Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2913/2021 28.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və ödənilməmiş məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh "Avto Azərbaycan” MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsinə bərpa edilməsi və cavabdehdən 15.600 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun və 10.000 manat məbləğində mənəvi zərərin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 01 avqust 1987-ci ildən 26 avqust 1992-ci ilə kimi SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 26 avqust 1992-ci ildən, 22 dekabr 2007-ci ilə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçərək polkovnik-leytenant hərbi rütbəsinədək yüksəlmişdir. 22 dekabr 2007-ci ildən ehtiyata buraxılmış, ehtiyatda olan polkovnik-leytenantdır. “1-ci Qarabağ Müharibəsinin“ iştirakçısıdır və ”Qüsursuz xidmətlərə görə" medalı və digər təltiflərə layiq görülmüşdür. İşlədiyi müddət ərzində heç bir cəza almamış, həmişə tutduğu vəzifədə yüksəlmiş, belə ki, "Avto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətin 33 nömrəli, 02 aprel 2008-ci il tarixli əmri ilə “Hunday Avto Azərbaycan“ MMC-nin servis mərkəzində servis müdirinin müavini vəzifəsinə işə qəbul olunmuşdur. “Hunday Avto Azərbaycan“ MMC-nin 042 nömrəli, 06 aprel 2009-cu il tarixli əmri ilə servis müdirinin müavini vəzifəsindən təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, “Hunday Avto Azərbaycan“ MMC-nin adı 2 may 2005-ci il tarixdə dəyişdirilərək “Avto Azərbaycan'' MMC kimi dövlət qeydiyyatına alınmışdır. “Avto Azərbaycan" MMC-də 27 yanvar 2014-cil il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təsərrüfat və Təchizat Departamenti yaranmış və iddiaçıda həmin Departamentə direktor müavini vəzifəsinə keçirilmiş və bu barədə müdiriyyətlə aralarında 112/3 saylı Əmək Müqaviləsi bağlanmışdır. Yenə “Avto Azərbaycan" MMC-də struktur dəyişikliyi ilə əlaqədar olaraq 16 avqust 2016-cı il tarixli əmrlə Təsərrüfat və Təchizat Departemantinə təsərrüfat müdiri vəzifəsinə keçirilmiş və müdiriyyətlə arasında 112/4 nömrəli Əmək müqaviləsi bağlanmışdır. Yenə “Avto Azərbaycan" MMC-də struktur dəyişikliyi ilə əlaqədar olaraq 22 avqust 2016-cı il tarixli əmrlə Təsərrüfat və Təchizat Departamentinə müdiri vəzifəsinə keçirilmiş və bu barədə aralarında 22 avqust 2016-cı il tarixli 112/5 saylı əmək müqaviləsi bağlanmışdır. “Avto Azərbaycan" MMC-nin təsisçisi- X5 2020-ci ilin dekabrında iddiaçıya şifahi olaraq, onunla işləmək istəmədiyini və onun işdən getməsini istədiyini bildirmişdir. İddiaçı etirazını bildirmiş, təxminən 2-3 gün sonra İnsan resursları departamentinin mütəxəssisi Jalə xanım ona təsisçi tərəfindən digər şirkətə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən çıxma ərizəsini yazmasını təklif etmiş və iddiaçı təklifə etiraz etmiş, daha sonra təsisçinin hüquqşünası Vüqar müəllim iddiaçıya 10.000 pul təklif edərək, işdən çıxması barədə ərizə yazmasını bildirmiş, lakin iddiaçı razılaşmamışdır. Emil İsmayılov tərəfindən imzalanmış 22 fevral 2021-ci il tarixli “Xəbərdarlıq “ məktubu ona təqdim olunmuşdur. Məktubda göstərilmişdir ki, guya iddiaçı öz razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə 9 həftə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Halbuki, aralarında nə yazılı nədə şifahi hər hansı bir razılaşma olmamış və o şirkətdə işlədiyi müddət ərzində peşə xəstəliyinə tutulmuş və nəticədə 2-ci qrup əlil olmuşdur. Sonda isə "xxxx" MMC-nin idarə heyətinin sədrinin 12-k nömrəli, 26 aprel 2021-ci il tarixli əmri ilə onu "xxxx" MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsinə dair 22 avqust 2016cı il tarixdə bağlanmış 112/5 saylı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin " b" bəndinə əsasən xitam verilmişdir. İddiaçı ştat ixtisarı ilə əlaqədar tutduğu vəzifədən azad olunması barədə "xxxx" MMC-nin idarə heyətinin sədrinin 12-k nömrəli, 26 aprel 2021-ci il tarixli əmri ilə razılaşmır. Onun vəzifədən azad olunması barədə əmr Azərbaycan Respublikası Konstitusiyasının 149-cu və Əmək Məcəlləsinin 70-ci, 77-80-ci, 138-ci, 149-cu, 191-ci, 197-ci, 294.1-ci 196-cı maddələrinin, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında“ Azərbaycan Respublikası Qanunun tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Belə ki, həmin əmrdə göstərilmişdir ki, guya “Avto Azərbaycan “ MMC-də əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti ilə əlaqədar olaraq tutduğu təchizat və təsərrüfat departamentinin müdiri vəzifəsi qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. Həqiqətdə isə "xxxx" MMC-də əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti əsaslı struktur dəyişikliklərinin aparılması baş verməmişdir. Cavabdeh qəsddən bilə-bilə “ştat ixtisari“ adı altında iddiaçını əsassız və qanunsuz olaraq işdən azad edərkən Əmək Məcəlləsinin 78-ci maddəsində göstərilən “ işçilərin ixtisarı zamanı işdə saxlamağa üstünlüyü olan şəxsləri” və həmin Məcəllənin 79-cu maddəsində göstərilən “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halları“ nəzərə alınmamışdır. Halbuki, iddiaçının əmək funksiyasının icrası üçün tələb olunan təcrübəsi və peşəkarlıq səviyyəsi onun tutduğu vəzifəyə uyğun yeni yaradılmış vəzifədə saxlanılan şəxsin peşəkarlıq səviyyəsindən daha yüksək olmaqla o daha təcrübəli işçidir. Daha sonra iddia ərizəsinə əlavə edilmiş rəsmi tibbi arayışdan görünür ki, o 27 dekabr 2019-cu il tarixdə iş yerində 2-ci qrup müddətsiz əlil olmuş, əlil olmasına səbəb onun fasiləsiz olaraq illərlə sağlamlığına mənfi təsir göstərən şəraitdə işləməsi olmuşdur. Yəni cavabdeh onun üçün təhlükəsiz və sağlam şəraitdə işləmək şəraitini yaratmamışdır. Nəticədə iddiaçı məhz cavabdehin təqsiri üzündən 2-ci qrup əlil olmuş, cavabdeh yəni işəgötürən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş və onun qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Yəni iddiaçı əmək haqqından məhrum olmaqla maddi itkiyə məruz qalmışdır. Lakin, “Avto Azərbaycan“ MMC-nin onun işdən azad olunması barədə olan, 26 aprel 2021-ci il tarixli “12-k Əmri“ qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırılmadığı halda ƏM-nin 11-ci maddəsinə istinad etmişdir. Bəzi hallarda əmək məzuniyyətinə buraxılması barədə əmirlər verilsə də, müdiriyyətin göstərişi ilə o əmək fəaliyyətini davam etdirmişdir. Əmək fəaliyyətini davam etdirməsinə baxmayaraq ona əlavə əmək haqqı belə ödənilməmişdir. Belə ki, 2008-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayı daxil olmaqla hamıya, o, cümlədən ona əmək haqqı nağd şəkildə şirkətin kassası vasitəsi ilə məxaric vərəqinə imza etməklə verilmişdir. 2017-ci ilin yanvar ayından, 2020-ci ilin dekabr ayına kimi əmək haqqının rəsmi hissəsi “Bank of Baku“ kart vasitəsi ilə ödənilmişdir. Bu ödənişlərlə bağlı əldə etdiyi sənəddən görünür ki, ona nə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya və nədə məzuniyyət pulu ödənilməmişdir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənəvi sarsıntılar və iztirablar keçirmişdir. Bu isə iddiaçının sağlamlığına mənfi təsir göstərmiş və hətta əsəbin, sıxıntının yaratdığı şəraitlə bağlı olaraq tibbi müalicə almışdır. Bütün bu mənəvi əzab çəkməsinin səbəbi cavabdehin onun üstünlük hüquqlarını nəzərə almadan onu işdən azad etməsi olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 12.07.2021-ci il tarixində yazılı etiraz verərək, bildirmişdir ki, iddiaçının tutduğu vəzifə şirkətdə 1 ştat vahidi kimi mövcud olmuşdur və bu səbəbdən AR Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri bu halda tətbiq oluna bilməz. Həmçinin iddiaçının 2-ci qrup əlil olmasının səbəbi peşə xəstəliyi olmadığından, onun AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə istinad etməsi əsassızdır. Beləki, Əlilliyi olan şəxslərin hüquqları haqqında AR qanununun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X2 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. İddiaçının iddia ərizəsində istinad etdiyi tibbi arayışda əlilliyin səbəbi kimi ‘ümumi xəstəlik” göstərilmişdir, yəni nə istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş, nədə peşə xəstəliyinə tutulmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, onun peşəkarlıq səviyyəsi tutduğu vəzifəyə uyğun yaradılmış yeni vəzifədə saxlanılan şəxsin peşəkarlıq səviyyəsindən daha yüksəkdir. Bildirmək istəyirik ki, iddiaçının tutduğu Təchizat və Təsərrüfat Departamenti - müdir” ştat vahidi ixtisar edilmiş və həmin departament Şirkətin rəhbərinin idarəçiliyinə verilmişdir. Yəni iddiaçının qeyd etdiyi həmin ştat vahidi ləğv edilib və bu səbəbdən həmin vəzifəyə heç kim təyin oluna bilməz. Eyni zamanda iddiaçı iddia edir ki, işlədiyi 13 il müddətində əmək məzuniyyətinə buraxılmayıb və məzuniyyət pulu almayıb. İddiaçının məzuniyyətlə buraxılmaması da həqiqətə uyğun deyil. Məhkəməyə təqdim olunmuş əmrlər və arayış, həmçinin bank çıxarışları təsdiq edir ki, iddiaçı hər il məzuniyyətə buraxılmış və məzuniyyət haqqı onun əmək haqqı kartına ödənilmişdir. İddiaçı həmçinin ona cavabdeh şirkət tərəfindən mənəvi zərər vurulmuş və bu səbəbdən 10000 manat məbləğin ödənilməsini tələb edir. Şirkət tərəfindən iddiaçıya yaradılmış əmək şəraiti qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa, iddiaçının xəstə olması nəzərə alınaraq, ona tam ştat vahidinin əmək haqqı saxlanmaqla, yarım ştat iş şəraitinə keçirilmişdir. İddiaçının iddia ərizəsi əsassız olunduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh MMC-nin 26.04.2021-ci il tarixli, 12-K saylı ştatların ixtisar edilməsi haqqında əmrinin surətinə əsasən "Auto Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətində Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 26.04.2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə xitam verilmiş, İddiaçı işdən azad edilməsi ilə bağlı son haqq-hesab verilərkən istifadə etmədiyi 32.5 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsinin təmin edilməsi, ştatın ixtisarı ilə əlaqədar ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta əmək haqqının 2 misli miqdarında işdənçıxma müavinətinin ödənilməsi Maliyyə Departamentinin müdiri X3 tapşırılmışdır; "xxxx" ASC-nin 14.06.2021-ci il tarixli, 2087 saylı arayışından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək haqq kart hesabına -15.01.2021 - 536.80(beş yüz otuz altı manat 80 qəp), 29.01.2021 - 536.80 (beş yüz otuz altı manat 80 qəp); 15.02 2021- 536.80 (beş yüz otuz altı manat 80 qəp); 26.02.2021-536.80 (beş yüz otuz altı manat 80 qəp): 15 03.2021-536.80 (beş yüz otuz altı manat 80 qəp); 31.03.2021-536.80 (beş yüz otuz altı manat 80 qəp); 15.04.2021-536.80 (beş yüz otuz altı manat 80 qəp); 26 04.2021-3348.69 (üç min üç yüz qırx səkkiz manat 69 qəp) vəsait köçurülmüşdir; Cavabdeh MMC-nin 256-51 saylı, 01.08.2014-cü il tarixli əmrinin surətinə əsasən İddiaçı 01.09.2014-cü il tarixdən 08.10.2014-cü il tarixədək, 326-K1 saylı, 15.11.2014-cü il tarixli əmrinə əsasən 02.02.2015-ci il tarixdən 11.03.2015-ci il tarixədək, 11-K1 saylı, 27.02.2016-cı il tarixli əmrinin surətinə əsasən 07.03.2016-cı il tarixdən 05.04.2016-cı il tarixədək, 15-K1 saylı, 28.04.2017-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2017-ci il tarixindən 07.06.2017-ci il tarixədək, 20-K1 saylı, 30.04.2018-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2018-ci il tarixindən 07.06.2018-ci il tarixədək, 16-K1 saylı, 30.04.2019-cu il tarixli əmrinin surətinə əsasən 01.05.2019-cu il tarixdən 07.06.2019-cu il tarixədək, 14-K1 saylı, 30.04.2020-ci il tarixli əmrinin surətinə əsasən 01.05.2020ci il tarixindən 11.06.2020-ci il tarixinədək əmək məzuniyyətində olmuşdur; "xxxx" ASC-nin müxtəlif dövrləri əhatə edən çıxarışların surətinə əsasən İddiaçı hesabına 01.05.2017-ci il tarixdə 352,16 manat; 31.05.2018-ci il tarixdə 352,36 manat; 31.05.2019-cu il tarixdə 496,67 manat; 31.05.2020-ci il tarixdə 527,58 manat pul köçürülmüşdür; Cavabdeh MMC tərəfindən 07.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC-də Təchizat və Təsərrüfat Departamentinin müdiri vəzifəsində işləmiş İddiaçı əmək haqqı kartına 01.05.2017-ci il tarixində 2016-2017-ci məzuniyyət ili üçün 352.16 manat, 31.05.2018-ci il tarixində 2017-2018-ci məzuniyyət ili üçün 352.36 manat, 31.05.2019-cu il tarixində 2018-2019-cu məzuniyyət ili üçün 496.67 manat, 31.05.2020-ci il tarixində 2019-2020-ci məzuniyyət ili üçün 527.58 manat, 26.04.2021-ci il tarixində 2020-2021-ci məzuniyyət ili üçün 1227.22 manat məzuniyyət haqqı ödənilmişdir; İddiaçı ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 02.04.2008-ci il tarixdə 33 nömrəli əmr ilə ”Hyundai Auto Azərbaycan” MMC Servis mərkəzinin servis müdir müavini vəzifəsinə təyin edilmiş, 06.04.2009-cu il tarixdə 042 nömrəli əmrlə həmin şirkətdə vəzifəsindən azad olunaraq təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, 27.01.2014-cü il tarixdə 112/3 nömrəli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin direktor müavini vəzifəsinə qəbul edilmiş, 16.08.2016-cı il tarixdə 112/4 nömrəli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, 22.08.2016cı il tarixdı 112/5 saylı əmri ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin müdir vəzifəsinə keçirilmiş, 26.04.2021-ci il tarixdə 12-K nömrəli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildikdə) xitam verilmişdir; Cavabdeh MMC-nin 27.04.2021-ci il tarixli, 13-K saylı boş olan iş yerinin ləğv edilməsi haqqında əmrinin surətinə əsasən Cavabdeh İdarə Heyətinin sədrinin 14 Yanvar 2021-ci tarixdə təsdiq olunmuş ştat cədvəlindən hazırda boş olan “Təchizat və Təsərrüfat Departamenti müdiri vəzifəsi (ştat vahidi) ləğv edilmiş, struktur baxımından “Təchizat və Təsərrüfat Departamenti”nin tabeçiliyi İdarə Heyətinin sədri müəyyən edilmişdir; Cavabdeh MMC-nin 12.02.2021-ci il tarixli, 05-K saylı iş həcminin azaldılması və ştatların ixtisar edilməsi ilə əlaqədar işçilərin xəbərdarlıq edilməsi haqqında əmrinin surətinə əsasən Cavabdeh MMC-nin İdarə Heyətinin sədrinin 14 Yanvar 2021-ci tarixli təsdiq olunmuş ştat cədvəlində dəyişiklik edilmiş və “Təchizat və Təsərrüfat Departamenti müdir” ştat vahidi ixtisar edilmiş, bir iş həftəsi ərzində ixtisar olunan ştat üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən hallar araşdırılması, ştatın ixtisarı ilə işdən azad ediləcək işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işdənçıxarma müavinətinin və digər təminatların işəgötürən tərəfindən təmin ediləcəyi nəzərə alınmışdır; İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı 02.04.2008-ci il tarixdə 33 nömrəli əmr ilə ”Hyundai Auto Azərbaycan” MMC Servis mərkəzinin servis müdir müavini vəzifəsinə təyin edilmiş, 06.04.2009-cu il tarixdə 042 nömrəli əmrlə həmin şirkətdə vəzifəsindən azad olunaraq təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, 27.01.2014-cü il tarixdə 112/3 nömrəli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin direktor müavini vəzifəsinə qəbul edilmiş, 16.08.2016-cı il tarixdə 112/4 nömrəli əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin təsərrüfat müdiri vəzifəsinə keçirilmiş, 22.08.2016-cı il tarixdı 112/5 saylı əmri ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Təchizat və Təsərrüfat Departamentinin müdir vəzifəsinə keçirilmiş, 26.04.2021-ci il tarixdə 12-K nömrəli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisar edildikdə) xitam verilmişdir; Məhkəmə hesab edir ki, iddia tələbləri vətəndaşın konstitusion hüquqlarından olan əmək hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl-olunub olunmadığı da müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barəsində cavabdehin əmrinin ləğv edilməsi və işə bərpa olunmasına, məziniyyət pulunun ödənilməsinə dair iddia tələbləri əsassızdır. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinə görə, “işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə: 1) orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 2) işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanuni və əsaslı olaraq xitam verilmişdir. Buna görə də iddia rədd edilməlidir.Belə ki, məhkəmə vəzifəsindən azad edilməsi ilə bağlı iddiaçıya 2 ay əvvəldən xəbərdarlıq edilməməsinin qanunvericilik pozuntusu olması barədə, eləcə də işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsinə aid olması barədə dəlillərini əsassız sayır. Digər tərəfdən iddiaçının peşəkarlıq səviyyəsinin hansı əsaslarla müəyyən edildiyinin əsaslandırılmadığı ilə bağlı dəlilinə də qiymət verərək qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, “müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə”. Başqa sözlə, əmək qanunvericiliyi işçinin peşəkarlığının qiymətləndirilməsi səlahiyyətini müstəsna olaraq işəgötürənə aid etmişdir və hazırkı işin hallarından işəgötürən Cavabdeh MMC bu səlahiyyətindən istifadə edərək iddiaçıdan daha yüksək peşəkarlığa malik olduqlarını hesab etdiyi işçiləri işdə saxlamış olduğu aydın olur. Digər tərəfdən, iddia ərizəsində göstərildiyi kimi – işçinin həmin müəssisədə əmək şikəstliyi alması və ya peşə xəstəliyinə tutulmuş olması və əlilliyinin bu səbəbdən verilməsi sübut olunmur. Cavabdeh tərəfindən işçilərin sayının azaldılması və ştatların ixtisar edilrnəsi barədə əmr qəbul edilərkən hüquqdan sui-istifadəyə yol verilməsi müəyyən edilmir. İşdən müəyyən olunur ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsası onun tutduğu ştatın ixtisarı ilə bağlı olaraq onunla əmək müqaviləsinə xitam verildikdən sonra həmin ştata işçi qəbul etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində, ixtisar zamanı işdə saxlanmasına üstünlük verilməli olan şəxslərin dairəsi təsbit edilmişdir və iddiaçının həmin kateqoriya şəxslərdən olduğu müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının əmək müqaviləsi işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən, onun əmək müqaviləsinin işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qanunidir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddia tələbinin «cavabdehdən 15.600 manat məbləğində ödənilməmiş məzuniyyət pulunun və 10.000 manat məbləğində mənəvi zərərin alınıb ona verilməsi» hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, işin faktiki halları ilə bu təkzib olunur. İş materiallarında iddiaçıya məxsus bank hesabından çıxarışda olan ödənişlərin verilmə tarixi ilə işçinin əmək məzuniyyətinə buraxılması barədə əmrlərin tarixi eyni dövrü əhatə edir. Belə olan halda, istifadə etmədiyi əsas məzuniyyətlərə görə pul əvəzinin ödənilməməsi barədə iddiaçının qeyd etdikləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi əmrlərdən aydın olur ki, iddiaçıya əmək məzuniyyəti verilmiş və bu ödənişlər təqdim olunan hesabdan çıxarışlarda əks olunmuşdur. İddiaçının mənəvi ziyan tələbi digər tələblərdə asılı tələb olduğundan məhkəmə bu hissədə də iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və ödənilməmiş məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və ödənilməmiş məzuniyyət pulunun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2913/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2913/2021
28.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver