Məhkəmə qərarları › İş №2(005)-2447/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2447/2024

15.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2447/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları xx.xx.2024-cü il tarixində pozulmuş və bu barədə Nərimanov rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqlarıxx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur. Buna əsasən xx.xx.2024cü il tarixində barışıq sazişi bağlanmışdır. xx.xx.2024-cü ildə barışıq sazişi bağlansa da, Aliyev Elmar barışıq sazişini icra etməkdən yayınır. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, barışıq sazişi bağlandığı vaxtdan icra edilmir. Belə ki, fevral ayından başlayaraq aliment ödəməyi öhdəsinə götürmüşdür. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər alimentlə bağlı aşağıdakılar barədə razılığa gəlmişlər: Cavabdeh 2024-cu ilin fevral ayından başlayaraq birgə nikahdan olan övladları — xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235.0 (iki yüz otuz beş manat) manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayırı 10-a qədər Ərizəçi adına açılmış bank hesabına ödəniləcək. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi alimentin ödənilməsi hissəsində maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin aliment hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2024-cü ilin fevral ayından başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: Cavabdeh 2024-cu ilin fevral ayından başlayaraq birgə nikahdan olan övladları — xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş manat) manat aliment ödəməyi öhdəsinə götürür. Aliment məbləği hər ayın 10-a qədər Ərizəçi adına açılmış bank hesabına ödəniləcək. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2024-cü il tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar