Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2254/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun bacısı olub. O, 1976-cı ildə Cəbrayıl rayonu, Daş Veysəlli kəndində doğulmuşdur. xx.xx.2023-cü ildə X1 qəflətən vəziyyəti ağırlaşmış və qızı təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım ilə Bakı şəhər KTM xəstəxanasına çatdırılmış, həkimlərin səyinə baxmayaraq xx.xx.2023-cü il 23:00-da vəfat etmişdir. Qardaşı Ərizəçi mərhumu Beyləqan rayonu Sarı peyğəmbər qəbiristanlığında dəfn etmişdir. Bundan sonra, o, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Ona rəsmi qaydada bildirilmişdir ki, ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Bu səbəbdən o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 5 saylı Bakı “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-10-996/2023 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən bacısının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qardaşı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi bacısının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1976-cı il tarixdə Cəbrayıl rayonu, Daş Veysəlli kəndində doğulmuşdur; - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 ölməsi faktı əsasında toplanmış 127-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10 X4 662 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi bacısı X5 onların məntəqəsində qeydiyyatda olmasına baxmayaraq xəstə kimi məntəqəyə ambulator müraciət etməyib; - Beyləqan rayon "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Beyləqan rayon X2 qəbiristanlığında X5 (xx.xx.1976-xx.xx.2023) yazılmış baş daşı mövcuddur; - “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10 X4 690 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi bacısı X5 xx.xx.2023-cü il tarixində X7 rəhmətə getdiyi üçün “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X10 X6 tərəfindən ölüm haqqında arayış verilə bilməz; - Qəbirüstü abidənin fotoşəkilindən görünür ki, “X5 xx.xx.1976-xx.xx.2023” yazısı əks olunmuşdur; - Məhkəmə” baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum onun anasıdır. xx.xx.2023-cü ildə vəziyyəti pisləşdi, təcili tibbi yardım çağrıldı, xəstəxanaya aparıldı. 1 həftə idi ki xəstə idi. Deyilən məlumata görə şəkəri qalxmışdı. Sonra keçindi. Keçinən vaxt qohumların əksəriyyəti orda idi. Beyləqan rayonunda dəfn olunub. Martın 16-sı rəhmətə getsə də, qəbirüstü abidədə dəfn olunduğu gün ayın 17-si qeyd edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X5 ərizəçinin bacısı olmuşdur. X5 xx.xx.2023-cü ildə vəfat etmiş və Beyləqan rayonu Cərciz Peyğəmbər qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X5 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2254/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2254/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver