Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2558/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsi cəlb edilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.1988-ci il tarixdə Çita şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (Ərizə dəqiqləşdirilmişdir). Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1988-ci ildə hərbi xidmətdə vəfat etmişdir. Qardaşının göstərilən tarixdə vəfat etməsini şahidlər də təsdiq edə bilər. Qardaşının vəfat etməsinə baxmayaraq, ona ölüm haqqında şəhadətnamə ala bilmir. Nərimanov rayon qeydiyyat şöbəsi 106 saylı ölüm haqqında həkim arayışı olmadığından ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Hesab edir ki, fakt hüquqi əhəmiyyət kəsb etdiyindən məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxs Nərimanov rayon Qeydiyyat şöbəsinin nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 ifadəsində bildirmişdir ki, mərhum Şabanov Nəzir onun dayısı oğludur. Dayısı oğlunun əsgər gedəcəyi barədə məlumatlı olmuşdur. Mərhum yay aylarında istirahət etmək üçün onların evinə qonaq gəlirdi. Mərhumun 30 noyabr ad günü zamanı ölüm xəbərini eşidib və yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində bildirmişdir ki, mərhum bibisi oğludur. Onlar 3 bacı, 1 qardaş olmuşdurlar. Mərhumun tələbəlik illəri onların evində keçmişdir. Onun əsgər getməsi barədə məlumatlı olmuşdur. Mərhumun 1988-ci ildə vəfat etdiyini eşitmişdir. Onların atasına, anasına Səidə və digər qardaşı qulluq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 412690 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1970-ci il tarixində Bakı şəhərində doğulmuşdur. - Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin 4 nömrəli şəhər poliklinikasıın mktubundan görünür ki, xx.xx.1988-cü il tarixdə Hərbi xidmətdə olarkən SSRİ-nin Çita şəhərində vəfat etmiş, xx.xx.1970-ci il təvəllüdlü vətəndaş X4 barədə 35 ildən çox müddətdə ölüm kağızının alınması üçün poliklinikaya müraciət edilmədiyindən və həmin şəxsin xidməti ərazilərinə aid olmayan ünvanda vəfat etdiyindən tərəflərindən onun adına ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. - Nərimanov rayon Qeydiyyat Şöbəsinin 15 may 2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmadığından, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi tövsiyə edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidmətini Trestinin 14 may 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1988-cü il tarixdə Xətai rayonu Keşlə qəbiristanlığında X1 dəfni icra olunmuşdur. - AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1970-ci il təvəllüdlü X5 xx.xx.1988-ci il tarixdə keçmiş Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və K-10 təhvil verilmişdir. Əlavə olaraq bildirilir ki, əlifba qeydiyyat kitabında xx.xx.1988-ci il tarixdı Çita şəhərinin Hərbi hospitalında vəfat etməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 29 noyabr 1988-c- il tarixdə Hərbi xidmətdə olarkən SSRİnin Çita şəhərində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X1 xx.xx.1988-cü il tarixdə Hərbi xidmətdə olarkən SSRİ-nin Çita şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 29 noyabr 1988-ci il tarixdə Hərbi xidmətdə olarkən SSRİ-nin Çita şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2558/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2558/2024
05.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver