Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2690/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X1 13 fevral 1992-ci il tarixində Şuşa şəhərində erməni hərbiçilərinin gecə vaxtı Şuşa şəhərində atdıqları top və raket mərmilərindən birinin onun yaşadığı Şuşa şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki 13 saylı evin evin 24-cü mənzilinə düşməsi nəticəsində aldığı qəlpə xəsarətlərindən faciəli surətdə həlak olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, ərizəçinin anasının ölüm haqqında şəhadətnaməsininmövcud olmasına baxmayaraq, o yenidən məhkəməyə müraciət edərək, anasının ölüm şəhadətnaməsində göstərilə əsasla – qəfləti koronar ölüm səbəbindən deyil, qəlpə xəsarətlərindən faciəli şəkildə həlak olduğu barədə faktın təsdiq edilməsini xahiş edir. Yuxarıda istinad edilən prosessual normaların və Ali Məhkəməsi Plenumunun Qərarının tələblərindən görünür ki, hazırki ərizənin icraata götürülərək xüsusi icraat qaydasında baxılması mümkün deyil. Məhkəmə onu a qeyd edir ki, ərizəçiyə ölüm haqqında şəhadətnaməni təqdim emiş qeydiyyat orqanına rəsmi qaydada müraciət edərək, şəhadətnamədə dəyişiklik edilməsini xahiş edə, imtina edildiyi halda isə müvafiq qaydada inzibati məhkəmədə mübahisələndirə bilər. Məhkəmə onu da qeyd edir ki, mülki qaydada məhkəməyə müraciət etməzdən əvvəl də qeydiyyat orqanına mürciətin zəruri olduğu halda, ərizəçi tərəfindən butələbə də riayət edilməmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-2690/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2690/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver