Məhkəmə qərarları › İş №2(105)-587/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-587/2025

23.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-587/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Rizvan oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 15/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) İddiaçı Cavabdeh Rizvan oğluna qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddia tələbinin təmin olunmaması, iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul İddiaçı alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Rizvan oğlunun ona məxsus Xaçmaz rayonu, Müzəffər-oba kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzi olan 10.000 manat pulun və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat kontorunun xx.xx.2005-ci il tarixli, 4Ə/6-1086 saylı müqaviləsi ilə satılmış, Xaçmaz rayon Müzəffəroba kəndinin ərazisində yerləşən 0.14 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərivə verilmişdir. Bu barədə J№ 0455, KOD 30219078 olmaqla xx.xx.2005-ci il tarixdə torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Uzun müddət bundan qabaq Cavabdeh Rizvan oğlu torpaq sahəsini özbaşına zəbt edərək istifadə etməyə başlamış, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxarışını tələb etsə də cavabdeh torpaq sahəsini boşaltmamış və istifadə etməkdə davam edir. Özləri torpaq sahəsindən istifadə etməyi istəyirlər, lakin cavabdeh torpaq sahəsindən çıxmır və qeyriqanuni olaraq torpaq sahəsindən onların iradəsinə zidd olaraq istifadə edir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasnı tələb etsələr də cavabdeh buna əhəmiyyət verməmiş və bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bir mülkiyyətçi kimi torpaq sahəsindən istifadə edilməsindən məhrum edilmişlər və cavabdeh uzun müddət ərzində torpaq sahəsindən istifadə etməklə gəlir əldə edir. Həmçinin cavabdeh uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək meyvə ağaclarından gəlir əldə edir, onun isə torpaq sahəsindən istifadə etməsinə ciddi maneçilik törədir və nəticədə o maddi zərərə məruz qalmışdır. Cavabdeh tərəfindən ona 10000 manat məbləğində maddi ziyan vurulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qətnaməsi tamamilə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmış və aşağıda göstərilən səbəblərdən ləğv edilməlidir . Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə/6-1086 saylı müqaviləsi ilə satılmış, Xaçmaz rayonu Müzəffəroba kəndinin ərazisində yerləşən 0.14 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə ayrılmışdır. Bu barədə J№ 0455, KOD 30219078 olmaqla xx.xx.2005-ci il tarixdə Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd olunmalıdır ki, uzun müddət bundan qabaq cavabdeh Mürşüdov Xıdır Rizvan oğlu torpaq sahəsini özbaşına zəbt edərək istifadə etməyə başlamış o, dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh torpaq sahəsini boşaltmamış və istifadə etməkdə davam edir. özü torpaq sahəsindən istifadə etməyi istəyir, lakin cavabdeh torpaq sahəsindən çıxmır və qeyri-qanuni olaraq torpaq sahəsindən onun iradəsinə zidd olaraq istifadə edir. Dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını tələb etsə də cavabdeh buna əhəmiyyət verməmiş və bir mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bir mülkiyyətçi kimi torpaq sahəsindən istifadə edilməsindən məhrum edilmiş və cavabdeh uzun müddət ərzində torpaq sahəsindən istifadə etməklə gəlir əldə edir. O torpaq sahəsinə girib otu biçəndə cavabdeh yaba ilə üzərinə gələrək onu hədələmişdir. O, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı reyestr idarəsinə müraciət etmiş, lakin bildirilmişdir ki, torpaq sahəsi digər şəxs tərəfindən zəbt olunduğu üçün məhkəməyə müraciət etməlidir. Qeyd olunmalıdır ki, şahid qismində izahat vermiş Şahid ifadəsində torpaq sahəsində cavabdehin ona hücum etməsi, hədələməsi barədə səs yazılarının və video görüntülərin olmasını göstərmişdir, lakin onun ifadəsində bu öz əksini tapmamış və məhkəmə tərəfindən həmin halın araşdırılmasına əhəmiyyət verilməmişdir. Torpaq sahəsinin sənəddə yerləşmə sxemində göstərilən cizgisi ilə mübahisəli torpaq sahəsinin cizgisi arasında konfiqurasiya fərqi olub-olmaması, onun iddia etdiyi torpaq sahəsinin sərhədləri müəyyən edilməmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı və ərazinin planından çıxarışda iddiaçının iddia etdiyi və cavabdehin sənədinə uyğun və faktiki istifadəsində olan 0.20 ha torpaq sahəsi qeyd edilsə də torpaq sahələrinin sxematik xəritədə üst-üstə düşməsi və ya ayrı-ayrı ərazilərdə yerləşməsi halları, konkret olaraq iddia edilən və cavabdehə məxsus 0.20 ha torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmaması halları aydınlaşdırılmamışdır. Konkret olaraq onun iddia etdiyi torpaq sahəsinin cavabdehə aid torpaq sahəsi olubolmaması nə ekspert rəyində, nə də qətnamədə öz əksini tapmamışdır. Heç bir obyektiv araşdırma aparmadan, yalnız kifayət qədər tam olmayan mütəxəssis rəyi və ekspert rəyi ilə kifayətlənməklə ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə düzgün olmayaraq cavabdehin ona məxsus torpaq sahəsindən istifadə etməməsi qənaətinə gəlməklə düzgün olmayan mövqe nümayiş etdirmiş, mübahisəli torpaq sahəsinin kimə məxsus olmasını aydınlaşdırmamış, onun pozulmuş mülkiyyət hüquqlarının bərpasına nail olmamış və qanunvericilik normalarını düzgün tətbiq etməmişdir, səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. İddia tələbini təmin etməməklə nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş, qətnamə qanuni və əsaslı deyildir. Məhkəmə tərəfindən torpaq sahəsinin ona tam qanuni əsaslarla ayrılması, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi, mübahisəli torpaq sahəsinə dair cavabdehdə hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması, torpaq sahəsinin faktiki olaraq zəbt edilməsi, torpaq sahəsindən qanunsuz istifadə edilməsi halları obyektiv araşdırılmamışdır. Bu amillər nəzərə alınmalı olduğu və iş üçün mühüm əhəmiyyət kəsb etsə də məhkəmə tərəfindən qiymət verilməmişdir. Məhkəmə araşdırma zamanı torpaq mübahisələrinə dair işlərə baxarkən, cavabdehin torpağın zəbt edib-etməməsini müəyyən edilməsinin yalnız texniki vasitələrin köməyi ilə aşkar edilməsi mümkünlüyü göstərilsə də buna riayət etməmiş , zəbt edilmiş torpaq sahəsinin konturları ilə kimə məxsusluğu, cavabdehə və ya iddiaçıya aid olubolmaması hallarını müəyyən etməmiş, torpaq sahəsinə yerli baxış keçirməyin işin araşdırılmasında əhəmiyyət kəsb etməsinə baxmayaraq keçirməmişdir. Mütəxəssis rəyi və ekspert rəyinin eynilik təşkil etməsi, rəylərin yalnız Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə X4 və ailə üzvlərinə JN-295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət olması, 0.60 ha torpaq sahəsinin verilməsindən, JN-295C planşetində olan 0.498 ha hissəsinin satılmasından, mübahisə predmeti olan JN-295 planşetinde 0.10 ha torpaq sahəsi kimi öz əksini tapması, torpağa mülkiyyət hüququna dair JN-0455 30219078 kodlu dövlət aktına əsasən mülkiyyətdə olan 0.14 ha torpaq sahəsinin cavabdeh Mürşüdov Xıdır Rizvan oğlu tərəfindən istifadə olunmaması əksini tapmış və hansı əsasla cavabdehin torpaq sahəsindən istifadə etməməsinin müəyyən edilməsi məlum deyil və məhkəmə tərəfindən də bu nüans qətiyyən araşdırılmamış və sübut kimi qiymətləndirmişdir. Mütəxəssis rəyinin və ekspert rəyinin işin obyektiv araşdırılmasında heç bir əhəmiyyət kəsb etmədiyi nəzərə alınmamışdır. Belə ki, ekspert rəyində mütəxəssis rəyindən birbaşa istifadə edilməsi göstərilmişdir və qərardadın birinci sualı üzrə, yəni sərhədlərin müəyyən edilməsi hissəsi üzrə oa məxsus torpaq sahəsinin sərhədləri müəyyən edilməmişdir, dövlət aktı sadalanmış, ikinci və üçüncü suallar üzrə torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilmədiyi öz əksini tapmış, ekspert torpaq sahəsinə baxış keçirməmiş və qərardadda qoyulmuş suallara konkret olaraq cavablar verilməmişdir. Torpaq sahəsinin zəbt edilməsi, qanunsuz istifadəsi halı iş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq sübut edilməmişdir. Məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, göstərilən nəticə işin hallarına uyğun deyil və səhv nəticəyə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini torpaq mübahisələrinə dair işlərə baxarkən, cavabdehin torpağın zəbt edib-etməməsini müəyyən etmək yalnız texniki vasitələrin köməyi ilə aşkar etmək mümkün olduğunu, hazırki iş üzrə isə, iki dəfə ekspertiza keçirilməsi və hər iki rəydə cavabdehin iddiaçının torpağından istifadə etmədiyinin müəyyən edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Baxılan iş üzrə iddia zəbt edilmiş torpaq sahəsindən çıxarılma, maddi və mənəvi ziyan tələbi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 157.2. maddələri nəzərdən keçirilə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehlərin sahibliyində olduğunu sübut etməli və yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalı, üçüncüsü isə cavabdehlərin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Nəzərə alınmalıdır ki, qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asıl olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu iddia mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu, həmin əmlakın cavabdehin sahibliyində olduğunu və sonuncunun əşyaya sahiblik hüququ qanunsuz olduğunu sübut etməlidir. Məhkəmə kollegiyası tərəfindən ədalətli məhkəmə araşdırma hüququnun təmin edilməsi məqsədilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2025-ci il tarixli 3-16-16/2-10/5715/2025 nömrəli ekspert rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-10203/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən torpaq sahəsi ilə bağlı JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin plan (cizgisi) sənədində göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yeni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlmir. Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə JN- 295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət olmaqla 0.60 ha torpaq sahəsi ayrılmışdır. JN-295C planşetində olan 0.498 ha hissəsi satılıb, mübahisə predmeti olan JN-295 planşetində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Lakin Xaçmaz rayon 1 saylı Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 40/6-1085 saylı müqavilə əsasında DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-0455 nömrəli torpaqa mülkiyyət hüququna dair dövlət aktında JN- 0455 planşetində 0.10 ha torpaq sahəsi yerdə qalan hissə kimi verilməli halda, 0.14 ha torpaq sahəsi kimi göstərilmişdir və həmin JN-455 nömrəli dövlət aktında olan torpaq sahəsinin plan/cizgisində olan çizgiləri və koordinatları islahat komissiyası elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində İddiaçı və ailə üzvlərinə məxsus JN-295 nömrəli dövlət aktı iddia etdiyi torpaq sahəsindən 37 metrə cənub istiqamətində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Qeyd olunan rəyə sxem əlavə olunmuş, Cavabdeh Rizvan oğluna məxsus JN-0490 kod 30219078 nömrəli dövlət aktına əsasən xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli torpaq sahəsinin plan (cizgisi) sənədində göstərilən torpaq sahəsinin cizgiləri, həmin torpaq sahəsinin naturada mövcud olan (yeni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlir və torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində Cavabdeh Rizvan oğlunun və ailə üzvlərinə məxsus 0.20 ha torpaq sahəsi öz əksini tapmışdır. Hal-hazırda faktiki naturada istifadə vəziyyətinə uyğun olduğu müəyyən edilmişdir. JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin qonşu sərhədlərində yerləşən torpaq sahələrinin koordinatlarının JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin qonşu sərhədlərində yerləşən torpaq sahələrinin koordinatlarının JN-0455 kod 30219078 nömrəli dövlət aktında göstərilən torpaq istifadəçilərinin cizgiləri ilə uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı məxsus Xaçmaz rayonu, Müzəffəroba kəndində yerləşən torpaq sahəsi ilə bağlı JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən torpaq sahəsinin plan (cizgisi) sənədində göstərilən koordinatları, həmin torpaq sahəsinin naturada mövcud olan (yeni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlmir. Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə JN-295, KOD 30219078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı iki planşetdən ibarət olmaqla 0.60 ha torpaq sahəsi ayrılmış, JN-295C planşetində olan 0.498 ha hissəsi satılmış, mübahisə predmeti olan JN-295 planşetində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapsa da, 1 saylı dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 40/6-1085 saylı müqavilə əsasında DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixli JN-0455 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında JN-0455 planşetində 0.10 ha torpaq sahəsi yerdə qalan hissə kimi verilməli halda, 0.14 ha torpaq sahəsi kimi göstərilmiş və həmin JN-455 nömrəli dövlət aktında olan torpaq sahəsinin plan/cizgisində olan çizgiləri və koordinatları islahat komissiyası elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində iddiaçı və ailə üzvlərinə məxsus JN-295 nömrəli dövlət aktı iddia etdiyi torpaq sahəsindən 37 metrə cənub istiqamətində 0.10 ha torpaq sahəsi kimi öz əksini tapmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh Rizvan oğluna məxsus JN-0490 kod 30219078 nömrəli dövlət aktına əsasən xx.xx.2019-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********09 reyestr nömrəli torpaq sahəsinin plan (cizgisi) sənədində göstərilən torpaq sahəsinin cizgiləri, həmin torpaq sahəsinin naturada mövcud olan (yeni faktiki istifadəsində olan) koordinatları ilə uyğun gəlir. JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin qonşu sərhədlərində yerləşən torpaq sahələrinin koordinatlarının JN-0455 kod 30219078 nömrəli dövlət aktına əsasən iddiaçıya məxsus torpaq sahəsinin qonşu sərhədlərində yerləşən torpaq sahələrinin koordinatlarının JN- 0455 kod 30219078 nömrəli dövlət aktında göstərilən torpaq istifadəçilərinin cizgiləri ilə uyğundur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçının göstərdiyi hallar öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar