Məhkəmə qərarları › İş №2(005)-3057/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3057/2025

02.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3057/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (əri) X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Nərimanov rayon Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşamış mərhum X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X8 ünvan 1 ünvanında yaşamış, xx.xx.2025ci il tarixdə yaşadığı ünvanda vəfat edərək Abşeron rayonu, Mehdiabad 2-ci sovxoz qəbiristanlığında dəfn olunmuşdur. Atasının vəfatından 10 gün sonra mirası qəbul etmək üçün notariat ofisinə müraciət edərkən, atasına aid ölüm haqqında şəhadətnamə təqdim edilməli olduğu bildirilmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 37 nömrəli şəhər poliklinikasına ünvanladığı sorğuya X2 ölümü haqqında tibbi şəhadətnamənin verilə bilinməyəcəyi barədə cavab verilmişdir. 7 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində ölüm faktının təsdiq olunması üçün aiddiyyatı üzrə məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X12 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, X1 həyat yoldaşıdır, boşanmalarına baxmayaraq əlaqələri mövcud olmuşdur. Mərhum 7 may tarixdə vəfat etmiş, Mehdiabadda dəfn olunmuş, Qızılgül mərasim evində yas mərasimi keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X8 onun qonşusu olmuşdur. Mərhum xx.xx.2025-ci il tarixdə vəfat etmiş, Mehdiabadda dəfn olunmuş, Qızılgül mərasim evində yas mərasimi keçirilmişdir. İş materiallarında olan: AZE seriyalı, 13099476 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Ermənistanın Allahverdi rayonunda doğulmuşdur; xx.xx.2025-ci il tarixli Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:13-də X2 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir; xx.xx.2025-ci il tarixli “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 37 nömrəli şəhər poliklinikasının məktubundan görünür ki, X2 ölümünün qeydə alınması onun ölümünü təsdiq edən sənəd olmadığından mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilər; Qəbirüstü abidənin fotoşəkillərindən görünür ki, abidədə “X8 xx.xx.1962-xx.xx.2025” yazısı əks olunmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1962-ci il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi atasının ölümü haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar