Məhkəmə qərarları › İş №2(005)-280/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-280/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-280/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikiliyə köçürülmə və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (İddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etməsinə cavabdehlərin (Cavabdeh1 və digər şəxslərin) maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları və həmin yaşayış evinə köçürülməsi, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun 1-ci Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə verərək əsl olmayan cavabdeh X2 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda 1-ci cavabdeh olan Cavabdeh1 ilə 1994-cü ildə Saatlı rayonunun Xanlarkənd kəndində faktiki olaraq ailə qurmuşlar, lakin nikahı 1996-cı ildə rəsmiləşdirmişlər, 1-ci cavabdehlə ailə qurduqdan sonra 3-4 il müddətində həmin kənddə yaşamışlar. Bir müddət kənddə yaşadıqdan sonra Bakı şəhərinə köçmək qərarına gəldilər. Təxminən 1998-ci ilin yay aylarında 1-ci Cavabdeh1 ilə birlikdə Bakı şəhərinə köçdülər, bir müddət kirayədə yaşadıqdan sonra ünvan 2 ünvanda olan 2 otaqlı özbaşına tikilini satın almışlar. Həmin evdə 6-7 il qeydiyyatsız yaşadıqdan sonra 2005-ci ildə məhkəmə qətnaməsinə əsasən həmin mənzilə qeydiyyata düşmüşlər. Uzun müddət (təxminən 13-14 il) həmin evdə birgə yaşamışlar, lakin ailə münasibətlərində problemləri olduğundan (uşaqlarının olmaması və onun özünün bəzi qeyri-etik hərəkətləri səbəbindən) 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşanmadan sonra 3-4 il müddətində (təxminən 2016-cı ilədək) cavabdehlə birlikdə həmin 2 otaqlı evdə, lakin ayrıayrı otaqlarda yaşamışlar, o, evin bir otağında yaşamış, keçmiş əri Rafiq isə qardaşı ilə birlikdə digər otaqda yaşamışdır. Onun bütün cehiz əşyaları da həmin otaqlarda olmuşdur. Hazırda 1-ci cavabdeh olan keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə yaşadığı həmin evdən çıxmağa məcbur olmuşdur. Təxminən bir il yaxın qohumlarının evlərində yaşamışdır. Lakin cavabdeh Rafiq ondan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. O, həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlmişdilər ki, əgər evləri yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği aralarında bərabər bölərlər və yaxud, əgər bazar qiymətinə uyğun onun razılığıyla satılarsa, yenə də əldə olunmuş pul vəsaitini yarıbayarı bölərlər. Lakin 2022-ci ilin sonlarında ona məlum oldu ki, cavabdeh onun razılığı olmadan birgə nikah müddətində aldıqları həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55-60 min manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və pullarını da özü üçün almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini (evin həyətyanı sahəsi ilə birlikdə) isə yeni sakinlər qanunsuz olaraq tikmişlər və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. 2-ci mərtəbəyə evin içindən pilləkənlə qalxmaq mümkündür. Hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır və işləyir. Boşanmadan sonra ailə qurmamışdır, cehiz əşyaları isə hazırda mübahisəli ünvanda olan 2 otaqlı evində qalmışdır. Onun həmin yaşayış sahəsindən başqa yeri yoxdur. Hazırda Azərbaycan Respublikasına qayıtmaq istəyir və yeganə yaşayış yeri olan həmin evə köçmək istəyir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri və özbaşınalıqları nəticəsində yaşayış yerindən, yəni mənzilindən məhrum olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı olaraq hüquqları kobud şəkildə pozulmuş olur. Əlavə olaraq 1-ci cavabdeh Rafıq Bayramov onun yaşayış yeri üzrə olan həmin ünvandan qeydiyyatdan çıxarılması barədə Nərimanov Rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilsə də, həmin qərardan verdiyi apellyasiya şikayəti təmin edilmiş, adı çəkilən qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda həmin ünvana qeydiyyatı bərpa olunmalıdır. Bir daha bildirir ki, iddiaçı Cavabdeh1 həmin evin mülkiyyətçisi deyil, həmin yaşayış evi cavabdehlə onun istifadəsində olmuşdur. Eyni zamanda da 2-ci cavabdehin ailə üzvləri ilə birlikdə faktiki olaraq ona aid olan həmin evdən çıxmasını tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Belə hesab edir ki, ünvan 2 ünvanda olan bir mərtəbəli, 2 otaqlı yaşayış evindən istifadə etməsinə edilən maneçiliklərə son qoyulmalı və o, həmin yaşayış sahəsinə köçürülməlidir. 2-ci cavabdeh və digər şəxslər ailə üzvləri ilə birlikdə həmin evdən çıxarılmalıdırlar. Eyni zamanda da həmin bir mərtəbəli yaşayış evinin üstündə cavabdehlər tərəfindən qanunsuz olaraq inşa edilən 2-ci mərtəbədə olan tikililər onların hesabına sökülməlidir. Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı həmin yaşayış sahəsindən çıxmağa məcbur olanda cavabdehlə belə razılığa gəlib ki, əgər ev yerləşən həmin ərazi sökülərsə, əldə olunan məbləği öz aralarında bərabər bölərlər və yaxud, əgər bazar qiymətinə uyğun satılarsa, yenə də əldə olunmuş pul vəsaiti yarıbayarı bölünər. Lakin 2022-ci ilin sonlarında iddiaçıya məlum olub ki, cavabdeh onun razılığı olmadan birgə nikah müddətində alınan həmin yaşayış evini bazar qiymətindən ucuz qiymətə satmışdır. Həmin evin bazar qiyməti təxminən 55000-60000 manat civarında olsa da, cavabdeh həmin evi çox ucuz qiymətə satmış və puluna da özü üçün ev almışdır. Həmin 2 otaqlı evin 2-ci mərtəbəsini isə yeni sakinlər, yəni cavabdeh X5 qanunsuz olaraq tikmişdir və hazırda həmin evdə kənar şəxslər yaşayırlar. Rəna xanım məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılsa da həmin qərar sonradan ləğv edilmişdir. Bundan sonra cavabdeh iddiaçıya məlumat vermədən evi satmışdır. Aparılan tikinti işləri üçün də heç bir icazə alınmamışdır. Orada tikilmiş tikililər özbaşına tikililərdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə evləndikdən sonra, 1998-ci ildə Bakı şəhərinə gəlmişlər. X16 küçəsində yerləşən evdə kirayədə yaşamışlar. Daha sonra sözügedən evi almışlar. Evin sahəsini artırmamışdır, lakin təmir işləri etmişdi. Evlə bağlı heç bir sənəd yox idi, onu 2000-ci ildə 4500 manat ödəyərək almışdı. İddiaçı nikah pozulduqdan sonra da onunla eyni evdə yaşayıb. İddiaçı 2013-cü ildə evdən çıxıb. Sonra kirayədə yaşayıb. Qarşı tərəf bildirir ki, onun tərəfindən olan təhdidlərə görə evdən çıxıb. Lakin bu doğru məlumat deyil. İddiaçını qonşular qınadıqları üçün, yəni nikahlarının pozulmasına baxmayaraq bir evdə yaşadıqlarını qəbul etmədikləri üçün gedib. Qonşular ona irad bildirirdilər ki, “Ayrılmısan necə hələ də bir evdə yaşaya bilirsən?” Buna görə də iddiaçı evdən çıxdı. Bundan sonra tək qalmaması üçün öz qardaşı və bacısının uşaqları yanına gəldilər. Sonra ailə qurdu. Eşitdiyinə görə 2015-ci ildən sonra xarici ölkəyə köçmüşdür. Həmin vaxtdan da orada yaşayır. Hazırda da oradadır. Bu illər ərzində bir dəfə də olsa gəlib evə dəyməmişdir. Onu məhkəmə qaydasında mənzildən qeydiyyatdan çıxarmışdır. 2022-ci ildə həmin evi 28000 manata digər cavabdehə sataraq həmin evdən köçüb getmişdir. İddaçının evdən çıxıb getməyindən uzun müddət keçdiyindən iddia müddəti də ötürülmüşdür. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, o, evi almaq üçün 2021-ci ilin aprel ayında beh vermişdir. Vasitəçi ilə birlikdə evə baxıb razılığa gəlmişlər. Evin qiymətini 30000 manata razılaşmışdılar. Sonra 2000 manat endirim edildi və evi 28000 manata aldı. 2000 manat behi Cavabdeh1 yazılı şəkildə vermişdir. Həmin vaxt qardaşı, iş yoldaşı, vasitəçi şəxs və Rafiq bəy orada idi, o da onların yanında behi ödəyib. Sənədlə behi verdiyi təsdiqləndi, narazılıq olacağı təqdirdə isə ona 4000 manat ödəniləcəyi bildirilmişdi. Cavabdeh1 ona demişdi ki, həyat yoldaşını məhkəməyə verib, iş yekunlaşan zaman qeydiyyatdan çıxarılacaq. Özünün də qeydiyyatdan çıxacağını demişdi. Daha sonra o, işığı, suyu adına keçirmək üçün müvafiq orqana müraciət edib. Həmin vaxt da bu işlərin həllinə görə Rafiq bəyə 1000 manat pul vermişdi. Rəna xanım 2021-ci ildə qeydiyyatdan çıxıb. Ev isə 2021-ci il sentyabr ayının sonunda ona təhvil verilmişdir. Daha sonra o, evə qeydiyyata düşmək üçün müraciət etmişdi. Lakin qeydiyyatla bağlı problem olduğu üçün qeydiyyata düşə bilməmişdir. Yenidən müraciət etdikdə məhkəmə qərarı ilə qeydiyyata düşmüşdür. Həmin ərazidə çox insan qeydiyyatsız yaşayır. O, evi bir qədər təmir etdirmişdi, lakin evə su axırdı. Buna görə evdən çıxıb kirayədə yaşamalı olub. Evi satmaq istəmişdi, lakin çox ucuz qiymətə satılacağı üçün satmayıb. Bunun üçün evin üzərində ikinci mərtəbə tikməyə qərar verib. İcazə alınması məsələsi ilə bağlı bildirir ki, icazə ilə bağlı heç bir problem olmayıb. Evin 2-ci mərtəbəsinin layihəsi JEK-də var və onun adınadır. 1-ci mərtəbənin də layihəsi onun adınadır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)74/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X10 ilə Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə Saatlı rayon Xanlarkənd İƏV-də bağlanmış və 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh1 arasında bağlanmış nikahın ləğv edilməsi barədə akt qeydləri kitabında 220 nömrə ilə xx.xx.2013-cü il tarixdə qeyd aparılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-1(103)-2049/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 saylı, xx.xx.2022ci il tarixli qərarının icrasında dönüş edilməsi, üçüncü şəxs İddiaçı ünvan 1 ünvanına qeydiyyatının bərpa edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikasi Baki Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərüfati Birliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ərazi üzrə 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi məlumata əsasən onlarda yuxarıda qeyd olunan fərdi yaşayış evinə aid heç bir hüquq müəyyənedici sənəd yoxdur. Evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Fərdi evdə yalnız Cavabdeh2 xx.xx.2024-cü il tarixindən qeydiyyatdadır; - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir; - Cavabdeh1, şahidlər X6, X3, X8, Ələkbərov ELdəniz Fəhrad oğlu və X1 imzaları ilə təsdiq edilmiş yazılı ərizənin surətindən görünür ki, Cavabdeh1 hal-hazırda qeydiyyatda olduğu 34 m2 tikili, həyətyanı sahəsi 25 m2 olan mənzilini xx.xx.2022-ci il tarixində 28000 manata satmağa razılaşıb və xx.xx.2022-ci il tarixində Cavabdeh2 200 manat beh alıb. Əgər razılaşmanı beh verən tərəf Cavabdeh2 pozarsa, verdiyi beh batır, yox, əgər beh alan Cavabdeh1 pozarsa, aldığı behi 2 misli olaraq, yəni 4000 manat geri qaytarır; - 18 saylı MKİS tərəfindən təsdiq edilmiş layihənin surətindən görünür ki, A.Qərib küçəsi, 61A saylı Cavabdeh2 yaşadığı evin eskizi təsdiq edilmişdir; - Məhkəmə tərəfindən 29 oktyabr 2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış protokolundan görünür ki, ünvan 5 ünvanıda yerləşən fərdi yaşayış evi 2 mərtəbəlidir. 2-ci mərtəbə sonradan evin yeni sahibi tərəfindən inşa edilmişdir. 1-ci mərtəbə 2 otaqdan ibarətdir. Fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən otaqların birindən evin arxa tərəfindən yerləşən təxminən 35-40 kv.m-lik həyətə çıxış vardır. 2-ci mərtəbənin sahəsi təxminən 60 kv.m-dir. Əlavə olaraq baxış keçirilən zaman müəyyən olunmuşdur ki, hər iki mərtəbə də Cavabdeh2 tərəindən tələbələrə kirayə verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı, Cavabdeh1 ilə 1996-cı ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikah dövründə ünvan 5 saylı ünvanda yerləşən 2 otaqlı özbaşına tikilini satın almışlar. Tərəflər arasındakı nikah xx.xx.2012-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçı bir müddət mübahisələndirilən mənzildə yaşamış, 2017-ci ildən isə ölkədən getmişdir. Hazırda iddiaçı evin onun razılığı olmadan üçüncü şəxsə satılmasına əsaslanaraq, həmin yaşayış evinə köçürülməsini, digər şəxslərin çıxarılmasını, özbaşına tikilinin artırılmış hissəsinin cavabdehlərin hesabına sökülməsini xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən mənzilin tərəflərin birgə nikah dövründə alınması və nikah pozulduqdan sonra üçüncü şəxsə satılması işin mübahisələndirilməyən halıdır. Bu hal həm iş materialları, həm də tərəflərin izahatları ilə təsdiq olunur. Hazırda araşdırılmalı olan məsələ mübahisələndirilən mənzili əldə edən üçüncü şəxsin həmin mənzil üzrə subyektiv hüququnun olub-olmamasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Eyni Məcəllənin 164-cü maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində əvvəllər iddiaçı keçmiş əri ilə yaşamış olsa da, həmin əmlak üzrə mülkiyyət hüquqlarına sahib olmamışdırlar. İddiaçı mübahisələndirilən evə köçürülməsini xahiş etsə də, məhkəmə tərəfindən onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci ildən ölkəni tərk etmiş, həmin dövrdən əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xarici ölkədə yaşamağa davam edir. Bu hal tərəflərin izahatları ilə də bir daha təsdiq olunur. İddiaçının mübahisələndirilən evdə qeydiyyatda olması mövcud vəziyyəti dəyişdirmir. Hazırki mülki iş üzrə diqqətəlayiq hallardan biri mübahisələndirilən əmlakın tərəflərin birgə nikahı dövründə əldə edilməsidir ki, bu hal iddiaçı və cavabdeh tərəfindən də təsdiq edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Ailə Məcəlləsinin 32.1 və 32.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Qeyd olunduğu kimi, iddiaçı 10 ildən artıqdır ki, həmin evdə yaşamır. İddiaçı birgə nikah dövründə qeyd edilən mənzilin əldə edilməsini bildirməsinə və bu halın tərəflərin izahatları ilə də təsdiq olunmasına baxmayaraq, məhkəmə bir daha vurğulayır ki, mübahisələndirilən fərdi yaşayış evi özbaşına tikili olduğundan, onunla bağlı nə iddiaçının, nə də onun keçmiş ərinin rəsmi mülkiyyət hüquqları olmamışdır. Belə olan təqdirdə isə əmlakın birgə nkah dövründə əldə edilən əmlak kimi nəzərdən keçirilərək ər və arvadın müvafiq hüquqlarının müəyyən edilməsi də qeyri-mümkündür. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Eyni Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı tərəf torpaq sahəsinin və ya mübahisəli yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində cavabdehin və ya hər hansı şəxsin adına qeydə alınmasına dair heç bir sübut təqdim etməmişdir. Bu isə onu ehtiva edir ki, mübahisəli yaşayış sahəsi özbaşına inşa edilmə nəticəsində yaranmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli evə dair hər hansı bir hüququ əmələ gəlməmişdir. Belə ki, insanların yaşamaq məqsədilə istifadə etdiyi bütün obyektlər mənzil hesab edilə bilməz. Çünki mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Hazırkı işdə isə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olması, yəni heç bir hüquqmüəyyənedici sənədi olmaması və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmaması mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Şirinovun şikayəti üzrə 30 noyabr 2018-ci il tarixli Qərarına əsasən, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız “mülki dövriyyənin predmeti olduqda” mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının keçmiş əri olan Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır və onun tərəfindən iddiaçının qeyd etdiyi tikinti-təmir işlərinin aparılması da fərdi yaşayış evinin hazırda onun istifadəsində olmasına dəlalət edir. Həmçinin məhkəmə tərəfindən yerli baxış keçirilərkən həmin evin Cavabdeh2 sahibliyində olduğu müəyyən edilmişdir. Evə 2 ilə yaxındır ki, Cavabdeh2 tərəfindən sahibliyin edilməsi, MKİS tərəfindən təsdiq edilmiş eskiz layihə ilə də təsdiq edilir. Lakin ev özbaşına tikili olduğundan cavabdeh tərəfindən alqı-satqını təsdiq edən sənəd, rəsmi yazılı, notarial qaydada hazırlanmış müqavilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair tələbi əsaslı olmadığından fərdi yaşayış evi ilə bağlı digər tələblər, ondan istifadə etməsinə cavabdehlərin maneçilik edilməsinə son qoyulması, digər şəxslərin həmin yaşayış sahəsindən çıxarılmaları, cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi tələbləri və ondan törəyən digər (hüquqi yardım üçün ödənilmiş 200 manat və ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 300 manat məbləğində pulun 1-ci Cavabdeh1 onun xeyrinə tutulması) tələblər təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikiliyə köçürülmə və sair” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikiliyə köçürülmə və sair” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar