Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2398/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölümün qeyd edilmə faktı”na dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 14.02.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Nərimanov rayon qeydiyyat şöbəsinin ərizəçiyə ünvanladığı cavab məktubundan göründüyü kimi, ərizəçiyə maraqlı şəxs tərəfindən müvafiq tibbi şəhadətnamənin verildiyi halda ölüm haqqında şəhadətnamənin verilməsi göstərilmişdir. Belə olan halda hazırda ərizəçi tərəfindən qeyd olunan sənədin alınması mübahisəyə son qoyan bildiyindən, yəni ərizədə göstərilən şəxsin ölüm faktının müəyyən edilməsi halına zərurət qalmır. Göründüyü kimi müvafiq sənədlərin təqdim edilməsi halında şəxsin ölüm haqqında şəhadətnaməsi iş üzrə maraqlı şəxs olaraq göstərilmiş orqan tərəfindən ərizəçiyə təqdim edilə bilər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı, habelə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi maraqlı şəxsə hazırki tələbi üzrə müraciəti ilə bağlı sənədi iş materiallarına əlavə etməmişdir. Bununla da ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatı əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli Qərarın 9-cu maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Plenum Qərarının 9.1.ci maddəsində qeyd olunmuşdur ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi hazırki iş üzrə ərizəçi xüsusi icraat qaydasında müvafiq halın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməmişdən qabaq,ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün ərazi üzrə aidiyyatı tibbi müəsissəyə müraciət edərək yuxarıda müəyyən edilmiş qaydada cavab aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4, 150-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən ərizəsinin verilməsi üçün 06.05.2022-ci il tarixdə 20138123 №-li mədaxil qəbzi əsasında ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2398/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2398/2022
13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver