Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2216/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 8615 manat müqavilə üzrə ödənilmiş məbləğin və 1292 manat zərərin, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 9937 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. İddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızı iddia ərizəsini belə əsaslandırmışdır ki, “Binəqədi New Service” şirkəti (fərdi sahibkar Cavabdeh2) ilə Cavadova (Nəbiyeva) Elmira Vilayət qızı arasında bağlanmış 08.12.2017-ci il tarixli №-11/29 nömrəli mənzil tikinti müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 1 otaqlı, sahəsi 31.2 kv.m olan 10 saylı mənzil iddiaçıya satılmışdır. Müqavilənin şərtlərinə əsasən mənzilin ümumi dəyəri 21216 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin ümumi dəyərinin 30% miqdarında, yəni 6365 manat ilkin ödəniş edilmiş, yerdə qalan 14851 manat pulun 60 ay ərzində hissə-hissə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 09.01.2018-ci il tarixdən başlayaraq hər ay 250 manat olmaqla 9 ay ərzində 2250 manat, ümumilikdə 8615 manat pul ödənilmişdir. Sonradan məlum olmuşdur ki, tikintinin aparıldığı torpağın mülkiyyətçisi Cavabdeh4 Nair oğlu ilə tikinti aparan fərdi sahibkar Cavabdeh2 və tikintiyə rəhbərlik edən Cavabdeh1 arasında mübahisə vardır. Mənzilin dəyərinin kimə ödənilməsi ilə bağlı mübahisə yarandığından iddiaçı tərəfindən ödənişlər dayandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh2, xxxx KB ASC və Cavabdeh4 arasında bağlanmış 08.08.2017-ci il tarixli üçtərəfli müqavilədən görünür ki, həmin ərazidə tikiləcək mənzillərin satışından 60% investor Cavabdeh2 ödənilməsi, qalan 40% Cavabdeh4 xxxx KB ASCnin qarşısında 07UM/13 saylı 27.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh4 bank hesabına köçürülməsi ilə bağlı şərtlər razılaşdırılmışdır. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 25.12.2017-ci il tarixli 2(105)-1949/2017 saylı qətnaməsi ilə ddiaçı xxxx KB ASC-nin cavabdehlər Cavabdeh4, X8, X9 və X3 qarşı “kredit borcunun ödənilməsi və tutmanın ipoteka premetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, tələb Cavabdeh4 mülkiyyətində olan Bakı ş. Binəqədi qəsəbəsi Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bundan başqa, Binəqədi rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli 1(001)-10/2020 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddələri, Cavabdeh4 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi, Cavabdeh3 Azərbaycan Respublikasının 32.4, 313-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Fərdi yaşayış binasının və mənzillərin tikintisi başa çatdırılsa da, mənzil iddiaçıya təqdim edilməmişdir. Mənzilin təhvil verilməsi və ya ödənilmiş’pulun geri qaytarılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq hər hansı bir nəticəsi olmamışdır. Mənzilin təhvil verilməsi ilə bağlı iddia Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Araşırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11.11.2020-ci ii tarixli məktubuna əsasən mübahisəli mənzil X1, mənzil onun adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Hesab edirik ki, mənzil Cavabdeh4 və Cavabdeh3 tərəfindən satılmışdır. İddiaçının ödədiyi məbləğ hesabına tikilən mənzilin satışından gəlir əldə etmişlər. Bu səbəbdən mənzilin tikintisi üçün ödənilmiş məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iclasında İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunması bərədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi X11 izahatında Cavabdeh1 münasibətdə iddia tələbini qəbul etdiyini, Cavabdeh2 münasibətdə isə iddianın əsassız olduğunu bildirdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmənin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 08 dekabr 2017-ci il tarixli 11/29 №-li Mənzil Tikinti haqqında müqavilədən görünür ki, “xxxx” Mənzil Tikinti Şirkəti Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində döngə 1, dalan 5 ünvanda yerləşən 1 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 1 otaqlı, sahəsi 31,2 kv.m olan 10 saylı mənzili payçı X6 təhvil verməyi, payçı X10 isə 21216 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-10-2020 saylı, 04.02.2020-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının CM-nin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi və 02 (iki) ilədək dövlət hakimiyyəti, yerli özünü iadrəetmə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının CM-nir 313-cü maddəsi ilə təqsirli bilinməsi və 01 (bir) ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Cavabdeh1 Azərbaycan Respublikasının CM-nir 308.2 və 313-cü maddələrin ilə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaq yolu ilə onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər yə ye maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) -il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh1 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh1 cəzasının əvvəlinin 28 yanvar 2020-ci il tarixdən hesablanması və təqsirləndirilən şəxs Cavabdeh1 barəsində seçilmiş “həbs" qətimkar tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Eyni zamanda, müvafiq hökmlə ittihama əsasən, Cavabdeh1 X4 (iddiaçının atası, mənzil üzrə ilk müqavilə tərəfi) sahəsi 31.2 kv.m olan 21.216 manat dəyərində olan 10 nömrəli mənzilin satılması ilə bağlı şəxsən 8.365 manat pul alması faktı tədqisini tapmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-275-2021 saylı, 25.01.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC”) qarşı “alqı-satqı müqaviləsi üzrə mənzilin onun sahibliyin verilməsi və təmir işlərinə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 8615 manat müqavilə üzrə ödənilmiş məbləğ iddia ərizəsi ilə tələb olunsa da qanuni qüvvəsini almış məhkəmə hökmünə əsasən iddiaçıya (zərərçəkənə) Cavabdeh1 tərəfindən 8.365 manat ziyan vurulması öz təsdiqini tapmışdır. Qeyd olunan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutulması hissəsi ilə məhkəmə razılaşmır. Belə ki, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə yalnız Cavabdeh1 verilmiş ittihamda zərərçəkənə 8.365 manat məbləğində zərər vurması təsdiqini tapdığından digər cavabdehlərdən həmin məbləg tutula bilməz. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya 8365 (səkkiz min üç yüz altmış beş) manat borcunun olması sübut olunur. Buna görə də məhkəmə araşdırması zamanı və qanuni qüvvəsini almış məhkəmə hökm ilə müəyyən olunmuş 8.365 (səkkiz min üç yüz altmış beş) manat məbləğində pul vəsaitini cavabdeh Cavabdeh1 oğlu iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızının 1.292 manat məbləğində zərərin ödənilməsi hissəsində iddianı əsassız hesab edir. Belə ki, iddia edilən zərərlə bağlı məhkəməyə iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmiş, sübutetmə vəzifəsi iddiaçı tərəfindən yerinə yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 müqavilə üzrə ödənilmiş 8.365 (səkkiz min üç yüz altmış beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulub iddiaçı Cavadova (Nəbiyeva) Elmira Vilayət qızına ödənilsin. İddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2216/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2216/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver