Məhkəmə qərarları › İş №2(005)-2024/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2024/2023

25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2024/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X5 Mehdi qızının katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 onun həyat yoldaşı idi. O, 1965-ci ildə Salyan şəhərində doğulmuşdur. xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Saleh Cəfərovun vəziyyəti ağırlaşdı və X6 stansiya həkimlərinin göstərdiyi səylərə baxmayaraq vəfat etdi. Onlar həyat yoldaşını həmin gün Salyan şəhər qəbirstanlığında dəfn etdilər. Bundan sonra, o ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsindən ona bildirildi ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Ona məhkəmə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Salyan rayonu Salyan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ondan ötrü ki, həqiqətən də, mərhum həyat yoldaşı X2 xx.xx.2023-cü ildə Salyan rayon qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxs 4 nömrəli şəhər Poliklinikasının 11 aprel 2023-cü il tarixli məktubundan görünür ki, sizin xx.xx.2023cü il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, ünvan 1 ünvanında qeydiyyatda olub, xx.xx.2023-cü il tarixdə vəfat edən, xx.xx.1965-ci il təvəllüdlü vətəndaş X2 hər hansı xəstəliklə əlaqədar 4 nömrəli şəhər Poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından tərəfimizdən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:45-də X2 adına olan çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və həmin tarixdə Salyan rayon qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar