Məhkəmə qərarları › İş №2(103)-3098/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3098/2022

21.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3098/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı1, İddiaçı3 vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilinin sökülməsinə dair mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar uzun müddətdir ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilində yaşayırlar. Sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilə əsasında yaşadıqları mənzil onların razılıqları olmadan sökülməsi üçün Cavabdeh1 MMC-yə verilməsi barədə razılığa gəlinmişdir. Onların razılıqları olmadan onlara aid şəxsi əşyalar yaşadıqları mənzildən çıxarılmış, mənzilin qapısı cavabdeh şirkət tərəfindən bağlanılmışdır. Onlar hal-hazırda həmin mənzilə buraxılmırlar. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30 dekabr 2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən hesab edirlər ki, müqavilə etibarsız hesab edilməli, onlar istifadə hüquqları olan həmin mənzilə məhkəmənin qətnaməsi əsasında köçürülməlidirlər. Onların üçü mənzilə 1992-ci ildə köçmüşlər, İddiaçı4 isə 1995-ci ildən həmin ünvanda yaşayır. Onların həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mənzildən istifadə hüquqları yaranmışdır. Müqavilə bağlanarkən onların razılığı alınmamış, onlar həmin mənzildən zorla çıxarılmışlar. Bununla da, müqavilə bağlanan zaman mülki qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı3 apellyasiya şikayəti verərək Nəsimi rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli 2(006)-5593/2021 saylı qətnaməsinin tam ləğv olunması və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evdə iddiaçılardan üç nəfər 1992-ci ildən, bir nəfər isə 1995-ci ildən yaşayır. Məhkəmə öz qətnaməsində bildirir ki, iddiaçıların qeyd olunan mənzildə yaşamalarına və s. dair sübutlar təqdim olunmamışdır. Əvvəla, iddiaçıların həmin mənzildə yaşamamalarını məhkəmə iclaslarında heç kim mübahisələndirməmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi nə məhkəmə iclaslarında, nə də tərəflər çıxış edən zaman bunu mübahisləndirməmişdir, hətta bu barədə tərəflərə sual belə verməmişdir. Yalnız yazılı qaydada dəftərxanaya təqdim edilmiş və çıxışlar zamanı heç hakimə dəftərxanadan belə təqdim edilməmiş yazılı çıxışında yaşamaları barədə sübut təqdim edilməməsini vurğulamışdır. Bu çıxış yazılı qaydada dəftərxanaya gec verildiyindən, məhkəmə iclasında səsləndirilməmişdir və nümayəndə yalnız onların görə bilmədiyi çıxışında əks etdirdiklərini təsdiq etdiyini səsləndirməklə kifayətlənmişdir. Ona görə də onlar öz növbələrində qonşular tərəfindən aktı məhkəməyə təqdim edirlər. Həmin akta əsasən qonşular təsdiq edirlər ki, iddiaçılar qeyd olunan mənzildə 1992-ci ildən sökülənə qədər yaşamışlar. Cavabdeh1 MMC həmin mənzildə iddiaçıların qeydiyyatda olmaları və həmin şəxslərin istifadə hüquqlarının mövcudluğu barədə məlumatlı idi və həmin şəxslərin razılıqlarını müqavilə bağlananədək mülkiyyətçidən və ya iddiaçılardan əldə etməli idi. Cavabdehlər arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən mülkiyyətçi Cavabdeh1 MMC-yə yalnız bir neçə sənədlər təqdim etməklə, o cümlədən iddiaçıların razılığını təqdim etməklə mənzili təhvil verir, həmin müqavilənin 2.2-ci bəndinə görə isə Şirkət, yəni Cavabdeh1 MMC mülkiyyətçidən mənzili təhvil alır, yəni 2.1.-ci bəndinə uyğun, o cümlədən iddiaçıların razılıqları ilə birlikdə mənzili təhvil alır. Tərəflər arasında mənzilin başqa təhvil etmə qaydası mövcud deyil. Təəsüflər olsun ki, bunu etməyərək mülkiyyətçi ilə müqavilə bağlayır və mülkiyyətçinin üzərinə həmin öhdəliyi qoyur. Sonradan mənzil sökülməmişdən öncə həmin ərizələri mülkiyyətçidən tələb etmir, halbuki iddiaçılar həmin müqavilədən xəbərsiz olublar və onlar mənzildə olmadığı zaman əşyaları çıxarılmış, mənzilə daxil olmasına qadağa olunmuşdur və nəticədə mənzil artıq sökülmüşdür. Bundan başqa, məhkəmə müqavilənin 3.3.4-cü bəndə istinad edir. Lakin məhkəmə onu nəzərə almamışdır və ya nəzərə almaq istəməmişdir ki, 3.3.4-cü maddəni mənzilin təhvil verilməsi ilə əlaqələndirmək olmaz. Çünki, 2.1-ci maddəsinə əsasən qeydiyyatda olan şəxslər mənzilin Şirkətə təhvil verilməsinə razılıq ərizələri verməli idilər. Həmçinin, iş üzrə digər cavabdeh olan mənzilin mülkiyyətşisi notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirsə də, məhkəmə həmin ərizəyə münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə AR MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. AR Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi bütün iddiaçılara münasibətdə rədd edilsə də, həmin qətnamədən yalnız İddiaçı3 apellyasiya şikayəti vermişdir. Ona göra də, apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin yalnız İddiaçı3 münasibətdə iddianın təmin edilməyən hissəsi təşkil edir. İş materiallarında olan sübutlarla mübahisəsiz qaydada müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzili Cavabdeh2 mülkiyyətində olmuş, iddiaçılar həmin mənzildə qeydiyyatda olmuşlar. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli 45/3 saylı müqaviləyə əsasən Cavabdeh2 öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilini sökülməsi üçün MMC-yə təhvil verməyi, MMC isə həmin mənzili sökərək əvəzində inşa ediləcək hündürmərtəbəli yaşayış binasından mülkiyyətçiyə mənzil verməyi, tikinti işləri yekunlaşanadək ona kirayə haqqı verməyi və onun köçürülməsi üçün maddi yardım etməyi öhdələrinə götürmüşlər. İddiaçı3 Cavabdeh2 qızıdır. Bu Müqavilənin 2.1-ci bəndinə əsasən, mülkiyyəçi mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrini təqdim etməyi öhdəsinə götürmüşdür. İddiaçı3 həmin mənzildə istifadə hüququnun olmasına istinad edərək Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30 dekabr 2020-ci il tarixli 45/3 saylı müqavilə bağlanarkən onun da razılığının tələb olunduğunu, lakin belə bir razılıq vermədiyini, bu səbəbdən də həmin müqavilənin etibarsız olduğunu və özünün həmin evə köçürülməli olduğunu bildirmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçıların qeyd edilən mənzildə yaşamaları, mənzildə onlara aid əşyaların olmasını və mənzildən məcburi şəkildə çıxarılmasına dair dəlillərini sübuta yetirə bilməmələri, mübahisələndirilən müqavilə bağlanarkən qanunvericiliyin tələblərinin pozulmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qanunun bu müddəalarının dispozisiya şərtinə görə, mülkiyyətçi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququna malik olsa da, bu hüquqdan istifadə edilməsinə bir sira məhdudiyyətlər mövcuddur ki, onlardan biri də belə sərəncamın verilməsi nəticəsində üçüncü şəxslərin hüquqlarının pozulmasıdır. Bu baxımdan, hazırkı iddiaya qiymət verilərkən ilk növbədə mübahisələndirilən müqavilənin bağlanması nəticəsində iddiaçının hüquqlarının pozulub-pozulmadığı müəyyən edilməlidir. İddiaçı bildirir ki, o, Cavabdeh2 məxsus mübahisəli mənzildə qeydiyyatda olmuş və 1992-ci ildən orada yaşamaqla, həmin mənzildən istifadə hüququ olmuşdur. Bu səbəbdən həmin mənzilin üzərində sərəncam verilərkən onun razılığı alınnmalı idi. Kollegiya qeyd edir ki, iddiaçı həmin ünvanda daimi olaraq yaşamasını və həmin mənzildə istifadə hüququnun olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bu səbəbdən göstərilən hallar sübuta yetirilməmişdir. Kollegiya iddiaçının mübahisəli ünvanda yaşaması və orada istifadə hüququnun olması ilə bağlı dəlilini həm də ona görə əsaslı hesab etmir ki, iddiaçı qeyd edilən yaşayış sahəsinin hissə-hissə sökülməsini (evin qapı-pəncərələrinin çıxarılaraq aparılmasını), ona məxsus əşyaların mənzildən çıxarılaraq aparılmasını, hazırda isə mənzilin tamamilə söküldüyünü bildirir, amma işlər görülərkən cavabdehlərin bu hərəkətlərinə hər hansı şəkildə etiraz etdiyi iş materialları ilə müəyyən edilmir. (İddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi qonşular tərəfindən tərtib edilərək notarial qaydada təsdiq edilmiş aktı məhkəmə kollegiyası tərəfindən gecikmiş sübut kimi qiymətləndirilərək MPM-nin 380.1-ci maddəsinə əsasən qəbul edilməmişdir). İddiaçının mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı kollegiya qeyd edir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması anlamına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bundan başqa müəyyən edilir ki, mübahisələndirilən müqavilə sökülməsi nəzərdə tutulan mənzilin mülkiyyətçisi ilə həmin ərazidə səlahiyyətli dövlət orqanlarının razılığı və icazəsi əsasında, təsdiq edilmiş layihə üzrə yeni hündürmərtəbəli binanın tikintisini aparan MMC arasında bağlanmışdır. Bu müqavilənin preambulasından görünür ki, göstərilən ərazidəki istifadə müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış və qeyri-yaşayış binalarının tikilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdiyi müqavilənin bağlanmasında məqsəd mübahisəli yaşayış sahəsinin mülkiyyətçidən alınması deyil, sakinlərin sağlam və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həmin yaşayış sahəsinin yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılmasından ibarət olmuşdur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20.05.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhz bu səbəbdəndir ki, mübahisələndirilən müqavilə sadə yazılı formada tərtib edilmiş və notarial qaydada təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilir ki, mübahisə predmeti olan 30.12.2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin yuxarıda sadalanan bütün şərtlərinə əməl edilmiş, habelə həmin müqavilə ilə üçüncü şəxslərin hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə Cavabdeh2 iddianın təmin edilməsinə etiraz etməməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, onunla digər cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün qanuni əsas mövcud olmadığından, habelə onun iddianı etiraf etməsi digər cavabdeh olan Cavabdeh1 MMC-nin qanunla qorunan mənafeyini pozduğundan qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və iddia tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli qətnaməsi İddiaçı3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar