Məhkəmə qərarları › İş №2(005)-357/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-357/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-357/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında əldə edilmiş razılığa əsaslanaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 260.3-cü maddəsinə uyğun olaraq qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 357/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1283 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə daxil olmuş və aparılmış tədqiqatın dəyərinin 100 manat olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə obyektiv və düzgün yekun məhkəmə aktı qəbul edilməsi məqsədilə məhkəmə mühəndis-texniki ekspertizasının aparılması zəruri olduğundan məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. İddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsinə səbəbinin isə cavabdehlə razılığın əldə edilməsi olduğunu nəzərə alaraq məhkəmə, ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulmasını məqsədəmüvafiq və ağlabatan hesab edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçıya barışıq əldə edilməsi məsədilə təkliflər vermiş, son nəticədə tərəflər arasında razılıq əldə edilmişdir. Həmçinin Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin geri qaytarılmasına dair ərizə məhkəməyə daxil olduğundan, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: 9********) rüsum ödəyicisi İddiaçı geri qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar