Məhkəmə qərarları › İş №2(005)-2111/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2111/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2111/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il tarixdə anadan olmuş qardaşı X8 xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində 60 yaşında vəfat etmişdir. Həmin tarixdə X16 Stansiyasının BŞT və TTYS 6 saylı bölməsinə müraciət etmişlər. X16 briqadasının həkimi həmin tarixdə saat 00:50 radələrində xəstəyə baxmış və ölümün ilkin səbəbin ürəyin işemik xəstəliyi, 150.1 kəskinləşmədən çatışmazlıq, ağ ciyər ödəmi olduğunu bildirmiş, xəstə həkim yanında ölmüşdür. Ölüm faktının tibb müəssisəsində müvafiq sənədlə təsdiq edilməsi üçün Bakı şəhəri, Nərimanov rayonu 8 saylı poliklinikaya müraciət etdikdə vəfat edən şəxsin həmin poliklinikada qeydiyyatda olmadığından onlara müvafiq arayış verilməsindən imtina edilmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X5 bildirmişdir ki, o, ərizəçinin bacısı, vəfat edən şəxs isə onun qardaşıdır. X3 evli deyildi və bir müddətdir Ərizəçi yanında yaşayırdı. O, ifadəsində qeyd edir ki, X8 onların ailəsində irsi xəstəlik olan ürək çatışmazlığından vəfat etmişdir. Məhkəmə iclasında ifadə verən şahid X7 ifadəsində ki, o, ərizəçinin keçmiş həyat yoldaşıdır. Onlar boşansalar da, bir müddətdir faktiki nikah münasibətində olublar, lakin mərhumun ölümünə yaxın ayrı yaşayıblar. X1 Zakir Tapdıq oğlunun bacısından onun ölüm xəbərini eşitdiyini qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - Nərimanov rayonu Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 034096 nömrəli arayışdan müəyyən olunur ki, X8 ünvan 1 ünvanında qeydiyyatdadır. Füzuli məcburi köçkün kimi 1993-cü ildən məskunlaşıb. - Nərimanov rayonu Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 036706 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Füzuli məcburi köçkün kimi məskunlaşıb. - Füzuli RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Füzuli şəhərində anadan olub. - Füzuli RPŞ tərəfindən xx.xx.2013-cü il tarixdə verilən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Füzuli şəhərində anadan olub. - Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2006-cı il tarixdə verdiyi 147861 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi daimi yaşayış yeri olan Füzuli rayonunu 1993-cü ildə tərk etmiş, Bakı şəhəri, Nərimanov rayonunda məskunlaşmışdır. - AR Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2-193/2023 nömrəli 18 aprel 2023-cü il tarixli arayışından məlum olur ki, Ərizəçi və X2 şəhərində daimi qeydiyyatdadırlar və məcburi köçkün kimi ünvan 4 ünvanında məskunlaşıblar. X2 şəhər Fialetov küç., ev 2-də daimi qeydiyyatda olub və xx.xx.2023-cü ildə vəfat edib. Mərhum vəfat edənədək bacısı Ərizəçi evində yaşayıb, Füzuli rayon Araz Dilağarda kənd qəbirstanlığında dəfn olunub. - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında Xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 00:10-da X4 adına çağırış olmuş, ölümün ilkin səbəbin ürəyin işemik xəstəliyi, 150.1 kəskinləşmədən çatışmazlıq, ağ ciyər ödəmi aşkar edilmiş və xəstə həkim yanında ölmüşdür. - 7 saylı Bakı “Asan xidmət” X10 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” X17 4 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 67 nömrəli məktubdan müəyyən olunur ki, ünvan 7 ünvanında yaşayıb xx.xx.1962-ci il təvəllüdlü vətəndaş X8 hər hansı xəstəliklə əlaqədar 4 nömrəli şəhər poliklinikasına müraciət etmədiyindən və tibbi qeydiyyatda olmadığından poliklinika tərəfindən onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1962-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə rəhmətə gedib. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar