Məhkəmə qərarları › İş №2(005)-2142/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2142/2022

31.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2142/2022 31.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx.xx.2021-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 onun anası idi. O, XX.XX.1931-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Anasının 90 (doxsan) yaşı vardır. Ahıl yaşlarında hər iki ayaqlarının ağrılarından əziyyət çəkirdi. O, uzun illər müalicə olunmasına baxmayaraq sərbəst hərəkət edə bilməmişdir. Son bir neçə il demək olar ki, yataq xəstəsi idi. xx.xx.2021-ci il tarixdə vəziyyəti ağırlaşmış, təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım briqadası gələnədək artıq anası vəfat etmişdir. xx.xx.2021-ci il tarixində mərhum anası Sumqayıt şəhər qəbristanlığında qohum-əqrəbanın iştirakı ilə dəfn olunmuşdur. Ərizəçi xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Qeydiyyat şöbəsinə ölüm haqqında şəhadətnamənin alınması üçün müraciət etmiş, ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X7 onun nənəsi idi, nənəsi xəstə idi. Təcili yardım çağırılmışdır, lakin gələnə qədər vəfat etmişdir. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi dayısıoğludur. Mərhumun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə, Ərizəçi izahatını, şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2011-ci il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1958-ci il tarixdə Azərbaycan, ünvan 2 ünvanında qeydiyyatdadır; xx.xx.2003-cü il tarixdə Nərimanov RPİ tərəfindən verilmiş AZE seriyalı 01254438 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən X8 XX.XX.1931-ci il tarixdə Azərbaycan, Qaradağlı kəndində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatdadır; X6 Stansiyası ölüm haqqında arayışına əsasən xx.xx.2021-ci il tarixdə X8 vəfat etmişdir. Azərbaycan Respublikası Suraxanı rayonu Əmircan Bələdiyyəsinin arayışına əsasən X9 xx.xx.2022-ci il tarixdə Əmircan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q- 322/15 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq 106 saylı ölüm barədə həkim arayışı olmadığından ölüm haqqında qeydiyyatın aparılmasından imtina edilmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; 518615 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1958-ci il tarixdə anadan olmuşdur, anası – X5r; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, XX.XX.1931-ci il tarixdə anadan olmuş X8 Ərizəçi anasıdır. Ərizəçi Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 117, mənzil 97 ünvanında qeydiyyatdadır. X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etmişdir. Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, XX.XX.1931-ci il tarixdə anadan olmuş X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən ərizə təmin edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən Ərizəçi aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1931-ci il tarixdə anadan olmuş X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar