Məhkəmə qərarları › İş №2(005)-3325/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3325/2024

07.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3325/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə, “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində göstərilən: “(aliment tələbi) 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs əlillik dərəcəsinə görə aldığı sosial müavinətin 220 (iki yüz iyirmi) manatını və əlavə olaraq 15 (on beş) manat, cəmi 235 (iki yüz otuz beş manat) manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür” müddəasının məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxs olan Maraqlı şəxs ilə razılığa gələrək, mediasiya haqqında qanuna uyğun olaraq qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişi Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmişdir. Lakin barışıq sazişi şərtləri iş üzrə maraqlı şəxs tərəfindən pozulmuş və barışıq sazişi üzrə öhdəliklərinə əməl edilməmişdir. Belə ki, iş üzrə Maraqlı şəxs tərəfindən müvafiq olaraq, barışıq sazişinin bəndi pozulmuşdur. Belə ki, həmin şərtə əsasən maraqlı şəxs tərəfindən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs əlillik dərəcəsinə görə aldığı sosial müavinətin 220 (iki yüz iyirmi) manatını və əlavə olaraq 15 (on beş) manat, cəmi 235 (iki yüz otuz beş manat) manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Lakin sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetirməmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi nümayəndəsi (anası) X3 ərizəni müdafiə edərək, bildirdi ki, hazırda maraqlı şəxs alimenti hər ay onların dəfələrlə zəngi və müraciətindən sonra ödəyir, lakin onlar bu cür müraciətlərdən yorulublar, istəyirlər ki, barışıq sazişi təsdiqlənərək, icra sənədi məcburi icra edilməsi üçün müvafiq icra qurumuna göndərilsin və aliment hər ay məcburi qaydada maraqlı şəxsin pensiyasından ərizəçinin kart hesabına köçürülsün. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(005)- 227/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və 838 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 701055 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə xx.xx.2016-cı il tarixdə 117 № ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məzmunundan görünür ki, tərəflər aşağıda göstərilən tələblər üzrə göstərilən şərtlərlə razılığa gəldilər: Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs əlillik dərəcəsinə görə aldığı sosial müavinətin 220 (iki yüz iyirmi) manatını və əlavə olaraq 15 (on beş) manat, cəmi 235 (iki yüz otuz beş manat) manat məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə əsasən,. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, mediator X5 tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış Barışıq sazişi qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə “Tərəflər razılaşır ki, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs əlillik dərəcəsinə görə aldığı sosial müavinətin 220 (iki yüz iyirmi) manatını və əlavə olaraq 15 (on beş manat) manat, cəmi 235 (iki yüz otuz beş) manat məbləğində alimenti Ərizəçi ödəməyi öz öhdəsinə götürür.” təsdiq edilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən başlayaraq hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar