Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3518/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, anası, X3 xx.xx.2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 94-də vəfat etmişdir. Anasını el qaydası ilə dəfn etmişdir. Ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Nərimanov rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, anası X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək anası X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 10 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ərizəçi qanunvericiliyin tələbinə əsasən anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarında olan: - AZE seriyalı, 04628280 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1945-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur. Ana qrafasında “X3” qeyd edilmişdir; - Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:58-də X1 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir; - Abşeron rayon Mehdiabad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn edilmişdir; - xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X5, Fərzəliyev Azər və Musayev Rasim aktı imzalayaraq, X1 yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi, ev 94-də vəfat etməsini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mərhum xx.xx.2022-ci il tarixdə xəstəlikdən vəfat etmiş və yas mərasimində iştirak etmişdir. O, Mehdiabad qəbirstanlığında dəfn edilmiş və qəbir üstunə getmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin anası olmuşdur. X3 xx.xx.2022-ci ildə ev şəraitində vəfat etmiş və Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X3 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3518/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3518/2022
12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver