 742.1-ci maddələrinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 428.4-cü və 743-cü maddələrinə əsasən Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 19 avqust 2022-ci il tarixli 9/1620 №li ekspert rəyinə əsasən Cavabdeh1 12 avqust 2021-ci il tarixə banka olan əsas borcu 23.601,80 manat, faiz borcu 3.132,19 manat, 19 avqust 2022-ci il tarixə əsas borcu 23.601,80 manat, faiz borcu 8.184,95 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, ekspert rəyini iş materiallarında olan digər sübutlarla yanaşı qıymətləndirərək hesab edir ki, hazırkı iş üzrə Cavabdeh1 iddiaçının xeyrinə 23.601,80 manat məbləğində əsas borcun tutulması əsaslı və məqsədəuyğundur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 аrasında bağlanmış 1855/2018 №-li 27 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsindən və işdə olan sənədlərdən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışdan görünür ki, həmin mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsi rəsmi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən tutmanın ipotekaya yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması üçün ərizə verilmiş və bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 28 noyabr 2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 аrasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmetinin likvid dəyəri 200.000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir . İşdə olan məhkəmə tərəfindən qiymətləndirməni aparması həvalə edilmiş “X3 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş YDQ 133 №-li 24 dekabr 2021-ci il tarixli rəydə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzilin bazar dəyəri 249.000 manat, likvid dəyəri 224.000 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş MMC-nin qiymətləndirmə sahəsində xüsusi biliyinin olmasını nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC-nə ödənilməmiş 23.601,80 manat əsas və 1990,36 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzilə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 224.000 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə “mənzil satıldıqda cavabdehlərin mənzildən çıxarılması və həmin mənzilin boşaldılması” tələbinə münasibətdə qeyd edir ki, iddiaçının mənzilin boşaldılması ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Ona görə də həmin hissədə iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzili tərk etməlidirlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, habelə Cavabdeh1 145 manat mühasibatlıq ekspertiza xərci Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirilmə ekspertizasının tədqiqatının dəyəri olan 300 manat “X3 Mərkəzi” MMC-nin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, 23.601,80 manat əsas və 1990,36 manat faiz borcu olmaqla, cəmi 25.592,16 (iyirmi beş min beş yüz doxsan iki manat on altı qəpik) manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti 224.000 (iki yüz iyirmi dörd min) manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 141.8 kv.m olan 70 nömrəli mənzili tərk etsinlər. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh1 tutulsun, VÖEN **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Bank: Paşa Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ82NABZ********************, KOD:505141, S.W.İF.T BİK:PAHAAZ22 “X3 Mərkəzi” MMCnin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar