Məhkəmə qərarları › İş №2(005)-2613/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2613/2020

27.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2613/2020 27.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1963-cü ildə Zəngilan rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,anası X8 xx.xx.1963-cü ildə Zəngilan rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Anası X8 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında xəstəlikdən vəfat etmişdir. Onlar tərəfindən təcili tibbi yardıma anasının adına çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə kimi anası vəfat etmişdir. Anasının anidən ölümü onları mənəvi və psixoloji cəhətdən sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından poliklinikadan ölümü təsdiq edən sənəd almamışdır. Anasının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Belə ki, müraciətə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ei il tarixli imtina məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs 5 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Mərhum isə qaynanası idi. Qaynanası uzun müddət idi ki, alzhimer xəstəliyindən əziyyət çəkirdi. Ona üçüncü uşağı kimi baxıb qayğısına qalırdı. Son zamanlarda artıq idarəetməsini itirmişdi və demək olar ki, mərhumu onlar idarə edirdi. Daha sonra qaynanası insult keçirdi və bundan sonra daha da ağırlaşdı. Son zamanlar yemək yemirdi, yerindən qalxa bilmirdi. Qaynanası xəstəxanaya müayinəyə aparmış və ona dedilər ki, artıq can verir, onun son günləridir. Müayinədən 2-3 gündən sonra qaynanası öldü. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, ərizəçi onun qonşusudur. Dəfn zamanı iddiaçı orada iştirak etmişdir. Mərhum 2 həftə olar rəhmətə gedib. O səhər xəbər tutmuşdur ki, ərizəçinin anası rəhmətə gedib. Yaxın qohumlar və qonşular yığışaraq mərhumu dəfn etdilər. Mərhum uzun müddət idi ki, xəstə idi və son zamanlar daimi yataqda olurdu. Mərhumun xəstə olduğunu və xəstəlikdən rəhmətə getdiyini bilirdi, amma xəstəliyinin adının nə olduğunu bilmir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında 5 saylı Bakı "ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 00:02də X3 adına olan çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X3 qəbirüstü abidəsi mövcuddur, üzərində “X8, xx.xx.1963-xx.xx.2020” yazılmışdır. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmiş və Hövsan qəsəbəsində yerləşən 1№-li Zeytun Sovxozunda yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X3 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2020-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar