Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-296/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Hünay BH MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk; İddiaçı Cavabdeh1 cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Hünay BH MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24931 (iyirmi dörd min doqquz yüz otuz bir dollar) ABŞ dolları əsas, 5637.11 (beş min altı yüz sentotuz yeddi dollar 11 sent) ABŞ dolları faiz, 2454.07 (iki min dörd yüz əlli dörd dollar 07 sent) ABŞ dolları cərimə borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumun cavabdehlər Günay BH MMC və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, 8 saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Günay BH MMC və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 37846 (otuz yeddi min səkkiz yüz qırx altı) ABŞ dolları məbləğində kredit verilmişdir."xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 (altmış) ay müddətində illik 10 (on) faiz dərəcəsi ilə 37846 (otuz yeddi min səkkiz yüz qırx altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən - Günay BH MMC ilə bank arasında 06 aprel 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1,8 saylı mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə ipoteka qoyan - borc alan Cavabdeh1 arasında 25 yanvar 2014-cü il tarixli 23-3268 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələbetməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********238 saylı 05 avqust 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 09,07.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 33022.18 (otuz üç min iyirmi iki dollar 18 sent) ABŞ dolları təşkil edir. Bundan 24931 (iyirmi dörd min doqquz yüz otuz bir dollar) ABŞ dolları əsas, 5637.11 (beş min altı yüz otuz yeddi dollar 11 sent) ABŞ dolları faiz, 2454.07 (iki min dörd yüz əlli dörd dollar 07 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Daha sonra Cavabdeh1 LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23-3268.2 saylı xx.xx.2017-ci il tarixli Əlavə Kredit Müqaviləsinin etibarsız hesab olunaraq, artıq ödənilmiş vəsaitin məbləği müəyyən olunaraq LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin icraatında ilkin cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilkin Cavabdeh1 qarşı 2(005)- 4970/2021 saylı kredit müqaviləsinin ləğvi, borcun qaytarılması və s. tələbi üzrə mülki işə baxılır. Lakin tərəflər arasında müqavilə münasibətləri 23 yanvar 2014-cü il tarixli 23-3268 saylı əsas kredit müqaviləsinin bağlanması ilə rəsmiləşdirilmişdir. Əsas Kredit müqaviləsinə əsasən cavabdeh 57500 ABŞ Dolları məbləğində kredit almağı, 06 aprel 2016-cı ilədək həmin kredit mebleğindən 48991 ABŞ dolları ödəniş etmiş, cəmi 8509 ABŞ Dolları borcu qalmışdır. Bundan sonra ilkin cavabdehin adına Əlavə Kredit Müqavilesi adı altında 23-3268.2 saylı xx.xx.2017-ci il tarixli müqavilə bağlanmış, güya ona 37846 ABŞ dolları Kredit verilmiş və nəticədə onun hüquqları pozulmuşdur. İkinci müqavilə üzrə cavabdeh 23735 ABŞ dolları ödəniş etmiş, əgər verilən kredit məbləğinə və ödənişlərə baxılsa cavabdehin iddiaçıya 14111 ABŞ dolları borcu qalmalı idi. Bütün bu müddət ərzində iddiaçı dəfələrlə cavabdehi inandırmağa çalışmışdır ki, guya etdiyi ödənişlər gecikmələrə görə hesablanmış faizlər olmuşdur. Halbuki ödəniş tarixlərinə və cədvələ görə müəyyən olunmuş əsas borc və faiz borcunun məbləğindən fərqli qaydalar tətbiq olunaraq iddiaçı tərəfindən rəqəmlərdə öz xeyrinə hesablamalara yol verilmişdir. Cavabdehin etdiyi ümumi ödeniş məbləği 72789 ABŞ dolları təşkil etmişdir, lakin cavabdehin hələ də iddiaçıya guya 33022 AB, dolları borcu olduğunu israr etməsi absurddur. İddiaçı əlavə kredit müqaviləsini bağlayarkən cavabdehə bildirmişdir ki, bu sadəcə prosedurdur, müqavilənin müddətinin bitməsinə az müddət qaldığı üçün müddətin uzadılması ilə bağlı əlavə müqavilə bağlanacaq, ondan sonra cavabdeh qalan məbləği ödəyərək borcunu bitirmiş olacaqdır. Rəsmi prosedura uyğun olaraq cavabdehə sənədlər imzalatdırmış və guya kedit verilmişdir kimi göstərməklə cavabdehin üzərinə qanunsuz öhdəliklər qoyulmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə, saat 15:47-də cavabdeh (borc alana) Cavabdeh1 guya 37846 ABŞ Dolları ödəniş etmiş və elə həmin gün 28 dəqiqə fərqi ilə, yəni 16:15-də guya 37846 ABŞ Dolları vəsaiti kassadan məxaric edərək almışdır. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı cavabdehi yanıldaraq onun üzərinə əlavə öhdəlik qoymuşdur. Məhkəmə iclasında iddiaçı İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçınin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 ilk iddia tələbini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 23-3268 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 120 ay müddətinə, 200000 manat məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23-3268.2 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 60 (altmış) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 37846 (otuz yeddi min səkkiz yüz qırx altı) ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə krediti qəbul etməyi, həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, BƏK küçəsi, ev 1 mənzil 8 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 68000 manat müəyyən edilmişdir; İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 23- 3268.2 saylı zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə yaranmış borcun, habelə faizlərin, məhkəmə xərclərinin və öhdəliyin icra edilməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi üçün zamin Cavabdeh2 MMC borcalan Cavabdeh1 ilə İddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür; Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh1 60 ay ərzində, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 804,25 (sonuncu ay 801,72) ABŞ dolları ödəməli idi; İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 24931 ABŞ dolları, faiz borcu üzrə 5637,11 ABŞ dolları, cərimə borcu üzrə 33022,18 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı-nin xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydiyyata alınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8 İddiaçı-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə 2041 nömrəli reyestr kitabının 188694 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli 9/1964 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 06 aprel 2017-ci il tarixli 23-3268.2 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 İddiaçı-nə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz borcu üzrə - 5135,63 ABŞ dolları. xx.xx.2021- ci il tarixə olan borcu: əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz borcu üzrə - 5800,83 ABŞ dolları təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 may 2022-ci il tarixli ƏEM/M 06-346/22 qiymətləndirmə rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8-in bazar dəyəri 95.000 manat, likvid dəyəri 90000 məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən borcluya 60 (altmış) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 37846 (otuz yeddi min səkkiz yüz qırx altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh2 MMC arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqavilələri imzalanmışdır. Zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini və ekspert rəyini nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən İddiaçı-nin xeyrinə 24931 (iyirmi dörd min doqquz yüz otuz bir dollar) ABŞ dolları əsas, faiz boocunun tutulması hissəsində isə qismən təmin olunaraq ekspert rəyi möhtəbər sübut kimi qiymətləndirilməli, kredit müqaviləsinin bitmə tarixinə qədər olan faiz borcu - 5135,63 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Məhkəmə iddia ərizəsinin kredit müqaviləsinə əsasən əsas borca hesablanmış cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli, xx.xx.2017-ci il tarixli kredit razılaşması üzrə 500 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh1 37846 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 MMC borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8 İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlanarkən əmlak 68000 manata qiymətləndirilmişdir (2.3-cü bənd). Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda torpaq sahəsinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8-ə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq əmlakın qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 may 2022-ci il tarixli ƏEM/M 06-346/22 qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8-in ilkin satış qiyməti onun likvid dəyəri məbləğində 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının müraciəti əsasında İddiaçı ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçıya 37846 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı, ona hesablanmış faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanacaq dəbbə pulunu ödəməyi barədə öhdəlik götürmüşdür. Hazırda iddiaçı qeyd edilən müqavilələrin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçı iradə ifadəsini bildirməklə həmin müqaviləni imzalamış və müqavilə ilə müəyyən edilmiş kredit məbləğini bankdan qəbul etmişdir. İddiaçının bu müqavilənin bağlanmasına məcbur edilməsi halı müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfindən həmin kredit müqaviləsinin şərtləri ilə tanış olmasını və bəyənməsini ehtiva edir. Hər bir halda, kredit müqaviləsinin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi kredit müqaviləsinin etibarsızlığı hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə araşdırması zamanı kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəyə əsasən Cavabdeh1 banka xx.xx.2021-ci il tarixə əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz borcu üzrə - 5135,63 ABŞ dolları; xx.xx.2021-ci il tarixə əsas borc üzrə - 25749,67 ABŞ dolları, faiz borcu üzrə - 5800,83 ABŞ dolları təşkil edir. Bu halda qarşılıqlı iddia tələbinin “artıq ödənilmiş pulun geri qaytarılması” hissəsində də əsassızlığı sübuta yetirilmiş olur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu, həmçinin 145 manat və 400 manat məbləğində ekspertiza xərcləri cavabdehlərə aid edilsin. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada İddiaçı-nin xeyrinə 24931 (iyirmi dörd min doqquz yüz otuz bir dollar) ABŞ dolları beş yüz dollar) əsas, 5135,63 (beş min yüz otuz beş dollar, altmış üç sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə borcu, cəmi 30566,63 (otuz min beş yüz altmış altı dollar altmış üç sent)(Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8-ə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8-in ilkin satış qiyməti 90000 (doxsan min) manat məbləğində müəyyən olunsun. Bakı şəhəri, Nərimanov rayonu, Bək küçəsi, ev 1, mənzil 8 açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh LPO İddiaçı-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Ekspertiza xərci olan 400 (dörd yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-296/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-296/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver