Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2154/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 xx.xx.1961-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X6 ərizəçinin qardaşıdır. O, xx.xx.1960-cı ildə doğulmuş, Bakı şəhərində Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına daxil olmuş, xx.xx.1961-ci ildə ölmüşdür. Bundan sonra, ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirmişlər ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz.” Ərizəçi bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar 4 nəfər bacı-qardaş olmuşlar, lakin hazırda 1 bacı və 1 qardaş sağdır. Belə ki, xx.xx.2024-cü il tarixdə rəhmətə gedən bacısından qalan miras əmlaka münasibətdə vərəsəliklə bağlı müraciət edərkən mərhum qardaşı olan Fuadın ölüm haqqında şəhadətnaməsinin rəsmiləşdirilmədiyini aşkar etdilər. Halbuki, mərhum qardaşı Fuad 1961-ci ildə ölmüşdür, hazırda da ölüm haqqında şəhadətnamə yuxarıda qeyd etdiklərinə görə lazımdır. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası Cabarova İrinadır. İş materiallarında olan xx.xx.1960-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası Cabarova İrinadır. İş materiallarında olan Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanası tərəfindən verilən 31 yanvar 2006-cı il tarixli arayışdan görünür ki, Lermantov küçəsi, 3, mən.3-də yaşayan xx.xx.1960-cı il təvəllüdlü X5 həqiqətən xx.xx.1961-ci ildə prof. Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına daxil olmuş, xx.xx.1961-ci ildə isə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “X11” X14 tərəfindən Ərizəçi ünvanlanan 01 aprel 2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 saylı əmri əsasında təsdiqlənən 1 nömrəli əlavəsində stasionarda istifadə olunan tibbi qeydiyyat sənədlərindən xəstəlik tarixinin 25 il, ölüm haqqında tibbi şəhadətnamənin 1 il, ölüm hadisələrinin qeydiyyat jurnalının saxlanma müddəti 3 ildir. Bu səbəbdən Kliniki Tibbi X1 xx.xx.1961-ci il tarixdə X7 (Ə.F. Qarayev adına 2 saylı KUX) vəfatı barədə heç bir məlumat təqdim edə bilmir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Bələdiyyəsi tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanan 375 №-li, 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, X6 (xx.xx.1960 – xx.xx.1961) Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsində yerləşən Dağüstü 1 qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, bildirilmişdir ki, “X3 ölüm haqqında şəhadətnamənin alınması barədə xx.xx.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki , Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə “ olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Xahiş edirik bu məsələ ilə bağlı məhkəməyə müraciət edəsiniz.” Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.1961-ci il tarixində vəfat etmişdir. Ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 xx.xx.1961-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1961-ci il tarixində Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2154/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2154/2024
04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver