Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3729/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi göstərilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1937-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş X10 onun doğma nənəsi olmaqla, mərhum anası Məmmədova (Mikayılova) İradə Ağalar qızının anası olmuşdur. Anası xx.xx.2011-ci ildə rəhmətə getmişdir. X1 yaşlı və xəstə idi. Həkim müayinəsindən keçmək üçün Bakı şəhəri, Mirəli Qaşqay küçəsi, ev 52, 88 saylı mənzilə qonaq gəlmişdir. xx.xx.2023-cü il tarixdə nənəsinin səhhəti qəfil pisləşdiyindən təcili tibbi yardım stansiyasına zəng vuraraq, həkim dəvət etmişdir. Lakin təcili tibbi yardım həkimləri gələnədək nənəsi evdə ölmüşdür. Nənəsi xx.xx.2023-cü il tarixdə Badamdar qəsəbə qəbristanlığında dəfn edilmişdir. Bütün qohumlar yas mərasimlərində iştirak etmişdir. xx.xx.2023-cü il tarixə çağırışa gəlmiş təcili tibbi yardım həkimləri nənəsinin öldüyünü görüb sahə həkimi üçün xəbərdalıq vərəqəsi vermişdir. 4 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinə gedərək, ölüm haqqında şəhadətnamə almaq istəyən zaman ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün nənəsinin ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Nənəmin ölməsi faktının müəyyən edilməsi bir sıra hüquqi məsələlərin həll edilməsinə görə ölüm haqqında şəhadətnamə almağı üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğu ilə əlaqədar mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş X12 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin arvadıdır. X2 xx.xx.2023-cü il tarixdə onların evinə gəlmiş, bir neçə gün vəziyyəti yaxşı olmuş, lakin sonra vəziyyəti pisləşmişdir. Ürək dərmanları içirdi və bronxlarında problemi var idi. X3 xx.xx.2023-cü il tarixdə evdə vəfat etməsini təsdiq edir. Yas mərasimlərində iştirak etmişdir. X3 Badamdar qəsəbə qəbristanlığında dəfn edildiyini bildirdi. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında ifadə verərək bildirdi ki, X2 onun nənəsidir. Son bir il nənəsi ilə birlikdə qalmışdır. Son həftə nənəsi qardaşı-ərizəçinin yanında qalmışdır. Qardaşının arvadı ona zəng edərək, nənəsinin vəziyyətinin pis olduğunu bildirmiş və o, qardaşının evinə getmişdir. X11 xx.xx.2023-cü il tarixdə evdə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Mərhumun Badamdar qəsəbə qəbristanlığında dəfn edildiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə doğulmuşdur; Xİİ-ЖГ seriyalı, 253670 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, atası X6, anası X4r; ИЕ seriyalı, 719728 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə Lənkaran şəhərində doğulmuş, atası X5, anası X7r; AZ-İ seriyalı, 475837 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür; 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından, ərizəçinin ərizəsi təmin edilməmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür; Qəbrin fotoşəkilindən görünür ki, üzərində “X11 xx.xx.1937-xx.xx.2023” yazısı əks olunmuşdur; AZE seriyalı, 02943929 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1937-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur; Təcili və X9 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:20-də X3 adına çağırış olmuş və həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir; Badamdar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 229 saylı arayışından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə Badamdar qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd edir ki, Ərizəçi X2nın nəvəsi olması iş materiallarında olan sənədlərdə təsdiq olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, xx.xx.1937-ci il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ərizəçi nənəsinin ölümü haqqında şəhadətnamənin alınması üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibb müəssisəsinin arayışı olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən nənəsinin ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3729/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3729/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver