Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2670/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il doğum tarixli X3 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Mən xx.xx.1985-cı ildə mərhum həyat yoldaşım X6 (xx.xx.1958-ci il doğum tarixli) ilə rəsmi qaydada nikaha daxil olmuşuq. Belə ki, mərhum həyat yoldaşım xx.xx.2022-ci il tarixdə vəfat etmiş və qohumlarımızla birgə onu doğulub boya-başa çatdığı Ağsu rayonun, Ərəbmehdibəy kəndində kənd qəbristanlığında dəfn etmişik. Dəfn mərasimindən rayondan qayıtdıqdan sonra mərhumun üçü, yeddisi və cümə axşamları mərasimləri yuxarıda göstərilmiş qeydiyyatda olduğumuz və yaşadığımız ünvanda qonşuların və digər yaxın insanların iştirakı ilə keçirilmişdir. Hal hazırda mərhum həyat yldaşımın məzarı Ağsu rayonu, Ərəbmehdibəy kənd qəbristanlığında yerləşir. Həmçinin mərhum həyat yoldaşımin ölüm faktını şahidlər təsdiq edə bilər. Belə ki, ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmişdim. Lakin oaradan mənə imtina məktubu ilə cavab verərək ölüm faktının məhkəmə tərəfindən təsdiq olunmasını tövsiyyə etdilər. Ona görə də mərhum yoldaşımın vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə qərar verdim. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun yoldaşı çoxdan idi xəstə idi. Şəkəri vardı, həm də digər ağır xəstəliklərdən əziyyət çəkirdi. Mərhum aprel ayının 4-də rəhmətə gedib. Yas mərasimlərində iştirak etmişdir. Demək olar həmin ərəfədə bütün gününü orada keçirmişdi, 30-40 ilin qonşusudurlar. Mərhumu Ağsu rayonunda dəfn ediblər. Məhkəmə iclasında şahid X1 bildirmişdir ki, ərizəçi ilə qapı bir qonşudurlar, mərhum Nazir ərizəçinin əri olub. Mərhumu sağlığında tanıyırdı, onun əri ilə neçə illər bir yerdə işləyiblər. Mərhumun xəstəlikləri çox idi, onun vəziyyəti pisləşəndə bacısıgilə aparmışdılar, onların evi həyət evi idi. Sonra eşitmişlər ki, orada rəhmətə gedib. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayon qeydiyyat şöbəsi yoldaşınız X3 ölümünü qeydiyyata alınması barədə 17 05.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil.ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 28 nömrəli arayışından görünür ki, Nərimanov rayonunda daimi qeydiyyatda olan X7 04 04. 2022 ci il tarixdə vəfat etmişdir və Ağsu rayon Ərəbmehdibəy kənd qəbırstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X6 xx.xx.2022-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2670/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2670/2022
18.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver