Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3706/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya təşkilatında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin, birgə nikahdan olan 21.xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin ona ödənilməsi hissəsində təsdiq edilərək icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 04 dekabr 2010-cu il tarixdə, Bakı şəhər Nizami rayon Qeydiyyat şöbəsində nikaha daxil olub ailə qurmuşlar. Nikah 1725 №li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 aldı övladları anadan olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra bir müddət xoşbəxt yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən, aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamışdır. Aralarında olan nikah əlaqələri faktiki olaraq uzun müddətdir kəsilmişdir. Barışmaq, gələcəkdə birgə ailə həyatlarının qorunub saxlanması mümkün deyil. Birgə nikahdan olan övladları hazırda onun himayəsində yaşayırlar. Maraqlı şəxs uzun müddətdir ki, ümumiyyətlə övladlarının gündəlik təlabatları ilə maraqlanmır, onlara qayğı belə göstərmir. Tərəfindən nikahın pozulması uşaqların onun himayəsində saxlanılması və aliment tələbi ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/10-00677/2023 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladlarının onun himayəsində qalması və onların saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 5-dən 20-ə kimi hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğinində alimenti ona ödəyəcəyi barədə razılığa gəlmişdir. Lakin Maraqlı şəxs alimenti ödəməkdən imtina edir. Hazırda iki azyaşlı övladının maddi tələblərini ödəməkdə çox çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etməli olub. Artıq nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, oğlu X6 birinci dərəcəli müddətsiz əlildir. Onun hər an qulluğa ehtiyacı var. Maddi cəhətdən uşaqların təlabatlarını ödəməkdə çox çətinliklər çəkir. Barışıq sazişinə asasən Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notariusun icra qeydinə əsasən həyata keçirilə bilər. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessul Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Ərizəçi ilə “ikinci tərəf” Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00401 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 ana Ərizəçi İslan qızının himayəsində qalsın.
2. Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 5-dən 20-nə kimi hər uşağa 250 manat olmaqla ümumilikdə 500 manat aliment məbləğini ana X7 aid bank hesab kartına köçürsün. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00401 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından, eləcə də sazişin aliment hissəsinin ayrılıqda təsdiqi mümkün olduğundan, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləğinin 2024-cü ilin avqust ayının 5-dən başlayaraq ödənilməsi razılaşdırılmışdır. Mülki Prossesual Məcəllənin 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi” barədə ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00401 nömrəli barışıq sazişi aşağıda qeyd olunan hissədə təsdiq edilsin: “Tərəflər razılığa gəldilər ki, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən etibarən hər ayın 5-dən 20-nə kimi hər uşağa 250 manat olmaqla ümumilikdə 500 manat aliment məbləğini ana X7 aid bank hesab kartına köçürsün”. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərgiz Tağıyeva