Məhkəmə qərarları › İş №2(005)-2527/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2527/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2527/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində 5 saylı xəstəxanaya aparılarkən təcili tibbi yardım stansiyasının avtomobilində ölmüşdür. Bakı şəhər Təcili və X5 Stansiyasına xx.xx.2016-cı il tarixli ərizə ilə müraciət olunmuş, cavab olaraq bildirilmişdir ki, “xx.xx.2016-cı il tarixdə saat 14:34 radələrində "103” xidmətinə T.Şıxəliyev 47 ünvanında Məzahir Kərimovun (51 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Teyyub Mehdiyev yerinə yetirərək, xəstəyə "Qəfləti koronar ölüm” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərilmişdir. Hadisə barədə 4 saylı polilinikaya Əlizadəyə məlumat verilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xx.xx.2016-cı il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsi sahə həkimi tərəfindən təqdim olunmuşdur. O, əri X3 adına ölüm haqqında şəhadətnamənin alınması üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ərizəçi qardaşı oğludur. Ərizəçi 2016-cə ildə zəng edərək bildirmişdir ki, Məzahir əmi dünyasını dəyişmişdir. X6 urək xəstəsi idi. Yas mərasimində iştirak etmişdir. X1 dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi ilə qonşudular. X2 urək xəstəsi idi və 2016-cı ilin iyul ayında dünyasını dəyişmişdir. Yas mərasimində iştirak etmişdir. Mərhum Ramanada dəfn olunmuşdur. Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Ramana qəsəbəsi, Südcülük Sovxozu qəbiristanlığında dəfn olunmuşdur. AZE seriyalı, 15166835 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonu, Əhmədoba kəndində doğulmuşdur; Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2016-cı il tarixdə saat 14:40-da X3 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir; Bakı şəhər Təcili və X5 Stansiyasına xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə saat 14:34 radələrində "103” xidmətinə T.Şıxəliyev 47 ünvanında Məzahir Kərimovun (51 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı 2 saylı bölmənin həkimi Teyyub Mehdiyev yerinə yetirərək, xəstəyə "Qəfləti koronar ölüm” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərilmişdir. Hadisə barədə 4 saylı polilinikaya Əlizadəyə məlumat verilmişdir. Nərimanov rayon prokurorluğunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, X3 ölməsi faktında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 33 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkilinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1965-ci il təvəllüdlü X6 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi ərinin ölümü haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən ərinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun arvadı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar