Məhkəmə qərarları › İş №2(005)-3209/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3209/2020

27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3209/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili Vəkil1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “imtina ərizəsinin etibarsızlığı və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun imza etdiyi Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ sahəsindən imtinaya dair **********711 saylı ərizənin etibarsız hesab edilməsi və həmin bağ sahəsinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx xxxx 2013-cü il tarixdə Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 545 saylı rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan üç övladları dünyaya gəlmişdir. 2016-cı ildə Sabunçu rayon Maştağa qəsəbəsi ərazisində 2 sot torpaq üzərində inşa edilmiş 3 otaqlı bağ sahəsini öz şəxsi vəsaiti hesabına, daha dəqiq desək 33000 (otuz üç min) manat məbləğində əldə etmişdir. Sözügedən bağ sahəsinin ilkin sahibi Cavanşir adlı şəxs olmuş, o isə etibarnamə əsasında Axundov Mirkərim Böyükağa oğluna vermişdir. Mirkərim isə Ədilə adlı şəxsə vermiş, iddiaçı da həmin bağ sahəsini Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat ofisində etibarnamə əsasında ondan almışdır. Bağ sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışı olmadığı üçün aralarında rəsmi alqısatqı müqaviləsi bağlanmamış, bağ sahəsinə dair bütün səlahiyyətlər notariat ofisində etibarnamə əsasında ötürülmüşdür. Hal-hazırda da mübahisəli bağ sahəsinin işıq, qaz, su müqavilələri iddiaçının adınadır. 2019-cu ilin avqust ayında bağ sahəsini kiçik övladına bağışlamaq istəsə də, azyaşlı olduğundan mümkün olmayacağını bildirmişlər. O da bağ sahəsini iş üzrə cavabdeh həyat yoldaşı Ruhiyyəyə bağışlamaq qərarı vermişdir. Həmin ilin sentyabr ayında isə 17 saylı notariusda özü də bilmədən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərkən, əslində evə çıxarış alınması üçün imzaladığını düşünmüşdür. 2020-ci ilin yanvar ayında isə iddiaçıya Nərimanov Rayon Məhkəməsindən bildiriş gəldikdə, hazırki iş üzrə cavabdehin "nikahın pozulması" iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən xəbər tutmuşdur. Bütün bu hadisələrdən sonra iddiaçıya məlum olmuşdur ki, bağ sahəsindən imtina barədə ərizəyə imza çəkmişdir. Halbuki, heç vaxt bağ sahəsindən imtina etmək kimi bir fikri olmamışdır. Bu səbəbdən də torpaq sahəsindən imtina ərizəsi etibarsız hesab edilməli və o məhkəmə qətnaməsi əsasında həmin bağ sahəsində yerləşən evə köçürülməli olduğunu iddia edir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, yazılı ərizə təqdim edərək, izahatında bildirmişdir ki, iddia ərizəsində notariat orqanı tərəfindən xx.xx.2019-cu il tarixli sözügedən **********711 saylı ərizənin etibarsız hesab edilməsinə əsas verən hansı qanun pozuntusuna yol verilməsi göstərilməmiş, hansı qanun normasının pozulmasının ərizənin etibarsız hesab edilməsinə səbəb olduğu əsaslandırılmamışdır. Notariat orqanı tərəfindən əqd reyestrdə qeydiyyata alınıb, təsdiq edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinin tələblərinə riayət edilmiş, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun və Notarial hərəkətlərin aparılması qaydaları"nın tələbləri pozulmamışdır. İmtina ərizəsi təsdiq edilərkən onun təsdiq edilməsinin istisna edəcək hər hansı məhdudiyyət, məcburiyyət və öhdəlik olmamış, notariat orqanı tam qanuni əsasla notariat hərəkətini yerinə yetirərək, ərizəni reyestrdə qeydiyyatdan keçirmişdir. Qeyd edilən hallar ərizənin məzmununda öz əksini tapmış, etibarnaməyə xitam verilməyə dair onun verildiyi İddiaçı “həqiqi niyyətimə uyqundur, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeydinin yanında imza edərək yazılanların doğru və dürüstlüyünü təsdiq etmişdir. Digər tərəfdən, iddia ərizəsində iddiaçı göstərir ki, “2019-cu ilin avqust ayında bağ sahəsini kiçik övladına bağışlamaq istəsə də azyaşlı olduğundan mümkün olmayacağı bildirilmiş, ona görə də bağ sahəsini həyat yoldaşı Ruhiyyəyə bağışlamaq qərarı vermişdir. Həmin ilin sentyabr ayında isə 17 saylı notariusda “özü də bilmədən” Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərkən, əslində evə çixarış alınması üçün imzaladığını düşünmüşdür”. 2020-ci ilin yanvarında isə “nikahın pozulması”na dair bildiriş aldıqda guya ona məlum olmuşdur ki, baş sahəsindən imtinaya dair ərizəyə imza etmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri hallar bir-biri ilə ziddiyyət təşkil edir və bunlar hamısı məhkəməni yalnışlığa doğru istiqamətləndirmək məqsədi daşıyır, əslində iddiaçı tərəfindən imtina ərizəsinin etibarsızlığına əsas ola biləcək heç bir sübut təqdim edilməmişdir ki, onun etibarsızlığına əsas ola bilsin. Cavabdeh hazırda iddiaçı ilə nikahdan doğulmuş 3 azyaşlı uşağı ilə İsveç Krallığında yaşayır və qeyd edilən imtina ərizəsi notariusda yazılıb təsdiq edilərkən orada yaşamışlar. O, vaxtdan Bakı şəhərində olmamışdır. İddiaçı boşanmaya qədər və ondan sonra torpaq sahəsində tikilmiş evdə yaşayır və onun orada yaşamasına heç kim mane olmamışdır. İddiaçı onun uşaqlarının atasıdır və onun həmin evdə yaşamasına onun və valideynləri tərəfindən maneçilik olmayıb və ola da bilməz. Cavabdeh bu mülki iş üzrə cavabdeh deyildir və iddia ərizəsindən də görünür ki, ola da bilməz. İddia ərizəsində iddiaçı kimin tərəfindən aldadıldığını, aldadılmanın necə baş verməsini göstərməmişdir. İddiaçı iddianın məzmunundan da göründüyü kimi öz təşəbbüsü ilə notariat ofisinə gedərək, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.metr torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərək, onu kiçik övladına bağışlamaq istəyini bildirmiş, uşağın azyaşlı olmasına görə mümkün olmayacağını, bildikdən sonra cavabdeh həyat yoldaşı Cavabdeh bağışlamaq qərarını vermişdir. Ərizədə tam və aydın şəkildə Cavabdeh imtina ərizəsinin yazılması və təsdiqində hər hansı təsirinin, və ya aldatmasının olmasından söhbət getmir. Ümumiyyətlə, iddia tələbində torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina ərizəsinin imzalanması və notarial təsdiqində aldatmanın kim tərəfindən edildiyi göstərilməmişdir. Bağ sahəsinə köçürülməyə dair iddia tələbi üzrə bildirir ki, iddiaçını həmin sahədən çıxarılmamışdır. Hal-hazırda da müntəzəm olaraq orada olan üç otaqlı evə istədiyi vaxt gəlib-gedir, ona heç kim maneçilik etməyib və torpaq sahəsindən çıxarmamışdır. İddiaçının köçürməyə dair tələbi də tam əsassızdır. Belə ki, bağ sahəsinin darvazasının və evə giriş qapısının açarları iddiaçıdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1977-ci il tarixdə Azərbaycanda doğulmuşdur; İddiaçı tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli **********711 saylı ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixində 17 saylı notariat kontorunda X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Axundov Mirkərim Böyükağa oğlundan reyestrdə 6471 nömrə ilə qeyd olunmuş torpaq üzərində sərəncam verməyə dair etibarnamə aldığını, həmin etibarnamədən imtina etdiyini və etibarnaməyə xitam verilməsini xahiş etmişdir; Bakı şəhəri 14 saylı Notariat kontorunun 7E-6296 saylı, xx.xx.2019-cu il tarixli notariat işinə əlavə edilmiş, AR-İ saylı, 847917 nömrəli, xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, etibar edilənlər yəni təmsil edilənlər X1 Axundov Mirkərim Böyükağa oğluna ötürmüş, Cavabdeh etibar edilmiş şəxsdir. Etibarnamə üzrə X6 tərəfindən verilən səlahiyyətlər: Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən 0.12 ha bağ sahəsindən 0.002 ha torpaq sahəsinə dair aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra hakimiyyəti, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. Təşkilatlarda nümayəndəm olmağı, adıma olan reyestrdən çıxarış almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, müvafiq sənəd və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulu almağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2094-cü il tarixə qədər qüvvədədir; Bakı şəhəri 14 saylı Notariat kontorunun 7E-6296 saylı, xx.xx.2019-cu il tarixli notariat işinə əlavə edilmiş, AR-İ saylı, 356715 nömrəli, xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi Kazımov Əli(Əliverdi) Cavanşir oğlu Axundov Mirkərim Böyükağa oğluna etibarnamə vermiş, etibarnamə üzrə verilən səlahiyyətlər: Bakı şəhəri, Maştağa qəsəbəsi ərazisində yerləşən 0.12 ha bağ sahəsindən 0.002 ha torpaq sahəsinə dair aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi, müvafiq arayış və sənədləri dövlət və qeyri-dövlət təşkilatlarından götürməyi, vərəsəlik işini açmağı özəlləşmə prosesi ilə əlaqədar Bələdiyyə, İcra hakimiyyəti, DƏDRX, Notariat, Bank və digər kredit təşkilatları və s. Təşkilatlarda nümayəndəm olmağı, adıma olan reyestrdən çıxarış almağı, əmlakı özəlləşdirdikdən sonra üzərində sərəncam verməyi, müvafiq sənəd və arayışları almağı, aldıqdan sonra torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulu almağı, icarəyə verməyi, həmin tapşırıqlarla yuxarıda göstərilən təşkilatlarda nümayəndəm olmağı, ərizələrlə müraciət etməyi, müqavilələr bağlamağı, adından imza etməyi, tələb olunduğu halda məhkəməyə iddiaçı, cavabdeh, zərərçəkmiş, üçüncü şəxs qismində müraciət etməyi, iddia ərizəsini imzalamağı, iddianın predmetini dəyişməyi, məhkəmənin çıxardığı qərar, qətnamə və ya hər-hansı digər hüquqi sənədi götürməyi, digər hərəkətlər etməyi etibar etmişdir. Etibarnamə xx.xx.2094-cü il tarixədək qüvvədədir; xx.xx.2020 il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, məhkəmədə iddia qaldırmaq üçün İddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxış iclasında təqdim edilmiş İddiaçı xx.xx.2017-ci il tarixli **********711 saylı ərizədən görünür ki, xx.xx.2016-cı il tarixində 17 saylı notariat kontorunda X3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsini Axundov Mirkərim Böyükağa oğlundan reyestrdə 6471 nömrə ilə qeyd olunmuş torpaq üzərində sərəncam verməyə dair etibarnamədən imtina etdiyini və etibarnaməyə xitam verilməsini xahiş etmiş, hazırkı iddia tələbində həmin ərizənin etibarsızlığını tələb edir. Ərizənin etibarsızlığı əsası kimi iddiaçı göstərir ki, notariusda özü də bilmədən Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən 200 kv.m torpaq sahəsi üzərində sərəncam verməyə dair etibarnamədən imtina edərkən, əslində evə çıxarış alınması üçün imzaladığını düşünmüşdür. Bu səbəbdən də, hazrırda iddiaçı qeyd edilən əqdin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiqedilən olması üçün kontragent tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Kredit müqaviləsində alınan borcun xarici valyutada ifadə edilməsi bankın iddiaçını aldatmasını iddia etmək üçün yetərli ola bilməz. Konkret halda, əqd bağlanan zaman iddiaçının həmin əqdin məzmununun səhv başa düşməsini iddia etmək inandırıcı və ağlabatan deyildir. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Araşdırma zamanı iddiaçı ilə əqdin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı əqdi (etibarnamədən imtina etməyi barədə ərizəni) imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və ərizəni imzalamışdır. İddiaçı tərəfindəne əqdin (ərizənin) məzmununda yanılmanın olması mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya vacib əhəmiyyətli yanaşmadan bəhs etmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, kredit, ipoteka və zaminlik müqavilələri bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin ərizənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından həmin hissədə iddia rədd edilməlidir. Digər tərəfdən, məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş «Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ sahəsi köçürülməsi» tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia rədd olunmalıdır. Belə ki, iddiaçının, eləcə də cavabdehin məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olundu ki, İddiaçı köçürülməsini tələb etdiyi bağ sahəsinə mütəmadi olaraq gedib-gəlir, bağ sahəsinin açarları özündədir, eləcə də həmin bağa dair kommunal xidmətləri ödəmək barədə qəbzləri məhkəməyə təqdim etmişdir. Belə olan halda, cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə olmamış, İddiaçı cavabeh Cavabdeh tərəfindən ona qarşı hər hansı maneçilik törətməsini sübut edə bilməmişdir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi birgə istifadə olunur. Mübahisəli ev özbaşına tikilidir, tərəflərin hər hansı birinin mülkiyyətində deyil. İddiaçı mübahisəli evə köçürülməsini tələb etsə də, özünün verdiyi izahatla müəyyən edilir ki, Əzizli X5 rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən bağ sahəsindən istifadə edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb, hazırda onun orada yaşamasına maneə törədilmir. Ona görə də, pozulmamış hüququn bərpa olunması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib, yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, İddiaçı Cavabdeh qarşı “imtina ərizəsinin etibarsızlığı və evə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “imtina ərizəsinin etibarsızlığı və evə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şşəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar