Məhkəmə qərarları › İş №2(005)-20/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-20/2024

11.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-20/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan və cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 0.6 sot torpaq sahəsinin boşaldılaraq əvvəlki vəiyyətinə gətirilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə 40000 manat mülkiyyətinə vurduqları maddi zərərə görə, 5000 manat məbləğində İddiaçı vurduqları mənəvi zərərin və iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu Conu kəndindəki yaşayış məntəqələri torpaqlarında 0,10 ha torpaq sahəsi xüsusi miilkiyyətindədir. Bu barədə İddiaçı daşmmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixdə çıxarış, torpaq sahəsinin plan və ölçüsü sənədi də verilmişdir. İddiaçı daimi olaraq Bakı şəhərində yaşayır. xx.xx.2019-cu il tarixdə Conu kəndinə getdi və mülkiyyətində olan torpaq sahəsinin yanındakı məktəbin sökülərək yerində yeni məktəb tikildiyinin və eyni zamanda tikintinin onun torpaq sahəsinə daxil olduğunun şahidi oldu. Bu barədə tikintini aparan Cavabdeh3 MMC-nin rəhbərinə yaxınlaşıb iradını bildirdi, o isə İddiaçı icra Hakimiyyətinin göstərişinə uyğun hərəkət etdiklərini bildi. Mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı Cavabdeh2nə dəfələrlə müraciət etmək istəsə də heç bir nəticəsi olmamış, onu inzibati binaya belə buraxmamışlar. Lerik rayonu Conu bələdiyyəsindən isə bələdiyyə tərəfindən məktəb tikintisi üçün əlavə torpaq sahəsi ayrılmadığı bildirilmişdir. Sonradan vəkil sorğularına cavab əsasında məlum olmuşdur ki, Lerik rayonu Conu kəndində mövcud olan məktəbin yerində yeni modul tipli məktəb binasının tikintisi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına aparılmışdır. Vəkil sorğusuna cavabında Cavabdeh2 Prezidentin xx.xx.2017 il tarixli 2607 nömrəli sərəncamına, Conu bələdiyyəsi isə Prezidentin xx.xx.2021-ci il tarixli 3820 nömrəli sərəncamına əsaslanmışdır. Cavabdehlərin məsuliyyətsizliyindən İddiaçı mülkiyyət hüququ pozularaq 0.6 sot torpaq sahəsi zəbt olunmuşdur. Cavabdeh3 MMC iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Lerik rayonu, Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin tikintisi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Cavabdeh3 MMC arasında heç bir müqavilə bağlanmamışdır. MMC-nin bu tikintiyə heç bir aidiyyəti yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini əsassız hesab etdiyini bildirərək rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi X3 məhkəməyə yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi 30 mart 2018-ci ildə 03-22-82-/17 nömrəli məktubla rayon icra hakimiyyətinə müraciət edərək rayon əraziyində məktəblərin, o cümlədən Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına münasibət bildirməyi, məktəbin hüquqi ünvanı göstərilməklə tikinti üçün tarpaq sahəsinin ayrılmasını (ayrıç aktı) məktəb binasının qoşulacağı kommunikasiya xətləri (su, kanalizasiya,elektrik,qaz və rabitə) üçün texniki rəylərin Nazirliyə təqdim olunması xahiş olunmuşdur. Conu kənd ümumi orta məktəbin köhnə tədris binası 1932-ci ildə inşa edilmiş, tikintialtı sahəsi (20 metr x 9 metr) 180 kv.m , məktəbin istifadəsində olan torpaq sahəsi 2,7 sot (270 kv.m ) olmaqla Tülüconu kənd ərazi icra nümayəndəliyinin balansında olmuşdur. Həmin ərazidə köhnə məktəb binasının əlavə torpaq sahəsi olmamışdır. Bununla əlaqədar Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin tikintisinin köhnə məktəb binasının ərazisində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmiş, Tülüconu kənd ərazi icra nümayəndəliyinin 16 iyul 2018-ci il tarixli 75 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Komitəsinin 09 avqust 2018-ci il tarixli **********95 nömrəli məktubu nəzərə alınmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.2-ci bəndinə müvafiq olaraq Cavabdeh2 başçısının 21 avqust 2018- ci il tarixli 170 nömrəli sərəncamı ilə Tülüconu kənd ərazi icra nümayəndəliyinin balansında olan, 1932-ci ildə inşa edilmiş, balans dəyəri 1500 manat olan Conu kənd ümumi orta məktəbinin qəza vəziyyətinə düşmüş binasının sökülməsinə razılıq verilmiş, Cavabdeh2 başçısının Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə köhnə məktəb binasının balansdan silinməsi ilə bağlı tədrirlər həyata keçirilməsi və Conu kənd ümumi orta məktəbinin köhnə binasının sökülməsi ilə əlaqədar zəruri məlumatların Tikililərin Dövlət Reyestrinə təqdim edilməsi tapşırılmışdır. Cavabdeh2 başçısının 21 avqust 2018-ci il tarixli 170 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 başçısının Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən zəruri tədbirlər həyata keçirilmiş, nümayəndənin 31 may 2019-cu il tarixli 09 nömrəli əmri ilə Conu kənd ümumi orta məktəbinin binasının balansdan silinməsi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmış, qüsur aktı, əmlakın (qiymətlilərin) ləğvi aktı tərtib edilmiş və məktəb binası nümayəndəliyin balansından silinmişdir. Əlavə olaraq rayonda inşa olunması nəzərdə tutulan məktəblərlə bağlı torpaqayırma sənədləri, o cümlədən Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması ilə bağlı sənədlər, köhnə məktəb binasının ərazisinin texniki sənədləri və arayışları, ayrıc aktlı və texniki rəylər rayon icra hakimiyyəti tərəfindən 12 noyabr 2018-ci il tarixli 4/412 nömrəli məktubla Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim olunmuşdur. Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması (tikintisi) ilə bağlı podrat müqaviləsi sifarişçi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə podratçı Cavabdeh3 MMC arasında bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən podrat müqaviləsinin tərəfləri qismində sifarişçi və podratçı çıxış etdiyinə görə, podratın nəticəsi (məktəb tikintisi) iiə bağlı üçüncü şəxslərin iddialarına cavabdehlik sifarişçinin və ya podratçnın üzərinə düşür. Rayonun Conu kəndində 56 yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması (tikintisi) ilə bağlı podrat müqaviləsidə sifarişçi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə podratçı Cavabdeh3 MMC olduğuna görə podratın nəticəsi (məktəb tikintisi) ilə bağlı üçüncü şəxsin- İddiaçı iddia tələbi ilə əlaqədar cavabdehlik sifarişçi Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin və podratçı Cavabdeh3 MMC-nin üzərinə düşür. İddiaçı iddia tələbi üzrə Cavabdeh2 cavabdeh qismində çıxış edə bilməz. Cavabdeh2. İddiaçı iddia tələbi ilə bağlı iddiaya cavab verməli olmayan şəxsdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriaylı ******* nömrəli çıxarışdan görünür ki, Lerik rayonu, Codu kəndində yerləşən, reyestr nömrəsi **********73 olan 0,10 ha torpaq sahəsi tam payda İddiaçı xüsusi mülkiyyətində olmasına dair xx.xx.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır. Cavabdeh2 Başçısının Aparatı tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2017-ci il tarixli 2607 nömrəli Sərəncaı ilə Təhsil Nazirliyinə ayrılmış vəsait hesabına Codu kəndində mövcud olan məktəbin yerinə modul tipli yeni məktəb binasının tikintisi həyata keçirilmişdir.Məktəbin tikintisi üçün rayon icra hakimiyyəti, Conu bələdiyyəsi tərəfindən əlavə torpaq sahəsi ayrılmamışdır. Lerik Rayonu Conu Bələdiyyəsi tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 3820 saylı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyindən ayrılmış vəsait hesabına Cavabdeh3 MMC tərəfindən Lerik rayonu Conu kəndində ümumi orta məktəb binası inşa edilmişdir. Məktəb binasının köhnə məktəb binasının yerində inşa olunduğu üçün Conu bələdiyəsi heş bir torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 21 mart 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 3820 saylı Sərəncamı ilə Təhsil Nazirlyinə ayrılmış vəsait hesabına Lerik rayonu Codu kəndində 56 şagird yerlik ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə daxil olmuş mütəxəssis rəyində qeyd olunur ki, araşdırma zamanı məlum oldu ki, İddiaçı dövlət reyestrində qeydiyyata alınmış həmin 0,10 ha torpaq sahəsinin 60 kv.m hissəsi yeni modul tipli məktəbin yerləşdiyi torpaq sahəsi (bunun 33 kv.m hissəsi məktəb binasının tikintisi altına) ilə üst-üstə düşür. Eyni zamanda İddiaçı mülkiyyətində olan həmin 0,10 ha torpaq sahəsinin 62 kv.m hissəsinin qazılması müşahidə olundu və həmin qazılmış hissə isə yeni modul tipli məktəbin yerləşdiyi torpaq sahəsinin hasarının xaricində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi idarəsinin xx.xx.2022-ci il tarixi, **********89 saylı mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və 13 avqust 2016-cı tarixli, **********73 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən İddiaçı mülkiyyətində olan Lerik rayonu, Conu kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin sərhədləri və əsas döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı dövlət reyestrində qeydiyyata alınmış həmin 0,10 ha torpaq sahəsinin 60 kv.m hissəsinin yeni modul tipli məktəbin yerləşdiyi torpaq sahəsi (bunun 33 kv.m hissəsi məktəb binasının tikintisi altına) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda İddiaçı mülkiyyətində olan həmin 0,10 ha torpaq sahəsinin 62 kv.m hissəsinin qazılması müşahidə olundu və həmin qazılmış hissə-hissə yeni modu tipli məktəbin yerləşdiyi torpaq sahəsinin hasarının xaricində yerləşdiyi müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, Lerik rayonu, Conu kəndində istifadəyə verilən modul tipli məktəbin yerləşdiyi torpaq sahəsinin və ya həmin ərazinin yaxınlığında olan torpağın 1 sotunun 2023-cü il üçün bazar qiyməti 500 manat təşkil edir. İddiaçı mülkiyyətində olan Lerik, Conu kəndində 62 kv.m qazılmış torpaq sahəsinə vurulmuş zərərin məbləği və torpağın əvvəlki vəziyyətə qaytarılması üçün çəkiləcək xərc 5400,78 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 3820 saylı Sərəncamı ilə Təhsil Nazirlyinə ayrılmış vəsait hesabına Lerik rayonu Codu kəndində yerləşən köhnə məktəb binasının sökülməsi və yerində 56 şagird yerlik ümumi orta məktəbin quraşdırılmasına başlanılmışdır. Bu zaman həmin tikiliyə qonşu ərazidə İddiaçı məxsus 0,10 ha torpaq sahəsinə də müdaxilə edilmiş və tikilinin bir hissəsinin bu torpaq sahəsinin üzərində inşa edilməyə başlanılmışdır. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinin qalan hissələrində də qazantı işləri aparılmış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********89 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı dövlət reyestrində qeydiyyata alınmış həmin 0,10 ha torpaq sahəsinin 60 kv.m hissəsinin yeni modul tipli məktəbin yerləşdiyi torpaq sahəsi (bunun 33 kv.m hissəsi məktəb binasının tikintisi altına) ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda İddiaçı mülkiyyətində olan həmin 0,10 ha torpaq sahəsinin 62 kv.m hissəsinin qazılması müşahidə olundu və həmin qazılmış hissə-hissə yeni modu tipli məktəbin yerləşdiyi torpaq sahəsinin hasarının xaricində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin iddiaçının bununla bağlı müvafiq dövlət orqanlarına müraciət etməsinə baxmayaraq hüquqa müdaxilə davam etmiş və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Beləliklə iş materialları ilə İddiaçı maddi zərər dəyməsi, zərərin qanunsuz hərəkət və sonradan iddiaçının tələbi qarşılığında hərəkətsizlik göstərilməsi nəticəsində vurulması və onların bu maddi ziyanın vurulmasında təqsirli olması sübuta yetirildiyindən sözügedən dəymiş zərər İddiaçı ödənilməlidir. Məhkəmə zərəri ödəməli olan cavabdehlə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Cavabdeh2nə ünvanlanmış xx.xx.2018-cı il tarixli məktubdan müəyyən olunur ki, Nazirlik məktəbin hüquqi ünvanı göstərilməklə tikinti üçün torpaq sahəsinin ayrılmasına (ayrıc aktı) və məktəb binasının qoşulacağı kommunikasiya xətləri üçün texniki rəylərin qısa zaman müddətində Təhsil Nazirliyinə təqdim edilməsi xahiş olunmuşdur. Həmçinin Lerik İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfatı hesablı əsaslı Tikinti və Təchizat İdarəsinə ünvanlanmış məktubda qeyd olunur ki, yeni inşa olunacaq modul tipli məktəblərin həmin ərazidə quraşdırılması məqsədəmüvafiqdir. Göründüyü kimi məktəbin inşa ediləcəyi yerin seçilməsi Cavabdeh2 vəzifəsi olmuşdur. Təhsil Nazirliyinin məktəbin inşa ediləcəyi yerə dair hər hansı əlavə yoxlamalar aparması kimi vəzifəsi mövcud olması iş materialları isə müəyyən edilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi hər hansı qanunsuz hərəkətə yol verməmişdir və vurulmuş maddi zərərə görə məsuliyyət daşımır. Eyni zamanda digər Cavabdeh3 MMC-nin plandan kənara çıxmaqla tikinti işləri aparması, yəni ona verilmiş səlahiyyətlərdən kənara çıxması iş materialları ilə sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərəri vuran məktəbin tikildiyi yer üzrə ayrıc aktını hazırlayaraq vermək vəzifəsini daşıyan Cavabdeh2 olduğundan vurulmuş zərərin əvəzi də həmin cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə Cavabdeh2 tərəfindən iddiaya edilən etirazla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Cavabdeh3 MMC arasında hər hansı müqavilənin mövcud olması iş materialları ilə sübut olunmamış, eyni zamanda Cavabdeh3 MMC tərəfindən tikinti işlərinin aparılması, bu zaman tikinti üçün ayrılmış torpaq sahəsindən kənara çıxılması müəyyən edilməmişdir. Cavabdeh2 tərəfindən verilən etirazda da köhnə məktəbin sökülməsinin və yerində yeni məktəbin inşanın tövsiyə edilməsinin Cavabdeh2 tərəfindən edildiyi, həmçinin İcra Hakimiyyəti tərəfindən yeni məktəbin tikintisi üçün ayrız aktının hazırlanaraq təqdim edildiyi təsdiq olunur. Belə olan halda ayrıc aktını hazırlayaran Cavabdeh2 bu akta əsasən tikinti işlərinin aparılması zamanı iddiaçının mülkiyyətinə müdaxilə edilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən vurulmuş maddi zərərin məbləğinin müəyyən olunması üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyindən Lerik rayonu, Conu kəndində istifadəyə verilən modul tipli məktəbin yerləşdiyi torpaq sahəsinin və ya həmin ərazinin yaxınlığında olan torpağın 1 sotunun 2023-cü il üçün bazar qiyməti 500 manat təşkil etdiyi, İddiaçı mülkiyyətində olan Lerik, Conu kəndində 62 kv.m qazılmış torpaq sahəsinə vurulmuş zərərin məbləği və torpağın əvvəlki vəziyyətə qaytarılması üçün çəkiləcək xərcin 5400,78 manat təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya məktəb binasının planı ilə üst-üstə düşən 60 kvadrat metr torpaq sahəsinə görə 300 manat, 62 kv.m qazılmış torpaq sahəsinə görə 5400,78 manat məbləğində zərər vurulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə vurulmuş maddi zərərə görə Cavabdeh2ndən İddiaçı xeyrinə 5700,78 manat pulun tutulmasını qanuni və əsaslı hesab edir. Digər tərəfdən, məhkəmə iddiaçının «zəbt olunmuş 0.6 sot torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi» tələbi ilə bağlı qeyd edir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçıya dəymiş zərər və məktəb binasının planı ilə üst-üstə düşən 60 kvadrat metr torpaq sahəsinin dəyərinin tutulması qət olunduğundan hazırkı tələb təmin oluna bilməz. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, həmin ərazidə artıq tikintisi başa çatmış məktəb inşa edilmişdir. Halbuki, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Mülki Məcəllə 560-cı maddə) Məhkəmə mənəvi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1.İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2.Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3.zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh2ndən İddiaçı xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Eyni zamanda Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh2ndən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2ndən vurulmuş maddi zərərə görə 5700,78 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Eyni zamanda Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat pul Cavabdeh2ndən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar