Məhkəmə qərarları › İş №2(005)-2874/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2874/2022

26.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2874/2022 26.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və iddiaçının həmin mənzilə köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanusuz sahibləndiyi Bakı şəhəri, Nərimanov rayonu, X14 3A/18A ünvandan çıxarılması, iddiaçının həmin ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 04 aprel 2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan üç uşaqları olmuşdur. İddiaçı 2005-ci il tarixində Bakı şəhəri 55 saylı MKİS-nin icazəsi ilə iki otaqlı hamam, tualet, mətbəxdən ibarət ev tikmişdir. Hal hazırda həmin evdə passport qeydiyyatındadır. Lakin cavabdeh onun əmlakına qanusuz sahiblənməklə, onu evində yaşamağa imkan vermir. Üç ildirki, o öz evində yaşaya bilmir və evə daxil ola bilmir. İddiaçının X4 ilə də olan nikah pozulmuşdur. Cavabdeh rəsmi surətdə ünvan 3 ünvanda qedyiyyatdadır. İddiaçının oğlu X6 ilə Cavabdeh ilə olan nikah Bakı Şəhəri Nərimanov Rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, 2(005)-126/2022 saylı qətnamə ilə pozulmuşdur. Hal hazırda Cavabdeh iddiaçının ailə üzvü sayılmır. Onun tərəfindən tikilmiş evdən istifadə edə bilmir, həmin evə heç bir hüququ olmayan Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamaq əvəzinə onun evində yaşayır, halbuki, buna heç bir haqqı yoxdur. Hal hazırda onun evi cavabdehin qanunsuz sahibliyindədir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, onun vəkili Vəkil iddianı qəbul etməyərək, məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı, cavbadeh Cavabdeh keçmiş qayınatasıdır. Cavabdeh, iddiaçının oğlu İlqar Əzizovla nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların üç övladları vardır: xx.xx.2016-cı il təvəllüdlü Nigar, xx.xx.2017-ci il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Kamal. Cavabdeh nikaha daxil olduğu vaxtdan əri İlqar Əzizovla birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin evin guya iddiaçıya məxsus olması, evin onun tərəfindən tikilməsi barədə iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki, birincisi həmin evin iddiaçıya məxsus olması barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yoxdur. Digər tərəfdən isə həmin ev heç daşınmaz əmlak kimi dövlət qeydiyyatına da alınmamışdır. Sözügedən ev özbaşına tikilidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi sxemə gəldikdə isə, həmin sxem, bu evin iddiaçıya məxsus olmasını, onun tərəfindən inşa olunmasını təsdiq edən sənəd kimi çıxış edə bilməz müzakirə olunan sxem buna səlahiyyəti olmayan şəxs tərəfindən çəkilmiş, həmin sənəd dövlət qurumuna aid möhürlə təsdiq olunmamışdır. Göründüyü kimi, Mənzil Kommunal İstismar Sahələri hər hansı daşınmaz əmlakın hansısa şəxsə məxsus olmasını, inşa edilməsini təsdiq etmək funkisaları yoxdur. E.İmanov adlı şəxs vəzifə səlahiyyətlərindən (əgər həmin sxem həqiqətən onun tərəfindən çəkilmilşdirsə) istifadə edərək, fiziki şəxs kimi sadə bir sxem çəkərək, məhkəməni yanıltmaq üçüq yaxın tanışı olan iddiaçıya vermişdir. Cavabdehin keçmiş əri İlqar Əzizov daimi işləyən və evə qazanc gətirən olubdur. Həmin evin tikintisini də İlqar Əzizov aparmışdır. Cavabdeh öz ailə üzvləri ilə daimi olaraq həmin evdə yaşamış və hazırda da yaşayır. Cavabdehə aid bütün cehiz və digər əşyaları da bu evdə yerləşdirilmişdir. Cavabdeh keçmiş əri ilə birləşərək hətta evin divarına bitişik qaraj-sex də inşa etmiş və təmir etmişlər. İlqar Əzizov da hal-hazırda həmin sexdən istifadə edərək gəlir əldə edir. Evdə istifadə olunan kommunal xərcləri də Cavabdeh və onun keçmiş əri İlqar Əzizov ödəmişlər. İddiaçının mübahisəli ünvanda pasport qeydiyyatında olması da, onun həmin evin ona aid olması, onun tərəfindən inşa edilməsini təsdiq edən hal deyil. İddiaçı mübahisəli evdə heç vaxt yaşamamış, ev onun sahiblik və istifadəsində olmamış, həmin evdə iddiaçıya aid hər hansı əşyalar olmamış və hazırda da yoxdur. Göstərilənlərə əsasən iddiaçı Əzizağa Əzizovun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. 1987-ci ildən mübahisəli ünvanda yaşayır. İddiaçıya aid mübahisəli ev əvvəl boş torpaq sahəsi olmuş, 2005-ci ildə İddiaçı tərəfindən orada ev tikilmişdir. Onun oğlu İlqar 2005-ci ildə gənc oğlan idi və heç bir qazancı olmamışdır. Fərəh ora gəlin köçərkən ev tam təmir vəziyyətdə olmuşdur. Hal-hazırda da Fərəh və 2 uşağı həmin mübahisəli evdə yaşayırlar. İddiaçı isə tikdiyi evə qoymurlar və onu evdən çıxarmışlar. Məhkəmə iclasında iştirakı iddiaçı tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur. Bakı şəhəri, Nərimanov rayonu, X14, ev 4a ünvanında yerləşən mənzildə yaşayır. Həmin ev 2005-ci ildə inşa olunmuş, atasınındır. İddiaçının oğlu İlqar mübahisəli evin tikintisində, yəni təmir işlərində fəhlə olaraq atasına kömək edirdi. Daha sonra İlqar evlənmiş və həmin evin 2-ci mərtəbəsində yaşamağa başlamışdır. O, həmin vaxt universitetin 2-ci kursunda oxumuş, o da evin tikintisinə maddi köməklik göstərməmişdir. Məhkəmə tərəflərin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı, X7, X11 və X8 Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı mənzilində qeydiyyatdadırlar; 5 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 367137 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı ilə X5 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Əzizov, qadına Əzizova soyadı verilmişdir; Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-126/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 Cavabdeh qarşı uşaqların ataya verilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə ilk iddia təmin, qarşılıqlı iddia rədd edilmiş, X6 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Səadət Sarayında 340 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və X11 anası Cavabdeh anası Cavabdeh yanında saxlanılması qət olunmuşdur. 55 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilmiş İddiaçı məxsus evin sxemində evin 2 otaq, 1 dəhliz və 1 hamamdan ibarət olması göstərilmişdir; Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə **********10000 abonent kodu İddiaçı adına qeydiyyata alınmışdır və ailə tərkibi 1 nəfərdən ibarətdir. Həmin ünvanda “PQ-4” tipli 4 gözlü qaz plitəsi xx.xx.2019-cu il tarixdə quraşdırılmışdır; "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, abunə kodu üzrə (**********A001A) İddiaçı adına sayğac xx.xx.2010-cu il tarixdə qeydiyyatdan keçmişdir. Müxtəlif tarixli qəbzlərdən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı mənzil üzrə "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə müxtəlif tarixlərdə kommunal ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və əvvəl İddiaçı, sonra Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Mübahisəli ev İddiaçı mülkiyyətində olmasa da, onun həmin özbaşına tikilidən öz mülahizəsi ilə istənilən hərəkətləri etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, iş materialları və tərəflərin izahatı ilə müəyyən edilir ki, Cavabdeh həmin tikilinin alınmasında iştirakı olmamış, iddiaçının ailə üzvü olmamaqla İddiaçı aid özbaşına tikilidə yaşaması digərinin hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı ev iddiaçı Seyidova İddiaçı tərəfindən tikilmişdir və hazırda cavabdehin istifadəsindədir. Cavabdeh iddiaçının oğlu X6 ilə rəsmi nikah münasibətlərində olmuş, 2015-ci ildən mübahisəli evdə yaşamış, daha sonra nikah məhkəmə qaydasında pozulmuşdur. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçı hazırda Cavabdeh qeyd edilən evdən çıxarılmasını tələb edir. Cavabdeh tərəf iddianı qəbul etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün “mülkiyyət” hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz...Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Məhkəmə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulub-pozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının ailə üzvü olmayan şəxsin iddiaçının istifadəsində olan yaşayış sahəsini zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. İddiaçı qanunsuz müdaxiləsi nəticəsində tikilidən öz istəyinə uyğun şəkildə istifadə etmək imkanından məhrum olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin müəyyən olunan halına görə, Cavabdeh mübahisəli evdən istifadə edən və yaşayan İddiaçı ailə üzvü deyildir və həmin yaşayış yerində istifadə hüququ olmamaqla yaşayır. Bu kontekstdə məhkəmə Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı evdən çıxarılmalı olması qənaətindədir. Cavabdehin iddiaya etirazı olaraq evin kommunal xərclərinin özü tərəfindən ödənilməsini göstərməsi onun evin inşa olunmasında iştirakını və ya evə dair hər hansı bir hüquq əldə etməsini təsdiq edə bilməz. Bundan başqa, cavabdeh evin inşa olunmasında özünün və keçmiş ərinin rolunun olmasını qeyd etsə də, buna dair sübutlar məhkəməyə təqdim etməmiş, cavabdehin etirazı formal mülahizələrdən ibarət olmuşdur. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı ev İddiaçı tərəfindən inşa edilmiş, nə Cavabdeh, nə onun keçmiş əri X3 həmin yaşayış yerinin inşası, təmirində hər hansı rolu olmamışdır. Cavabdeh həmin ünvanda iddiaçının razılığı olmadan yaşayır və evi tərk etməkdən imtina edir. Hazırda tərəflər arasında münasibətlər gərgindir. Cavabdeh İddiaçı münasibətdə “ailə üzvü” statusuna malik olan şəxs deyil. Bununla belə, Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan iddiaçının sahibliyində olan fərdi yaşayış evində yaşaması sonuncunun həmin evə istədiyi kimi istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən Cavabdeh qanunsuz hərəkətlərin qarşısının alınması üçün Cavabdeh həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və o evdən çıxarılmalı, iddiaçı həmin yaşayış sahəsinə köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı evdən çıxarılmalı, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı mənzilə köçürülməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı mənzildən çıxarılsın. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X12, ev 3A/18A saylı mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar