Məhkəmə qərarları › İş №2(005)-2707/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2707/2025

31.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2707/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X11 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. Təxminən 1 yaşında kəskin hərarətlə K.Y.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunda bir neçə dəfə müalicə almışdır. Sonuncu dəfə xx.xx.2002-ci il tarixdə həmin İnstitutda təkrar müalicə olunsa da, vəziyyəti ağır olaraq qalmışdır. Hərbiçi işlədiyi müddətdə NZS qəsəbəsində kirayə yaşamış, dayısı ondan uzaqda olduğuna görə, həyat yoldaşı ilə övladı Həsənağanın tək qalmasınlar deyə və övladının xəstəliyi ilə əlaqədar nəzarətdə saxlanması üçün dayısıgilə yaşadığı Mehdiabad kəndinə aparmışdır. xx.xx.2002-ci il tarixdə oğlu Həsənağanın səhhəti kəskin ağırlaşmış və X19 gələnə qədər vaxtı itirməmək üçün oğlunun dayıları və həyat yoldaşları ilə birlikdə K.Y.Fərəcova adına X5 aparmışdır. Orada süni nəfəs aparatına qoşulsa da, oğlu Həsənağanın həyatını xilas etmək mümkün olmamışdır. xx.xx.2002-ci il tarixdə Mehdiabad kənd qəbirstanlığında qohumlarının iştirakı ilə dəfn etmişlər. ASAN Xidmətdən ailə tərkibi haqqında arayış alarkən məlum olmuşdur ki, oğlu Həsənağa sağ kimi qeydiyyatdadır. Bununla əlaqədar oğlu Həsənağanın vəfat etməsini təsdiq edən digər bir sənədlə təmin olunması barədə K.Y.Fərəcova adına X4 arxiv bölməsinə rəsmi olaraq müraciət etmiş, rəsmi olaraq bildirilmişdir ki, təlimata uyğun 25 illik dövrü əhatə edən Stasionar xəstəlik tarixçələri, Qeydiyyat kitabları və ölüm haqqında şəhadətnamələr arasında X7 ölümünü təsdiqləyən heç bir sənəd tapılmamışdır. Bundan sonra, ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmiş, rəsmi qaydada bildirilmişdir ki, “ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz”. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçi ilə birlikdə işləmişdir. Ərizəçinin oğlu vəfat edəndə sarsıntı keçirmişdir. X11 2002-ci ildə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. X1 dəfn olunmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin bibisi onun qapı qonşusudur. Ərizəçinin oğlu X11 xəstə idi və 2002-ci ildə dünyasını dəyişmişdir. Yas mərasimində iştirak etmişdir. Mərhum Məmmədli kəndində dəfn olunmuşdur. İş materiallarında olan: AZ-İ seriyalı, 066180 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X12r; K.Y.Fərəcova adına X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 ilk dəfə xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, ikinci dəfə isə xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci ii tarixədək stasionar müalicə almışdır. Arxiv bölməsində Təlimata uyğun 20 illik dövrü əhatə edən Stasionar xəstəlik tarixçələr, Qeydiyyat Kitabları və ölüm haqqında şəhadətnamələr arasında X7 ölümünü təsdiqləyən heç bir sənəd tapılmamışdır; “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ Bakı Şəhəri 2 nömrəli Uşaq Poliklinikasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il tarixdə evdə X11 vəziyyəti qəflətən pisləşmiş və valideyn özü övladını Elmi X8 çatdırmışdır. Aparılan müalicəyə baxmayaraq uşaq reanimasiya şöbəsində xx.xx.2002ci il tarixdə vəfat etmişdir; Məmmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.2002-ci il tarixdə Məmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur; Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 97 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.2001-ci il təvəllüdlü X11 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi oğlunun ölümü haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən oğlunun ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar