Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3488/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi ilə, Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ilə Cavabdeh1 arasında imzalanmış 26.01.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* nömrəli dövlət mülkiyyət hüququ haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun doğma qardaşıdır. İnqilab ona qarşı Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq atalarının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə kiiçəsi 15 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmiş və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 30.03.2021 -ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Həmin məhkəmə prosesində müəyyən olunmuşdur ki, atasının mülkiyyətində olan və onun doğulub, böyüdüyü mənzil 26.01.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 bağışlanılmışdır. Qanunun tələblərinə görə hesab edir ki, həmin müqavilə etibarsız hesab edilməlidir. İlk öncə həmin müqavilə atasının xəstə olduğu vaxt imzalanmış, imzalayan isə anası olmuşdur. Atası həmin vaxt ağır xəstə idi və öz hərəkətlərini idarə edə bilmirdi, öz hərəkətlərinin mənasını başa düşə bilmirdi. Belə olan halda onun tərəfindən imzalanan əqd etibarlı hesab edilə bilməz. Bundan əlavə bağışlanılan mənzil miras paya daxil olacaq mənzil olmuşdur və qanunvericiliyin tələblərinə əsasən həmin mənzilə onun məcburi pay hüququ olmuşdur. İddiaçıməhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək X1 ilə Cavabdeh1 arasında bağlanılmış 26.01.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli mənzil olan Bakı şəhəri, Nərimanov rayonu, Bünyadzadə küçəsində yerləşən 15 saylı evə dair bağışlama müqaviləsi 26.01.2018-ci il tarixdə bağlanılmışdır. Hədiyyəni verən Şamil Cəfərov 07.08.2019-cu il tarixdə vəfat etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı Aynur Məmmədova 26.01.2018-ci il tarixdə bağışlama müqaviləsi bağlanılarkən notariat qaydada buna razılıq vermiş və həmin əqdin bağlanmasına etiraz etməmişdir. İddiaçının həmin əqdin bağlanmasına etiraz etməməsi, onun gələcəkdə həmin əmlakdan hər hansı pay almaq hüququndan imtina etməsini bildirir. Yəni iddiaçı bağışlama müqaviləsinin bağlanmasına razılıq verməklə miras qoyan Şamil Cəfərov tərəfindən ona bağışlanmaş daşınmaz əmlakdan öz vərəsəlik payından (eyni zamanda məcburi payından) imtina etmişdir. Belə olan halda əgər iddiaçı mübahisəli evin bağışlamasına etiraz etməmişdirsə və buna razılıq vermişdirsə, bu hal onun gələcəkdə həmin əmlakdan məcburi pay almaq hüququnu istisna edir. Hazırki mübahisədən göründüyü kimi əmlakı bağışlamış Şamil Cəfərov iddiaçının məcburi pay hüququnu pozan hər hansı hərəkələ yol verməmişdir. İddiaçı bağışlama müqaviləsinin bağlanmasına etiraz etməyərək notariat qaydada razılıq verdiyi üçün, onun həmin bağışlama zamanı məcburi pay almaq hüququ pozulmamışdır. Belə olan halda İddiaçı hazırda birinci növbəli vərəsə kimi bağışlanan əmlakda hər hansı məcburi pay hüququna malik deyil. Həmçinin, iddiaçı tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələb, həmin müqavilə bağlanıldıqdan 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir. Qeyd olunmalıdır ki, əqd yalnız qanunun tələblərinin pozulması ilə bağlandıqda etibarsız hesab edilə bilər. Mübahisəli bağışlama müqaviləsi bağlanılarkən hər hansı qanunun pozulmasına yol verilməmiş, iddiaçı özü həmin əqdin bağlanmasında iştirak etmiş və onun bağlanmasına razılıq vermişdir. Belə olan halda mübahisəli bağışlama müqaviləsi bağlanarkən hər hansı qanunun tələbləri pozulmadığı üçün, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən məhkəmədən İddiaçı mənə qarşı qaldırdığı 26.01.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(005)-1088/2021 saylı qətnaməsindən görünür ki,iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evdə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Həmçinin bu qətnamə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6911/2021 saylı 06.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(005)-1088/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 26 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evi Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan ərizənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evin Cavabdeh1 bağışlanmasına etiraz etməmişdir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, 26 yanvar 2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X1 Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evi Cavabdeh1 bağışlamışdır. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, 15 saylı evin Cavabdeh1 bağışlanmasına etiraz etməmişdir. Hazırda iddiaçı iddia edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)- 1088/2021 saylı mülki işin araşdırması zamanı ona məlum olmuşdur ki, mübahisəli əmlak 26.01.2018-ci il tarixli bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 bağışlanılmışdır. Həmin müqavilə atasının xəstə olduğu vaxt imzalanmış, imzalayan isə anası olduğundan imzalanan əqd etibarsız hesab olunmalıdır. Bundan əlavə bağışlanılan mənzil miras paya daxil olacaq mənzil olmuşdur və qanunvericiliyin tələblərinə əsasən həmin mənzilə onun məcburi pay hüququ olmuşdur. Cavabdeh iddianı qəbul etmir, etirazında bildirir ki, iddiaçı mübahisəli müqavilə bağlanılarkən notariat qaydada həmin əqdin bağlanmasına etiraz etməməsi, onun gələcəkdə həmin əmlakdan hər hansı pay almaq hüququndan imtina etməsi deməkdir. İddiaçı mübahisəli müqavilənin bağlanmasına razılıq verməklə miras qoyan Şamil Cəfərov (atası) tərəfindən cavabdehə bağışlanmış daşınmaz əmlakdan öz vərəsəlik payından (eyni zamanda məcburi payından) imtina etmişdir. Həmçinin, iddiaçı tərəfindən bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı tələb, həmin müqavilə bağlanıldıqdan 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi, iddiaçı mübahisəli müqavilə bağlanılarkən notarial qaydada razılıq verərək öz iradə ifadəsini bildirmiş və mübahisəli əmlakın cavabdehə bağışlanmasına etiraz etmədiyini şəxsən imzası ilə təsdiqləmişdir. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Bundan başqa məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı etirazındakı hallarla bağlı qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və həmin müddətin tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə göstərilənlərə əsasən məhkəmə bildirir ki, iddiaçı mübahisələndirilən müqavilədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində 2(005)-1088/2021 saylı mülki işin araşdırması zamanı deyil, notarial qaydada razılıq ərizəsi verdiyi tarixdən yəni, 25.01.2018-ci ildən məlumatlı olmuş, əqdin məhkəmə müstəvisində mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür. Bununla da həmin müddət ərzində əqdi mübahisələndirmək hüququndan istifadə etməməsi nəticəsində bu hüququna xitam verilmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3488/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3488/2021
24.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver