Məhkəmə qərarları › İş №2(005)-2839/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2839/2021

29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2839/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06.03.1961-cı il təvəllüdlü arvadı X2 03.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ərizəsi ilə bildirir ki, 06.03.1961-ci il təvəllüdlü arvadım X7 03 may 2021-ci il tarixdə ev şəraitində uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etmişdir. Təcili və X5 çağırılsa da, həkimlərin gəlişinə qədər artıq ölüm baş vermişdir. Bundan sonra tibbi ölüm şəhadətnaməsini almaq üçün yaşadığımız ərazi üzrə 18 saylı şəhər poliklinikasına müraciət etdim. Lakin oradan ona bildirildi ki, mərhum yoldaşı həmin poliklinikada stasionar uçotda olmamışdır, tibbi kartı olmadığı üçün həmin şəhadətnamənin verilməsi mümkün olmadı. Bundan sonra 1 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə ölüm şəhadətnaməsinin verilməsi üçün müraciət etdim. Lakin oradan ona haqlı imtina edilərək ölümü təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən 04.05.2021 -ci il tarixli məktubla məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum yoldaşının miras əmlakı üzrə vərəsəlik işinin açılması niyyətindədir. Ölüm haqqında şəhadətnamənin olmaması səbəbindən bunu edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 bildirmişdir ki, ərizəçi onun qohumudur, mərhum isə dayısı qızıdır. O, neçə ay idi ki, ağır xəstə idi, əvvəllər onlar bilmirdi, çünki xəstəliyini gizlədirdi. Axır vaxtlar vəziyyəti çox ağır idi, tez trez baş çəkməyə ggedirdilər, vəfat edəndə də yanlarında idi. Həmin gün təcili yardım çağırmışlar, lakin o gələnədək artıq dünyasının dəyişmişdi. Dəfnüstü abidəsi var, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunub. Məhkəmə iclasında şahid Talıbova Hicran Şakərəm qızı ərizəçinin evində onlara kömək etdiyini bildirərək, mərhuma ağır xəstəliyi ilə qulluq etdiyini bildirmiş, şahid X3 ifadəsinə uyğun ifadə verərək göstərdiklərini təsdiq etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Nərimanov qeydiyyat şöbəsinin 04.05.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyası 1 saylı Bölməsi tərəfindən verilmiş arayışından görünür ki, 03.05.2021-ci il tarixdə, saat 11:05-də X2 adına olan çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, X7 dəfn edilmiş və onun qəbirüstü abidəsi mövcud deyil. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli 600 saylı Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin arayışından görünür ki, X1 rayonu Bakıxanov qəsəbəsindəki Sabunçu Bələdiyyəsinə aid qəbirstanlıqda 03.05.2021-ci il tarixində dəfn edilmişdir. İş materiallarında olan 20.02.1990-cı il tarixdə verilmiş, 264700 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 21.01.1990-cı ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında vətəndaş vəziyyəti aktları qeydiyyatı kitabında 20.02.1990-cı il tarixində 382 nömrə ilə qeyd aparılmışdır. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan AZərbaycan Respublikası DİN ASAN 1 tərəfindən 04.05.2021ci il tarixdə verilmiş araryışdan görünür ki, 06.03.1961-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X11 qızı 03.05.2021-ci ildə Bakı şəhərində vəfat etmiş və Bakıxanov qəsəbəsindəki Sabunçu Bələdiyyəsinə aid qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi arvadının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X11 qızının 03.05.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X11 qızının 03.05.2021-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar