Məhkəmə qərarları › İş №2(005)-3611/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3611/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3611/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X14 Mehdi qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nun xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X1 ərizəçinin atası idi. O, 1954-cü ildə Ucar şəhərində anadan olmuşdur. xx.xx.2023-cü il tarixdə atam Salmanov Vahidin vəziyyəti ağırlaşdı və X15 gələnə qədər o vəfat etdi. Ərizəçinin atası Vahid Salmanovu bir gün sonra Zabrat qəsəbəsi, 1 saylı qəbiristanlığında dəfn etmişlər. Bundan sonra, ərizəçi, ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsindən ona rəsmi qaydada bildirilib ki, "Ölüm haqqında akt qeydinin aparılması üçün 106 saylı ölüm haqqında tibbi şəhadətnamə tələb olunur. Əgər Sizdə ölüm haqqında tibbi şəhadətnamə yoxdursa, bu halda Siz ölüm hüquqi əhəmiyyətli faktının tanınması üçün məhkəməyə müraciət etməlisiniz". Ərizəçi, bu səbəbdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X7 bildirmişdir ki, ərizəçi onun qonşusudur. X1 ərizəçinin atası idi. X1 2023-cü il tarixdə vəfat etmişdir. Şahid qeyd etmişdir ki, mərhumun yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid X8 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Məhkəmə iclasında şahid X7 ilə eyni məzmunlu ifadələr verərək, X3 ürək xəstəliyi olduğunu qeyd etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında AR ƏN 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi X3 ölümünün qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. İş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2023-cü il tarixli 66 nömrəli arayışından görünür ki, Ərizəçi X2 xx.xx.2023-cü il tarixində, Sabunçu rayonu, Zabrat 1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən 18 mart 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4r. İş materiallarında olan AR DİN-in Tibb İdarəsinin 2 saylı poliklinikasının xx.xx.2023cü il tarixli, 594 №-li tibbi arayışdan məlum olur ki, 1954-cü il təvəllüdlü X1 2001-ci ildən DİN-in 2 №-li poliklinikasında tibbi qeydiyyatda olmuşdur və sonuncu dəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. İş materiallarında olan Təcili və X5 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə həkiməqədər ölüm ilə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş, bununla əlaqədar yaşadığı ünvan üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Bu barədə müvafiq qeydin aparılması Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar