Məhkəmə qərarları › İş №2(005)-2837/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2837/2021

13.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2837/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, onun nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X1, üçüncü şəxs "xxxx" bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxslər X8, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və "xxxx" bank Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxslər X8, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və "xxxx" bank Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı evin Cavabdeh tərəfindən Nikoyl (YELO) BANK-a girov qoyulması barədə müqavilənin və ona həmin bankdan kredit veriməsinə dair müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı evin daşınmaz əmlakın reyestr xidmətində 25.10.2018-ci il tarixdə "xxxx" İKB ASC-nin adına qeydiyyatdan keçməsinə dair aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi; ünvan 2 ünvanındakı evin "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”ndə aparılmış hərracın nəticələri haqqında 12.12.2016-cı il tarixli, 594 nömrəli yekun protokol, habelə 12.12.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-salqısı barədə hərracdan satılmasına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar analarına (İddiaçı1) məxsus olan ünvan 1 ünvanında yaşamışlar. Qardaşları Cavabdeh həmin mənzili ailə üzvlərinin razılığı ilə "YELO”banka (keçmiş Nikoyl Bank) girov qoyub kredit götürmüşdür ki, kommersiya işlərini həyata keçirsin və krediti ödəyəndən sonra yenə ev analarına qayıtsın. Bundan sonra məlum oldu ki, o bunu məqsədyönlü şəkildə edərək analarının və iddiaçıların inamından sui-istifadə edərək onları aldatmış və krediti şəxsi ehtiyaclarına xərcləyərək banka ödəniş elməmişdir. O, krediti ödəmədiyi üçün "Nikoyl” Bank tərəfindən Nərimanov Rayon Məhkəməsində qaldırılmış mülki iddiaya əsasən ev məhkəmənin 2(005)-5167/15 nömrəli qətnaməsi və 14.10.2015-ci il tarixli icra vərəqəsinə əsasən 25.10.2018-ci il tarixdə "xxxx" İKB ASC-nin adına qeydiyyatdan keçmiş və hazırda da onun mülkiyyətindədir. Ev bank tərəfindən hərraca çıxarılmış, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəsi" Hərracın nəticələri haqqında 12.12.2016-cı il tarixli 59A nömrəli yekun protokola, 12.12.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın-alqı-satqısı barədə müqaviləyə əsasən ev satılmışdır, lakin kimə satılması barədə Bank iddiaçılara məlumat verməkdən imtina edir. Sonradan iddiaçılara məlum olmuşdur ki, Cavabdeh həmin mənzili bank əməkdaşları ilə əlbir olaraq öz tanışı, ev alqı-satqısı ilə məşğul olan 19.02.1960-cı il təvəllüdlü, şəxsiyyət vəsiqəsi AZE- 13359515, Salyan rayonunun Seyidlər kəndində pasport qeydiyyatında olan X5 adına yalançı hərracdan alıcı kimi bankda sənədləşdirmiş və onun dəyərini özü ayda 500 manat olmaqla ödəyir. Razılaşmaya görə ödəmə başa çaldıqda mənzili Namis Əliyevin adına mülkiyyətçi kimi sənədləşdirəcəklər və sonra da formal alqı-satqı və ya bağışlama müqaviləsi ilə yenidən mənzili Cavabdeh adına keçirəcəkdir. Mənzil olan bina yaxın vaxtlarda söküləcək və onun mülkiyyətçilərinə yerində inşa ediləcək binadan mənzillər veriləcəkdir. İddiaçılara məlum olmuşdur ki, Cavabdeh bu əməlini asanlaşdırmaqdan ötrü İddiaçı3 qeydiyyatda olduğu ünvan 3 ünvanından 2019-cu ilin sentyabr ayında onun xəbəri olmadan Nərimanov rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsində pasport qeydiyyatından çıxartdıraraq mənzili bankda öz tanışının adına sənədləşdirmiş və indi formal alqı-satqı müqaviləsi ilə yenidən öz adına keçirməyi planlaşdırır. Bunu biləndən sonra İddiaçı3 Nərimanov rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə müraciət etmiş, orada bu faktı təsdiqləyən məsul şəxslər 2020-ci ilin iyun ayında yenidən onu qeydiyyata salsalar da, ona və digər iddiaçılara vurulmuş zərər dəyişməz qalmışdır. Bununla da Cavabdeh iddiaçılara məxsus mənzili faktiki olaraq ələ keçirmişdir. İddiaçılar Nikoyl (YHLO) BANK-a müraciət etsələr də, məhkəmə-istintaq orqanlarının müvafiq qərarı olmadan belə məlumatların verilmədiyini əsas gətirərək iddiaçılara imtina barədə cavab verdilər. İddiaçılar İddiaçı1 və İddiaçı3, onun nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ayrı-ayrılıqda iddia ərizəsinin təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X6 iddia tələbini rədd edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs "xxxx" bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddia tələbini rədd edərək,tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişlər. Məhkəmə tərəflədin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” hərracın nəticəsi haqqında yekun protokoldan müəyyən olunur ki, X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 37 saylı bina, 3 saylı mənzil ilkin satış qiyməti 55 000 manat olmaqla ondan “İpoteka haqqında” Qnunun 43.5 maddəsinə əsasən təkrar hərracda -15% və 43.7-ci maddəyə əsasən -25% endirilməklə 35063 manata "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmza əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi bina 37, 3 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinə məxsusdur və bu barədə 25.10.2018-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsəsən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar kredit və ipoteka müqavilələrinin etibarsızlığına əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilmədilər. Məhkəmə eyni zamanda qeyd edir ki, ilk iddia üzrə iddiaçılar tərəfindən əqdin etibarsızlığı ilə bağlı məhkəmədə iddia bir illik müddət keçdikdən sonra qaldırılmışdır. Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən əqdin etibarsızlığı ilə bağlı tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, müqavilələri etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 9,119,217,216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxslər X8, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti və "xxxx" bank Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə müqavilələrin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar