Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2971/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X4 arasında Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/11/2023-0653 saylı barışıq sazişinin birgə nikahlarından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində alimentin ona verilməsi hissəsində təsdiq edilməsi, eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşınadək 100 manat sabit pul məbləğində aliment müəyyən edilərək icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə 1 Saylı “Asan” Xidmət X2 nikaha daxil olub ailə qurmuşdur. Nikahları 956 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Tərəflər arasında nikah mübahisəsinin həlli, eyni zamanda alimentlə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/11/2023- 00653 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə 1 Saylı “Asan Xidmət” X2 bağlanmış nikahın məhkəmə qaydasında pozulması barədə razılığa gəlinmişdir. Eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 onun himayəsində qalması və xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, hər ayın 14-ü 220 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə razılığa gəlinmişdir. Eləcə də Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X5 ilə həftə sonları saat 09:00-18:00-dək ünsiyyət qurmağına şərait yaradılacağı barədə razılaşma olmuşdur. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icras olunmalıdır. Lakin həmin müddət keçməsinə baxmayaraq bu günədək X4 alimentin ödənilməsindən tamamilə yayınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarda qeyd edilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək, aliment barədə razılaşmalarından məlumatının olmadığını, sazişə qol çəkdikdən sonra bu barədə öyrəndiyini, aliment ödəmək imkanına malik olmadığını bildirmiş və ərizəçinin tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-00653 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, nigahın bağlanması haqqında akt qeydlə kitabında 956 nömrə ilə qeydə alınmış nikahın pozulmasına ve bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci tərəf övladları xx.xx.2023-cü il doğum tarixli X3 birinci tərəfin himayəsində qalmasına etiraz etmir.
3. İkinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2023-cü il doğum tarixli X5 yetkinik yaşına çatanadək, hər ayın 14-nə qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
4. Birinci tərəf ikinci tərəfə övladları xx.xx.2023-cü il doğum tarixli X5 ilə həftə sonları günün saat 09:00-18:00-dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maraqlı şəxsin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəf barışıq sazişi bağlanarkən aliment məsələsindən məlumatının olmadığını bildirsə də, bu inandırıcı hal deyildir, həmçinin həmin halı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, valideynin işləməməsi, qazancının az olması onu uşağını saxlamaq və minimum dolanacaq xərclərini ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-00653 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2023-cü ilin aprel ayının 14-dən başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-00653 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, nigahın bağlanması haqqında akt qeydləri kitabında 956 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. İkinci tərəf övladları xx.xx.2023-cü il doğum tarixli X3 birinci tərəfin himayəsində qalmasına etiraz etmir.
3. İkinci tərəf birinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2023-cü il doğum tarixli X3 yetkinik yaşına çatanadək, hər ayın 14-nə qədər 220 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
4. Birinci tərəf ikinci tərəfə övladları xx.xx.2023-cü il doğum tarixli X5 ilə həftə sonları günün saat 09:00-18:00-dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2023-cü il tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonar bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva