Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-81/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mustafazadə Telman Muxtar oğluna (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-X14) qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 30 iyul 2021-ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X5 adından təsdiq edilmiş etibarnamənin, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh1 və etibarnaməyə əsasən X5 adından hərəkət edən İddiaçı arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü ildə X9 ilə nikaha daxil olaraq ünvan 1 ünvanında yaşamışdır. Qeyd olunan mənzildə onlarla birlikdə ərinin birinci evliliyi zamanı olan oğlu-Cavabdeh1 da ailəsi ilə birlikdə yaşamışdır. Lakin son dörd ildə Cavabdeh1 və arvadı Şəhlanı ölən əri özlərini pis apardığı, birgə yaşayış qaydalarına əməl etmədiyi və onu döyərək xəstə saldığı üçün mənzildən qovmuşdur. Həmin mənzildə iddiaçı da qeydiyyatdadır. X4 xx.xx.2021-ci il tarixdə ağır xəstəlikdən ölmüşdür. Ölməzdən 2 ay qabaq X4 Cavabdeh1 və onun ailəsinin yaşadıqları mənzilə qayıdıb yaşamasına icazə vermişdir. Cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək iddiaçıya tezliklə onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyin lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Cavabdehin iddiaçıya qarşı münasibəti dəyişmiş, ona yaxşı baxacağını vəd edərək şirin münasibət yaratmağa başlamışdır. Ölməzdən təxminən 1 ay əvvəl X4 ağır xəstə vəziyyətində ünvan 2 ünvanında yerləşən və orderi onun adına mənzili özəlləşdirmək üçün iddiaçının adına etibarnamə vermək istəyini bildirmişdir. Ancaq ağır yataq xəstəsi olduğu üçün notariusa gedə bilmədiyindən Cavabdeh1 özünü Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən notariat ofisində işlədiyini bildirən Əmir adlı şəxslə yaşadıqları mənzilə gəlmiş və həmin Əmir adlı şəxs onlara demişdir ki, X5 adından etibarnaməni təsdiq edəcək. Bu zaman mənzildə ancaq Cavabdeh1 və özünü notariat ofisinin işçisi kimi təqdim edən Əmir adlı şəxs olmuşdur, onlar ancaq ikisi gəlmişdir, başqa şəxs olmamışdır. Ancaq ərim xəstə olduğu və imza edə bilmədiyi üçün heç bir sənədə imza etməmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, qeyd etdiyi etibarnamə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi surətdə pozulması ilə “təsdiq edilmişdir” və aşağıda qeyd olunan səbəblərdən etibarsız hesab edilməlidir: Belə ki, sonradan iddiaçı etibarnaməni nəzərdən keçirərkən görmüşdür ki, etibarnamənin təsdiq qrafasında sonradan əlavə olunub ki, “otuz iyul iki min iyirmi birinci il Mən, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu bu etibarnaməni təsdiq edirəm.” X1 şəxsən özü iddiaçının iştirakı ilə imza etmişdir. Etibar edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılıb. Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi.” Daha sonra həmin etibarnamənin üzərində bu məzmunda bir qeyd aparılıb: “ onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Sual yaranır ki, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu X6 görmədən necə qeyd edə bilir ki, X1 şəxsən özü iddiaçının iştirakı ilə imza edib? Axı həmin vaxt Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu Cavabdeh2ndə, X9 isə ünvan 3 ünvanında yerləşən mənzildə ağır xəstə vəziyyətdə yataqda olmuşdur. X2 imzaladığı qeyd olunur. Axı bu şəxs kimdir? haradan peyda olub ki? X9 belə bir şəxsi görmədən necə ondan xahiş edə bilər ki, mən xəstəyəm, sən mənim əvəzimə imza et sənədə? Belə bir adamı nə iddiaçı, nə ölən əri görməmişdir, tanımırlar. Əmir adlı şəxs notarius, yaxud notarius köməkçisi və ya notariat hərəkətlərini aparmaq səlahiyyəti olan şəxs olmadan hansı səlahiyyətlə ünvana gəlib “notariat hərəkəti aparır?” Digər tərəfdən, notarius Mustafazadə Telman Muxtar oğlu daha sonra etibarnamədə qeyd aparmışdır ki, “onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi” düzəlişinə inanılsın.notarius: imza və möhür. Axı etibarnamədə düzəliş olmamışdır ki, belə bir qeyd yazılsın. Etibarnamədə sonradan qələm ilə “Onun xahişi ilə xəstə olduğu səbəbindən əvəzinə X15 imza etdi.” əlavəsi yazılmışdır. Məgər notarius Mustafazadə Telman Muxtar oğlu “əlavə edilmə” ilə “düzəlişin” fərqini bilmir? Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi mənzilin bağışlama əqdi də Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi pozulması ilə təsdiq edildiyinə görə etibarsız hesab edilməlidir. Bununla yanaşı cavabdeh atasının ağır xəstə olduğunu və hər an ölə biləcəyini bildirərək ona tezliklə onun adına orderlə olan dövlət mənzil fonduna aid mənzili tezliklə özəlləşdirməyi lazım olduğunu, atası öldükdən sonra bu məsələnin çətinləşəcəyini iddiaçıya demək olar ki, hər gün söyləmişdir. Bu məqsədlə atasının adından qeyd edilən etibarnaməni də Əmir adlı şəxsə “təsdiq etdirmişdir”. Lakin, ölən əri iddiaçıya yalnız mənzilin onun adına özəlləşdirilməsi ilə bağlı etibarnamə vermək istədiyini demişdir və Əmir adlı şəxs cavabdehlə onların mənzilinə gələndə Cavabdeh1 iddiaçıya bildirmişdir ki, bu etibarnamə yalnız mənzili özəlləşdirmək üçün verilib. Bunda sonra iddiaçı cavabdehlə müxtəlif idarələrə gedərək,sənədlərə imza atmış və cavabdeh hər dəfə iddiaçıya bildirmişdir ki, bütün bu sənədləşmə işləri ancaq mənzilin atasının adına özəlləşdirilib çıxarış alınması üçündür. İddiaçı cavabdehə inanaraq sənədlərə imza atmışdır. Lakin hüquqi savadı olmadığından həmin sənədlərin məzmunu barədə heç bir məlumatı və anlayışı olmamış, həmin sənədləri iddiaçıya imza üçün təqdim edən şəxslər də onların məzmununun nə olduğu barədə iddiaçıya heçnə bildirməmişdir. X4 öldükdən sonra cavabdehin iddiaçıya qarşı münasibəti mənfi mənada qəti dəyişmişdir. O, sanki iddiaçını mənzildən uzaqlaşdırmaq istəyərək onu təhqir edir, mənzildən çıxıb getməyi üçün dözülməz mənəvi və məişət çətinlikləri yaratmışdır. Axırda cavabdeh iddiaçını zorla mənzildən qovmuşdur və iddiaçı artıq xeyli müddətdir ki, həmin mənzilə qayıda bilmir. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 iddiaçını aldatmış, iddiaçının etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq, mənzilin özəlləşməsinə dair razılıq ərizəsi əvəzinə iddiaçıya mənzilin bağışlanmasna dair razılıq ərizəsinə və müqaviləyə imza etdimişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Əlavə olaraq məhkəmə tərəfindən ona ünvanlanan suallara cavab verərək bildirdi ki, X4 2021-ci ilin avqust ayının 29-da ölmüşdür. Məhkəməyə yol verilən qanunsuzluq hallarından 1 ilə yaxın müddət keçdikdən sonra müraciət etməsinin səbəbi cavabdeh Habilin onunla sonradan yola getməməsi olmuşdur. İddiaçı vəkilə müraciət edən zaman ona məlum olmuşdur ki, artıq evdən çıxarılmışdır. İmza çəkməyə məcbur edilmişdir, imza çəkməyinin zəruri olduğu bildirildikdə imza çəkmişdir. Mənzilin özəlləşdirilməsi ilə bağlı ərizə yazmaq üçün notariat ofisinə onu Habil aparmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə getməmişdir, çıxarışı Habil almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, etibarnamə iddiaçıya verilmiş və iddiaçı da həmin etibarnamə əsasında müvafiq hərəkətlər etmişdir. İddiaçının etibarnamənin etibarsızlığını mübahisələndirmək hüququ yoxdur. Etibarnamənin etibarsızlığını və ləğvini tələb etmək etibarnamə verənə məxsusdur, hazırda həmin şəxs ölmüşdür. Habelə ekspert tərəfindən etibarnamədəki və notariat ofisinin reyestr jurnalındakı imzanın X14 tərəfindən icra edilməsinə dair rəy verilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddia tələbinin əsassız olduğunu qeyd edərək tələbin rədd edilməsini xahiş etdi. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu məktubla müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu 10 avqust 2022-ci il tarixli 1741 №-li məlumatla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən etibarnamə, bağışlanma nüqaviləsi və ərizələr “Notariat hərəkətlərinin aparılması haqqında təlimat”a və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa tam uyğun olaraq aparılmışdır. Notariat işini araşdırarkən məlum olmuşdur ki, etibarnamə notariat ofisindən kənarda təsdiq edilmişdir. Qeyd edir ki, notariat hərəkətinin notariat ofisindən kənarda təsdiq edilməsi üçün əvvəlcədən bildiriş verilir, vaxt təyin olunur (bu adətən səhər tezdən və işdən sonra həyata keçirilir) və həmin vaxt notarius nəqliyyat vasitəsi ilə təmin edildikdən sonra vətəndaşın evinə gedir. Qeyd edirəm ki, evə getməmişdən əvvəl etibarnamə hazır vəziyyətdə yazılaraq aparılır. Bildiriş verilərkən, xəstə vətəndaşın etibarnaməyə özü imza edib- etməyəcəyi barədə soruşulur. Vətəndaş isə xəstənin imza edəcəyini söyləyir, lakin evə gedərkən bəzi hallarda xəstə halı yaxşı olmadığı üçün imza edə bilməyəcəyini söyləyir. Bu halda Təlimatın 130-cu bəndinə və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər. Etibarnamə imzalanmamışdan əvvəl etibarnamənin məzmunu notarius tərəfindən vətəndaşa oxunur və izah edilir. Etibarnamə səlahiyyət verən vətəndaşın dediklərinə əsasən tərtib edilir. Bütün bunlardan sonra etibarnamə imzalanır. Qeyd edir ki, etibarnamə verilən şəxs notariat hərəkətinin iştirakçısı olmadığı üçün onun orada iştirakı vacib deyil. Etibarnamənin dövlət reyestrində qeydiyyatı vətəndaşın yanında aparılır. Etibarnaməyə imza edən şəxs eyni zamanda dövlət reyestrinin qeydiyyat kitabında imza edir. Notariusun təsdiq qeydində imza edə bilməməsinin səbəbi göstərilməklə, onun xahişi ilə imza edən şəxsin şəxsiyyəti müəyyən edilərək, soyadı, adı, atasının adı yazılır. İddia ərizəsində adı çəkilən Əmir adlı şəxs notariat ofisinin işçisidir və bütün notariat hərəkətlərinin qeydiyyatının aparılması notarius tərəfindən ona həvalə edilmişdir. Həmin şəxs notariusla bərabər notariat hərəkətinin həyata keçirilməsində iştirak edir. Göstərilən etibarnamə hazır vəziyyətdə yazılıb aparıldığı üçün (çünki bildiriş verən şəxsin xəstənin etibarnaməyə özü imza edəcəyini söyləmişdir) onun əvəzinə imza edən şəxsin adı, soyadı sonradan notarius tərəfindən əlavə edilmişdir. Təlimatın 34-cü bəndinə əsasən, notarius təsdiq olunmuş, yaxud verilmiş sənədin mahiyyətini dəyişməyən yalnız aşkar səhvləri və ya aşkar riyazi səhvləri öz təşəbbüsü və ya əlaqədar şəxslərin xahişi ilə düzəldə bilər. Düzəlişlər təsdiq qeydinin sonunda notarius tərəfindən “düzəlişə inanılsın” sözlərindən sonra səhvə və qaralamaya yol verilmədən yazılaraq imzası və möhürü ilə təsdiq edilir. Bu halda düzəliş etibarnamənin məzmununa toxunmadan təsdiq qeydində aparılmışdır. Notariat işindən göründüyü kimi İddiaçı notariat ofisinə şəxsən özü müraciət etmiş, mənzilin Cavabdeh1 bağışlanmasını istəmiş, bağışlanma müqaviləsi ilə əlaqədar bütün proseslər onun təşəbbüsü və fəal iştirakı ilə baş vermişdir. Hətta İddiaçı notariat ofisinə ərizə ilə müraciət edərək mənzilin bağışlanmasına dair öz razılıq ərizəsini də yazmışdır. Bundan başqa etibarnamə İddiaçı verilmiş, mənzilin özəlləşdirilməsini və bağışlanmasını şəxsən həyata keçirmişdir. Onu da qeyd edir ki, notarius hər hansı bir sənədi təsdiq edərkən, notariat hərəkətinin iştirakçısına hüquq və vəzifələrini başa salır. Notariat hərəkəti notariat ofisinə müraciət edən şəxsin sənədləri, onun iradə ifadəsinə uyğun, onun istəyi əsasında tərtib edilir. Bütün bu proseslər hamısı qanunvericiliyə uyğun həyata keçirilmişdir. 16 avqust 2022-ci il tarixli məhkəmə iclasında X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişdir. 27 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X15 bildirmişdir ki, etibarnamənin verilməsində iştirak etmiş, imza çəkmişdir. X9 xəstə olduğundan imza çəkə bilməmiş, buna görə onun əvəzindən imza çəkmişdir. Həmin gün evdə iddiaçı, iddiaçının ölən X4, onun birinci nikahda olduğu dövrdə doğulmuş övladı Cavabdeh1, notarius Telman müəllim, Əmir müəllim və özü olmuşdur. Cavabdeh Habil onun dostudur, Əmir adlı şəxs Telman müəllimin köməkçisi olmuşdur, həmin vaxt Telman müəllim özü də şəxsən orada olmuşdur. Saat təxmini səhər saat 9-a işləmiş, Habil ilə birlikdə əvvəl notariusa getmişdir. Notariusdan həm etibarnamə, həm də kitabı götürüb evlərinə getmiş, hər ikisinə də evdə imza çəkmişdir. Etibarnaməni oxumamışdır, sadəcə adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə həm etibarnamə, həm də kitaba özü imza çəkmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AR-İİ № 404252, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X9 ona məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) xüsusi mülkiyyət hüququ ilə X7 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixli **********377 saylı ərizədən görünür ki, X9 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-05101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmişdir. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 mülkiyyətinə vermişdir. xx.xx.2021-ci il tarixli **********378 saylı ərizədən görünür ki, İddiaçı nikahda olduğu X7 məxsus olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş - Azərbaycan Respublikası “X11” MMC tərəfindən verilmiş 151 №-li, 20 iyul 2022-ci il tarixli mütəxəssis sənədindən görünür ki, xx.xx.2021-ci il tarixli, 40-1143 saylı mülki işin 17-ci səhifəsində tikilmiş A-4 formatlı kağız vərəqdə kserosurətlə çap edilmiş və əsli ilə eynilik təşkil edən №Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” 7-ci qrafasında Nəzərov A.Ə. adından icra edilmiş mübahisəli imza Nəzərov A.Ə. tərəfindən deyil, başqa bir şəxs tərədfindən bənzədilmiş şəkildə icra edilmişdir. Qedy edilən rəy verməyə səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 4-1495 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X9 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E sayl (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X15 tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ mövcuddur, belə ki, münahisə edilən əqd üzrə bağışlanmış mənzil onun ölmüş ərinə məxsus olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdə X9 ilə nikaha daxil olaraq ailə qurmuş, bundan sonra ərinə məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 63 saylı evin, 35 saylı mənzilində yaşamışlar. İddiaçının X4 xx.xx.2021-ci il tarixində ağır xəstə olduğundan ölmüşdür. Ölümündən öncə X9 özünə məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olması səbəbindən etibarnaməyə əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra X9 Notariat ofisinə müraciət edərək Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Əİ İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********47-05101-093069 Reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında mülkiyyətində olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən əmlakı bağışlamaq istədiyini bildirmişdir. X9 tam mülkiyyət üzrə ona məxsus ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən, ümumi sahəsi 70.6 kv/m olan mənzili oğlu Cavabdeh1 bağışlamışdır. Onun əvəzinə Cavabdeh2ndə xx.xx.2021-ci il tarixdə verilmiş 7E-16730 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı imza etmişdir. Bununla yanaşı, İddiaçı nikahda olduğu X7 məxsus olan ünvan 2 (Yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Koroğlu prospekti, 739, M5, m2) ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişdir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk edərək pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X5 adından təsdiq edilmiş etibarnamə verilərkən etibarnaməni Gülverən Əkbərovun adından imzalamış Afət Nəzərovun ümumiyyətlə, orada olmadığını, həmçinin etibarnamədə və notariusun reyestr jurnalında Afət Nəzərovun imzası kimi göstərilən imzaların eyni olmadığını iddia etmişdir. Bununla bağlı iddiaçı rəy vermək səlahiyyəti olmayan mütəxəssisə müraciət etmiş, mütəxəssis də həmin imzaların X12 aid olmadığını bildirmişdir. Bundan sonra Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 4-1495 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2(060)-5301/2022 saylı mülki işin 137-ci vərəqində X9 ilə İddiaçı adlarından olan 30 iyul 2021-ci il tarixli, AR-İİ № seriyalı 404252 saylı etibarnamənin “İmza:” qrafasında “Nəzərov” yazısı və həmin yazının qarşısındakı imza; Cavabdeh2 7E sayl (xx.xx.20219xx.xx.2021-ci il tarixli) reyestr jurnalında 16730 nömrə ilə qeyd edilən sırada “Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında “Nəzərov” yazısı və həmin yazının üst hissəsindəki imza-X15 tərəfindən icra olunmuşdur. İddiaçının iddiasının əsasını təşkil edən dəlili ondan ibarətdir ki, ona verilən etibarnamənin verilməsində notarius iştirak etməmiş, həmçinin etibar edənin əvəzindən imza edən Afət Nəzərov etibarnamənin verilməsində iştirak etmədiyi üçün etibarnamədə olan imza Nəzərova məxsus deyil. İddiaçının bu dəlilləri məhkəmə araşdırması zamanı ekspert rəyi və digər sübutlarla təkzib olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu; 17-ci maddəsinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: 1) əqdləri və etibarnamələri təsdiq edir. 35-ci maddə - Notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun, yaxud notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat; 15-ci maddə- Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülkiyyət hüququnun yaranması yalnız qanunvericilikdə nəzərdə tutulan hüquqi faktın və ya belə faktların məcmusunun olması ilə şərtləndirilir. Belə faktlardan biri kimi ikitərəfli əqd olan müqavilələri qeyd etmək olar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Mülki Məcəlləsini 347.1-ci maddəsinə əsasən - vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma -şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmaması hallarından ibarətdir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikasl Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən- bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Hazırki mülki iş iradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı olduğu üçün iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edilməsinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Göründüyü kimi X3 ilə əlaqədar arvadı İddiaçı verdiyi etibarnaməyə imza edə bilməmiş, lakin iradə ifadəsini bildirərək ona məxsus ünvan 2-i özəlləşdirməyi, özəlləşdirmə ilə əlaqədar bütün sənədləşmə işləri aparmağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, çıxarışı və texniki pasportu almağı, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipotekaya (girov) qoymağı, bank əməliyyatları aparmağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, ƏMDK yanında DƏDRX-nin Ərazi İdarələrinə sənədləri təqdim etməyi, 1 saylı arayışı almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi İddiaçı etibar etmiş, onun xahişi ilə xəstə olmağı səbəbindən əvəzinə X15 imza etmiş, notarius Mustafazadə Telman Muxtar oğlu tərəfindən təsdiq edilmişdir. Bundan sonra iddiaçı həmin etibarnamədən şəxsən özü istifadə edərək mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermiş, həmin mənzili Cavabdeh1 bağışlamışdır. Hazırda etibarsızlığı mübahisələndirilən etibarnamə İddiaçı özünə verilmişdir. Həmin etibarnamə ilə İddiaçı ünvan 2-i özəlləşdirmiş, özəlləşdirməyə razılıq vermiş, həmin mənzili mülkiyyəçinin adından bağışlamışdır. Bununla məhkəmə belə nəticəyə gəlir ki, sadalananlara əsasən X9 iradə ifadəsini könüllü təzahür edərək İddiaçı etibarnamə vermiş, sonuncuda həmin etibarnamə əsasında mənzili Cavabdeh1 bağışlamışdır. Buna görə də etibarnamə və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, 30 iyul 2021-ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X5 adından təsdiq edilmiş etibarnamənin, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh1 və etibarnaməyə əsasən X5 adından hərəkət edən İddiaçı arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı 30 iyul 2021-ci il tarixdə 7E-16730 nömrə ilə reyestrdə qeyd olunmaqla Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən X5 adından təsdiq edilmiş etibarnamənin, Cavabdeh2 xüsusi notariusu Mustafazadə Telman Muxtar oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə 4Ə-1143 saylı reyestrdə qeyd olunmaqla təsdiq etdiyi Cavabdeh1 və etibarnaməyə əsasən X5 adından hərəkət edən İddiaçı arasında bağlanmış mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-81/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-81/2023
31.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver