Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2716/2021 04.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 114 ünvanında yerləşən, sahəsi 21,7 kv.metr olan qeyriyaşayış sahəsinin alqı-satqısına dair 27 yanvar 2017-ci il tarixli, 6400 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 10.500 (on min beş yüz) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbini onunla əsaslandırmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 may 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 114 ünvanında yerləşən, sahəsi 21,7 kv.metr olan qeyri-yaşayış sahəsi satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı arasında bağlanılmış 27 yanvar 2017-ci il tarixli, 6400 nömrəli alqı-satqı müqaviləsinə əsasən 45.000 (qırx beş min) manat qiymətə Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 10.500 manat məbləğində olan hissəsini ödəmiş, digər hissənin, yəni 34.500 manatın ödənilməsini isə həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.1-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 45.000 (qırx beş min) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair 07 avqust 2019-cu il tarixli, **********15 nömrəli bildiriş göndərilsə də, alıcı satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarını pozmuşdur. Eyni zamanda, alqı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, həmçinin müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də alıcının üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla da satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş 10.500 manat məbləğində vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 cavabdehlə aralarında barışıq sazişi bağlandığını bildirərək, sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam veriməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh müvafiq barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: Bu Saziş, bir tərəfdən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti - rəis müavini Rafiq Cəlilovun şəxsində, digər tərəfdən Cavabdeh arasında aşağıdakı şərtlər daxilində bağlanmışdır
1. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həllinə dair razılığa gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 1.1. Cavabdeh öhdəlikləri: 1.1.1. Cavabdeh tərəflər arasında bağlanmış 27.01.2017-ci il tarixli, 6400 nömrəli alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə ödənilməli olan 33.000 (otuz üç min) manat məbləğində borcun bu sazişə əlavə edilmiş qrafikdə göstərilmiş qaydada hər ay ödənişlər etməklə tam ödəməyi öhdəsinə götürür. 2.2. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin öhdəlikləri: 2.2.1. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh tərəfindən əmlakın dəyəri tam ödənildikdən sonra həmin əmlak üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün zəruri tədbirlər görür. 2.2.2. Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri tam aydındır və həmin müddəaların tətbiqi nəticəsində baş verəcək hüquqi nəticələri qəbul edirlər. 2.2.3. Tərəflər öz öhdəliklərini bu Sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Gültəkin Əsədova