Məhkəmə qərarları › İş №2(005)-3902/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3902/2022

27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3902/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1935-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə səhhəti kəskin formada ağırlaşmış, təcili yardım çağırılmış, lakin təcili tibbi yardım briqadası gələnə qədər atası dünyasını dəyişmişdir. Bu barədə Bakı Şəhəri Təcili və X1 2 saylı bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. 1 saylı “Asan xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş və Qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmuş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bundan sonra ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə 4 saylı poliklinikaya müraciət etmiş, orada isə bildirmişlər ki, atamın poliklinikada qeydiyyat kartoçkası olmadığından tibbi şəhadətnaməni verə bilməzlər. Bu səbəbdən ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş və Qeydiyyat şöbəsində ölüm faktını qeydiyyatdan keçirə bilməmişdir. Hazırda atasının vəfatı ilə bağlı vərəsəlik işlərinin rəsmiləşdirilməsi, qeydiyyatın ləğvi və digər qeydlərin aparılması üçün ölüm haqqında şəhadətnamə lazımdır. Qeydiyyat şöbəsi isə xx.xx.2022-ci il tarixli məktubu ilə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-857/15 nömrəli arayışından görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən atasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun atası olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi atasının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 17151608 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1935-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X6 qeyd edilmişdir; Bakı şəhəri Təcili və X4 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:36-da X3 adına çağırış olmuş və həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir; - Sulu-Təpə qəbristanlığının nəzarətçisinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Sulu-Təpə qəbristanlığında dəfn edilmişdir; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin əmisi oğludur. Mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun axşamdan vəziyyəti pis olmuş, bir neçə dəfə həkim çağırılmışdır. Sonuncu dəfə 5-6 arası həkim gəlmişdir. Sonra rəhmətə getdi. Yaşlı idi. Ölməmişdən bir saat əvvəl yanında olmuş və vəfat etdikdən sonra qayıtmışdır. Dəfndə iştirak etmişdir. Sulu-Təpə qəsəbəsində yerləşən yeni qəbirstanlıqda dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ərizəçinin atası olmuşdur. X6 xx.xx.2022-ci ildə Bakı şəhərində ev şəraitində vəfat etmiş və Sulu-Təpə qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X6 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1935-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar