Məhkəmə qərarları › İş №2(005)-3855/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3855/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3855/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarxli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzilə dair Cavabdeh adına verilmiş seriya RX, ******* №-li, xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildə qızı və hazırkı iş üzrə cavabdeh - Cavabdeh alacağı borcun təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinin ipoteka ilə yüklü edilməsini ona təklif etdi və o, cavabdehin bu təklifi ilə razılaşaraq onun istəyi ilə ipoteka müqaviləsini rəsmiləşdirilməsi üçün cavabdehlə birlikdə notariat kontoruna getmişdir. Notariat Kontorunda məzmunu ilə tanış olmadığı və mənzilin ipoteka ilə yüklü edilcəyini güman etdiyi sənədləri imzalamışdır. Bundan bir müddət sonra qızı Cavabdeh heç nədən narahat olmamağını bildirərək Rusiya Federasiyasına getmişdir. Təxminən bir ay əvvəl Mənzil Kommunal İstismar sahəsindən Forma 2 saylı arayış alarkən ona bildirilmişdir ki, mənzil artıq onun adına deyil, qızı Cavabdeh adınadır. Belə olan halda mənzilin hansı əsaslarla Cavabdeh adına keçdiyni öyrənmək məqsədilə daşınmaz əmlakın dövlət reyestr xidmətinə etdiyi müraciətinə cavab olaraq ona bildirilmişdir ki, həmin mənzil 9 saylı Notariat Kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Bundan sonra müraciəti əsasında 9 saylı Notariat Kontorundan bağışlama müqaviləsinin təsdiq olunmasına dair olan notariat işi ona təqdim edilmiş və notariat işi ilə tanış olarkən ona məlum olmuşdur ki, qızı Cavabdeh onu aldadaraq alacağı borcun təminatı olaraq həmin mənzilin ipoteka ilə yüklü edilməsi adı ilə qeyd olunan bağışlama müqavilisinə və digər sənədlərə imza etdirmişdir. Bir daha qeyd edir ki, Notariat Kontorunda notariat işində olan sənədləri imzalayərkən yaşının çox olması və sənədlərin azərbaycan dilində tərtib olunması səbəbindən, həmçinin qızına inanaraq həmin sənədlərin məzmunu ilə tanış olmamış və notariat kontoruna mənzilin ipoteka ilə yüklü edilməsi üçün ipoteka müqaviləsini rəsmiləşdirmək məqsədilə gedərək qeyd olunan sənədləri imzalamışdır. Həmçinin qeyd edir ki, qızı və hazırkı iş üzrə Cavabdeh həmin vaxtdan Rusiya Federasiyasına getmiş və bu günədək də onunla əlaqə saxlamamışdır. Hal-hazırda onun harada olmasından məlumatı yoxdur. Qeyd olunanlara və sadalanan hüquq normalarına əsasən hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzilinə dair onunla Cavabdeh arasında bağlanmış xx xxx 2013-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin mənzilə dair Cavabdeh adına verilmiş seriya RX, ******* №-li, xx xxxx 2013-cü il tarixli daşınmaz əmlakı dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxslərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili İddiaçı adına xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər Narimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ərizədən görünür ki, İddiaçı hal-hazırda ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili qızı Cavabdeh bağışlayanda subaydır. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 119 saylı evin, 7 saylı mənzili Cavabdehnın adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1898 nömrəli reyestr kitabında 175057 nömrəli səhifədə xx.xx.2013-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyat aparılmışdır; Mülki işin materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağışlama müqaviləsi bağlanılmışdır. Hazırda iş üzrə iddiaçı müqavilənin etibarsızlığını məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə ümumilikdə iddia tələbi ilə bağlı ilk növbədə müəyyən edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə bağışlama müqaviləsi bağlamış və hər iki tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə iddiaçının azərbaycan dilinin bilməməsindən bağışlama müqaviləsinin məzmununun başa düşmədinin və bu səbəbdən imzalaması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, hazırki iddia ərizəsi də azərbaycan dilində latın qrafikası ilə tərtib edilmiş və iddiaçı tərəfindən şəxsən imzalanmışdır. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsi bağlanarkən Azərbaycan Respublikası MPM-nin şərtlərinə əməl olunmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 satlı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi, Bakı şəhəri 9 saylı Notariat Kontoru cəlb edilməklə bağışlama müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar