Məhkəmə qərarları › İş №2(005)-3411/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3411/2020

28.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3411/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri 3 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 3 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X3 adına Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Cəlilkənd kəndində yerləşən mülkdən imtinasına dair xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisində qeydə alınmış ərizəsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X3 adına Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Cəlilkənd kəndində mülk olmuş və atası xx xxxxxxx 1999cu il tarixdə dünyasını dəyişmişdir. Atasının vəfatından sonra o, mirası faktiki olaraq qəbul etməklə ailə üzvləri ilə birlikdə həmin mülkdə yaşamış və hal-hazırda da həmin mülkdə qeydiyyatdadırlar. Bir müddətdir ki, işi ilə əlaqədar müvəqqəti olaraq Sumqayıt şəhərində kirayədə yaşayır. 2020-ci ilin yanvar ayında cavabdeh olan bacısı Cavabdeh ona müraciət edərək bildirmişdir ki, o, bankla danışıb, atalarından miras qalan evi banka girov qoyacaq, oradan 30 000 manat pul götürməklə 15 000 manatını ona verəcək, qalan 15 000 manata isə iş düzüb qoşacaq və aylıq bank kreditini də özü ödəyəcəkdir. Nüşabə əlavə olaraq bildirmişdir ki, bankda işləyən şəxs onun tanışıdır, yalnız ev onun adına olduğu təqdirdə krediti verə bilər, çünki, həmin adam ona etibar edir. Cavabdeh bacısı olduğu üçün ona inanmış və həmin evin onun adına rəsmiləşdirilməsi üçün xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat Ofisinə getmiş və orada məzmunu ona elan olunmayan bir neçə kağıza imza etdirilmiş və həmin kağızları bacısı götürmüşdür. Lakin, sonradan cavabdeh hər dəfə bir bəhanə gətirməklə ona boyun olduğu 15 000 manat məbləğində pulu verməmiş, yalan vədlərlə onu aldatmışdır. Hətta rayonda yaşayan bacısı Ruhəngizi də eyni qaydada aldatmaqla ondan da paydan imtina barədə ərizə almışdır. Bir müddət sonra isə ona məlum olmuşdur ki, Nüşabə bir neçə şəxsi aldatdığına görə həbs edilmiş, onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi qaldırılmış və o, 3 ay Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Təxminən 2 ay qabaq Nüşabə azadlığa buraxılmış və o, Nüşabə ilə telefon əlaqəsi saxlamaqla nə üçün vəd etdiyi pulu vermədiyini soruşmuş, Nüşabə isə bildirmişdir ki, bank pulu verməkdən imtina etmiş, ona görə də evin sənədləşdirilməsi də aparılmamışdır, yəni ərizəsinə ehtiyac olmamışdır. Lakin bu yaxında ona məlumat çatmışdır ki, cavabdeh ata mülkünü adına keçirmiş və artıq satışa qoymuşdur. Halbuki, həmin evdə o və ailə üzvləri, 3 övladı qeydiyyatdadır. Onların başqa bir yaşayış yerləri də yoxdur. Göründüyü kimi cavabdeh onun inam və etibarından suiistifadə etməklə ona vərəsə kimi çatası mülkü ələ keçirmiş, onu ağır duruma salmışdır. Halbuki, o, mirası faktiki qəbul etmiş yeganə vərəsədir, cavabdeh isə qanun üzrə birinci növbə vərəsə olsa da, mirası heç vaxt faktiki qəbul etməmişdir. O, həmin mirasdan imtina barədə ərizəsinin ləğvi ilə bağlı Bakı şəhəri 3 saylı Notariat Ofisinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Bakı şəhəri 3 saylı Notariat Ofisi xx xxxxxxx 2020-ci il tarixdə 93 nömrəli məktubla məhkəməyə müraciət edərək mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140A, otaq 90 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsində yerləşən, 94,06 m² ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İş materiallarında olan İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş **********001 nömrəli Ərizənin surətindən görünür ki, o, xx xxxxxxx 1999-cu il tarixdə vəfat etmiş atası X4 adına açılmış vərəsəlik işi üzrə mərhuma məxsus miras əmlakdan ona çatası paydan imtina edir və gələcəkdə bu barədə heç bir iddiası olmayacaq. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1999-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan X1 tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış Telegramdan görünür ki, X1 miras əmlakdan öz payına düşən hissədən könüllü olaraq Cavabdeh xeyrinə imtina etdiyini və iddiaçının öz payından könüllü surətdə Cavabdeh xeyrinə imtina etdiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı ünvanlanmış 231 nömrəli məktubdan görünür ki, onun miras əmlakdan ona çatası paydan imtina etməyi barədə xx xxxxxx 2020-ci il tarixdə rəsmiləşdirilmiş ərizəsinin ləğvinə dair müraciətinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1ci maddəsinə əsasən imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə mərhum atası X2 miras qalmış əmlakdan özünə çatası paydan imtina etmiş, iş üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasın mərhum atası X5 miras qalmış Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Cəlilkənd kəndində yerləşən 0,1921 ha torpaq sahəsində yerləşən, 94,06 m² ümumi sahəsi olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə miras əmlak kimi qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumukimi ödənilmiş 10 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri 3 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “miras əmlakdan vərəsə payından imtinaya dair ərizənin etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğvinə dair” iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar