Məhkəmə qərarları › İş №2(005)-3042/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3042/2022

13.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3042/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru Ramil Qasımzadənin iştirakı ilə Ərizəçi və Maraqlı şəxs arasında bağlanılmış 10 may 2022-ci il tarixli, MŞB/5-01749 saylı Barışıq sazişinin təsdiq edilməsi, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizənin verilməsi üçün tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxslə nikahları Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-387/2018 saylı Qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir.Qeyd edilir ki, 06 aprel 2022-d il tarixdə uşağı ölkə hüdudlarından istirahət məqsədilə çıxarmaq üçün müddətsiz etibarnamənin verilməsi tələbi ilə mediasiyaya müraciət etmiş və müraciəti MŞB/5-01740 nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra həm iddiaçının, həm də Maraqlı şəxs mediasiya prosesində iştirakı baş tutmuş və aralarında Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru Ramil Qasımzadənin iştirakı ilə 10 may 2022-ci il tarixli. MŞB/5-01749 nömrəli Barışıq sazişi bağlanılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs barışıq sazişinin şərtlərinin pozulmadığını, ərizəçiyə müvafiq qaydada təsdiqlənmiş ərizənin təqdim etdiyini bildirərək, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2022-ci il tarixli Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır. 2.1. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf Ərizəçi ilə birgə nikahdan olan övladları X2 istirahət məqsədilə xarici ölkəyə aparılması, ölkə hüdudlarından çıxarılması üçün müddətsiz etibarnamənin verilməsinə razılığını ifadə edir. 2.2.Tərəflər qarşılıqlı olaraq razılığa gəlirlər ki, X2 xarici ölkəyə aparılması üçün müvafiq sənədləşdirmə işlərinin görülməsi, həmçinin pasportunun alınması üçün ana Ərizəçi əlahiyyətlərin verilməsinə ata Maraqlı şəxs heç bir etirazını bildirmir və gələcəkdə buna dair heç bir etirazı olmayacağını bəyan edir. 2.3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 2.4. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edilirlər. 2.5. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə, icra və probasiya şöbəsinə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 2.6. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 2.7. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.1.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2.Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşə bilər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasıya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. 3.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.4.1.bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.4.2.bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.4.3.mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.4.4.qarşı tərəfin yazılı icazəsi ilə; 3.4.5.yaxın qohumlara; 3.4.6.Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.5. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 3.6. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi" və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. 3.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 2.1-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ərizəçiyə xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasından kənara istənilən xarici dövlətlərə gedib qayıtmasına heç bir etirazının olmadığı barədə notarial təsdiqlənmiş ərizə vermişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq sazişi təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar