Məhkəmə qərarları › İş №2(005)-2748/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2748/2024

22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2748/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Nərimanov Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 23 sentyabr 1981-ci ildə Culfa Rayonu Camaldın kəndində doğulmuş X2 16 fevral 1982-cı ildə Culfa rayonu Camaldın kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X4 ilə 03 oktyabr 1979-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdular. Onların bu nikahdan üç övladları doğulmuşdur. İlk övladları X6 23 sentyabr 1981-cı ildə Culfa Rayonu Camaldın kəndində doğulmuş, 16 fevral 1982-ci ildə vəfat etmiş, Culfa Rayonu Camaldın kəndində kənd qəbiristanlığında dəfn olunmuş, vəfatından sonra onun ölümü haqqında şəhadətnamə almamışdır. Mərhum həyat yoldaşı Murtuz Əliyev 19 mart 2024-cü il tarixdə ürək çatışmazlığından dünyasını dəyişmişdir. Mərhumdan qalan mirası qəbul etmək üçün notariusa müraciət etdiyində 23 sentyabr 1981-ci ildə Culfa Rayonu Camaldın kəndində doğulmuş, 16 fevral 1982-cı ildə vəfat etmiş X3 ölüm haqqında şəhadətnamə almadığı üçün mərhumdan miras qalan əmlakları qəbul edə bilmir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Naxçıvan Muxtar Respublika Culfa Rayon Mərkəzi X7 şəxsinə ünvanladıqları sorğuya cavab verilərək 23 sentyabr 1981-ci ildə Culfa Rayonu Camaldın kəndində doğulmuş, 16 fevral 1982-cı ildə vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnamə sənədi təqdim edə bilmədiklərini bildirmişlər. X1 ölüm haqqında şəhadətnamənin verilməsi barədə Culfa Rayon Qeydiyyat Şöbəsinə ünvanladıqları ərizəyə cavab verilərək ölüm faktlarının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edilməsi izah olunmuşdur. O, mərhum X2 ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X2 16 fevral 1982-ci ildə Culfa Rayonu Camaldın kəndində vəfat etməsi faktının müəyyən olunmasının məhkəmə qaydasında təsdiq olunmasını istəyir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ünvanlaayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, 1981-ci ildə Şahnaz adlı qız övladı dünyaya gəlmişdir, lakin, o, bir neçə ay sonra dünyasını dəyişdi. Daha sonra 1983cü ildə yenidən qız övladı dünyaya gəldi və onun da adını Şahnaz qoydular. Ölən qızına doğum haqqında şəhadətnamə almışdılar və həmin şəhadətnaməni kənd sovetinə təqdim etmişlər. Ölən qızına aid başqa heç bir sənəd yoxdur. Ölüm haqqında şəhadətnamə isə verilmədi. 43 il sonra həyat yoldaşı rəhmətə getdi. Onun ölümündən sonra evi öz adına rəsmiləşdirmək istəyən zaman sistemdə Şahnaz adlı iki qızının olduğunu dedilər. Uşaq zəif idi. Başqa xəstəliyi yox idi. Uşaq olduğu üçün qəbirüstünü düzəltməmişlər. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Culfa Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən qızının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun anası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi qızının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi nikahları xx.xx.1979-cu ildə bağlanmışdır; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir; - Doğum haqqında arayışdan görünür ki, X6 23 sentyabr 1981-ci ildə Culfa rayon Camaldın kəndində anadan olmuşdur; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1983-cü il tarixdə dünyaya gəlmişdir; - Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyəti Camaldın kəndi İ.Ə.D.Ü.N 115 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 xx.xx.1982-ci ildə vəfat etmişdir və Camaldın kənd qəbiristanlığında dəfn edilmişdir, qəbirüstü abadlaşdırılmamışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ölən uşaqla bağlı ana atası ona heç nə deməmişdir. Sadəcə olaraq bibisi ölən uşağın göyçək olduğunu deyib. Onun adını da ölən bacısının adını qoymuşlar. O, bacısından iki yaş kiçikdir; Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının bir oğlu və bir qızı vardır. Əvvəl bir qızı dünyaya gəldi, adını Şahnaz qoydular. Lakin, o, 2 ay yaşadı, sonra dünyasını dəyişdi. Bundan bir neçə il sonra bacısının bir qızı da dünyaya gəldi və onun da adını Şahnaz qoydular. Uşaq Culfa rayonunun Camaldın kəndində dünyasını dəyişib. Uşaq dünyaya gələndə bacısıgilə getmişdilər. Evdə birdən-birə halı pisləşib dünyasını dəyişib. Camaldın qəbirstanlığında dəfn etdilər. Xəstəliyi barədə bir məlumat bilmirdilər. Qəflətən uşağın halı pisləşmişdi. Uşaq özü zəif idi; Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən şahid X5 bildirmişdir ki, ərizəçi onun bacısıdır. Bacısının qız övladı dünyaya gəlmişdi, lakin 2 ay yaşadı, sonra dünyasını dəyişdi. Həmin vaxt bacısıgil Camaldın kəndində yaşayırdılar. Uşaq da Camaldın qəbirstanlığında dəfn edildi. Uşaq qəflətən dünyasını dəyişdi. Dünyasını dəyişən bacısının 2-ci uşağı idi. 1-ci Xalid adlı oğlu dünyaya gəlmişdi. Dəfnə getməmişdilər. Ağsaqqalar aparıb uşağı dəfn etdilər. Yas mərasimi keçirilmədi. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, mərhum X6 ərizəçinin qızı olmuşdur. X6 xx.xx.1982-ci ildə vəfat etmiş və Camaldın kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Culfa Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X6 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1982-ci il tarixdə Culfa rayonu, Camaldın kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.1982-ci il tarixdə Culfa rayonu Camaldın kəndində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar