Məhkəmə qərarları › İş №2(005)-2575/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2575/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2575/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55.000 (əlli beş min) manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğdən borc məbləğinin ona ödənilməsi və qalan məbləğin isə «ipoteka saxlayana» qaytarılması barədə qətnamə çıxarılmasınıxahişetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 3M-190 nömrəli reyestrlə təsdq edilmiş kredit müqaviləsinə əsasən Cavabdeh1 55.000 (əlli beş min) manat məbləğində pul borca vermişdir.Həmin Müqavilənin 2-ci bəndinə əsasən «Borc alan» Cavabdeh1 kredit məbləğini xx.xx.2020-ci il tarixinədək «Borc verənə» hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqavilənin təminatı olaraq xx xxxxxx 2020-ci il tarixində «ipoteka saxlayan» İddiaçı, «ipoteka qoyan» Cavabdeh2 və «Borc alan» Cavabdeh1 arasında Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 3M-191 nömrəli reyestrlə təsdiq edilmiş ipoteka müqaviləsinə əsasən ipateka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilini yuxarıda qeyd edilən kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti tərəfindən bu ipoteka obyekti ********** qeydiyyat nömrəsi ilə qeydə alınmaqla yüklü edilmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinin 2-ci bəndinə əsasən «Borc alan» bu məbləği hissə-hissə olmaqla ödəməli olduğu halda bu günədək bir manat belə borcundan qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 iddia tələbi ilə qismən razı olduqlarını bildirərək, iddianın rədd olunmasını xahiş etdilər. Cavabdeh1 əlavə olaraq bildirdi ki, xx xxxxxx 2020-ci il tarixində 55.000 (əlli beş min) manat məbləğində pul İddiaçı tərəfindən ona verilmişdir. Həmin puldan heç bir ödəniş etməmişdir. Bunun səbəbi, maddi vəziyyətinin ağır olması idi. Digər tərəfdən, pandemiya ilə əlaqədər biznes fəaliyyəti işləməmişdir. Həmin pulu borc olaraq qəbul edir, lakin ödəmək üəün onlara vaxt lazımdır. İpoteka predmeti olan mənzil isə onların yeganə yaşayış sahəsidir. Borcun həmin mənzilə yönəldilməsini istəmir. İddiaçıdan borcu ödəmək üçün vaxt istəmişdir, lakin İddiaçı ona məhəl qoymamışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş "Kredit müqaviləsinə əsasən, cavabdehə xx.xx.2020-ci il tarixədək faizsiz 55.000 (əlli beş min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, xx.xx.2020-ci il tarixinədək borcverənə hissəhissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından olan notarial qaydada təsdiq olunmuş daşınmaz əmlak ipoteka müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixli, 3M-190 reyestr saylı "Kredit müqaviləsinin təminatı qismində, (ipoteka saxlayan) İddiaçı ilə (ipoteka qoyan) Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli İpoteka Müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********53 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışına əsasən Cavabdeh2 tam payla xüsusi mülkiyyət hüququ ilə məxsus olan, ünvan 1 ünvanında 70.34 kv.m ümumi sahədən ibarət 4 otaqlı 40 nömrəli mənzili ipoteka qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri 160000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 70.34 kv.m ümumi sahədən ibarət 40 nömrəli mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixində kredit borcunun ödənilməsinə dair pretenziya və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir; Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcun qaytarılmasını, eyni zamanda, borcun ipoteka predmetinə yönəlməsini tələb edir. Cavabdeh borcun olmasını qəbul edir, tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh1 verilmiş 55 min manat borcdan hər hansı məbləğdə ödəniş olmamışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, xx xxxxxx 2020-ci il tarixində tərəflər arasında İddiaçı Cavabdeh1 55 000 (əlli beş min) manat kredit (borc) verməsinə dair müqavilə bağlanaraq Bakı şəhərinin 5 saylı notariat ofisində təsdiq olunmuş, müqavilədə kreditin qaytarılma müddətinin xx.xx.2020-ci il tarixi olduğu nəzərdə tutulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, xx xxxxxx 2020-ci il kredit müqaviləsi bağlanaraq Bakı şəhərinin 5 saylı notariat ofisində notariusu tərəfindən təsdiq olunmuş, müqaviləyə görə 55 min manat borcu hissə-hissə olmaqla xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.( 739.2.) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının tələbi tərəflər arasında bağlanılmış xx xxxxxx 2020-ci il kredit müqaviləsi və xx xxxxxx 2020-ci tarixli ipoteka müqavilələrindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 borc pulun alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsinin bağlandığı, borcalan həmin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. İşin materiallarından görünür ki, cavabdeh ipoteka predmeti olan əmlak ipoteka ilə yüklü edildiyi zaman həmin əmlakın ipoteka qoyulması barədə ipoteka müqaviləsinin 7.3cü bəndinə əsasən ipoteka saxlayan ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka predmetinin ona verilməsini tələb etmək hüququ müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə məhkəmə tərəfindən müəyyən edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında ipoteka müqaviləsində razılaşma olmuş və 160000 (yüz altmış min manat) manat məbləğində məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək iddia tələbini əsaslı hesab edir. Cavabdehlər iddianın rədd olunması üçün arqumentləri təsdiq edə biləcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir; Cavabdeh1 borcun qaytarıılması üçün onalar vaxt lazım olmasını, bunun üçün na möhlət verilməsini bildirsə də, məhkəmə qeyd edir ki, bu tələb məhkəmənin icrası qaydasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinin tələblərinə uyğun irəli sürülməsi mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 55.000 (əlli beş min) manat borc, 30 manat dövlət rüsumu tutulmalı, tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğdən borc məbləği ödənilməlivə qalan məbləğin isə «ipoteka saxlayana» qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq olunmuş "Kredit müqaviləsi üzrə 55000 (əlli beş min ) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənisin. Tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilə yönəldilsin. İpoteka predmeti olan ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 11 saylı evin, 40 saylı mənzilin ilkin satış qiyməti 160 000 (yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə edilmiş vəsait hesabına borc öhdəliyinin icra edilməsinə yönəldilsin. Satışdan əldə edilmiş vəsait borc öhdəlikləri icra edildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar