Məhkəmə qərarları › İş №2(005)-409/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-409/2021

28.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-409/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu ərizədəki siyahıda göstərilən, ona məxsus olan əmlakın və 9.500 manat məbləğində pulun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə, yaşadığı mənzilin qapısını sındıraraq onu qanunsuz yolla zəbt etmiş şəxslərin və onlara bu işdə kömək etmiş Cavabdeh1 əməkdaşlarının barəsində xüsusi qərardad çıxarılaraq, aidiyyatı orqana göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci il tarixdə Şuşa şəhəri işğal olunduqdan sonra onlar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmağa məcbur olmuşlar. Bakı şəhərində o ailə üzvləri ilə (iki qızı ,oğlu, nəvə, gəlini və həyat yoldaşı) birlikdə Nərimanov rayonu, Qarabağ küçəsi 17, mənzil 27 ünvanına köçürülərək orada məskunlaşmışlar. Həmin mənzildə məskunlaşmaq üçün tərəflərindən manatın o zamankı məzənnəsi ilə 42.000 manat məbləğində pul ödənilmiş və evin bütün kommunal xidmət müqavilələri onun adına keçirilmişdir. Uzun müddət, 27 il ərzində həmin ünvanda yaşamış, bütün kommunal xərclərini ödəmişdir. Lakin 2019-cu ilin noyabr ayında, hal hazırda həmin mənzildə məskunlaşan Cavabdeh2, ailə üzvləri ilə birlikdə onların yaşadığı mənzilin qapısını sındıraraq mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olaraq, sonuncunun ailə üzvləri orada yerləşdirilmişlər. Cavabdehin heç bir əsas, heç bir məhkəmə əmri olmadan onları yaşadıqları mənzildən küçəyə atmasını, mənzili zəbt etməsi, bütün əmlaklarını, pul vəsaitləri də daxil olmaqla özlərində saxlamalarını qanun pozuntusu adlandırmışdır. Mənzildə onların 9.500 manat nağd pulun, və aşağıda qeyd olunan əşyalarının: Mebel 1 ədəd şifoner, 2 servant, stol, stul Çarpayı, üstünün örtüyü ilə birlikdə Yataq dəsti, 4 dost yorğan, döşək, yastıq Soyuducu 3 ədəd, Saratov, Çinar, Zamoklu Uşaq kolyaskası, Televizor stenkası ilə birlikdə, video maqnitofon, ev telefonu və əl telefonu-mobil, kondisioner Qab qaçaqlar (servant dolu), qazar, çaynik çaydan oğlunun kostyumları ayaqqabılar koftalar, gəlinin işlənməmiş otrezləri (zərli, ağ çəhrayı güllü atrez), ütü, divan, divan üstü Yerüstü (örtük) Lüstr 2 ədəd, Paltaryuyan maşın, Qarmon Divar saatı, iti stolu (gözlü), güzgü-termo, mətbəx əşyası suyun altında, paltar asmaq üçün mebel orada qaldığını bildirmişdir. Cavabdeh2 ailə üzvləri ilə birlikdə bütün qanunları pozaraq, evdə olmadıqları zaman iradəyə zidd olaraq 27 il ərzində yaşadıqları mənzilin qapısını qırmaq yolu ilə mənzilə daxil olduğuna görə cinayət məsuliyyəti, əmlaklarını mənimsədiyinə görə maddi məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə xx.xx.1949-cu il tarixdə Azərbaycan Respublikası, Şuşa şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının 157 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamından görünür ki, Qarabağ küçəsindəki 17 №-li evin, 27-ci mənzilinin icarə müqaviləsinin vətəndaş Cavabdeh2 adına bağlanması haqqında Qarabağ küçəsindəki 17 №-li evin, 27-ci mənzilində yaşayan vətəndaş X2 Rayon İcra Hakimiyyətinə (RİH) ərizə ilə müraciət edərək, yaşadığı ünvanda yerləşən yaşayış sahəsinin icarə müqaviləsini öz adına bağlanmasını xahiş etmiş, vətəndaş Cavabdeh2 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində departasiya olunmuş və yuxarıda qeyd olunan ünvanda yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı mənzilə Cavabdeh1 başçısının xx.xx.1992-cı il tarixli, 97 №-li Sərəncamı əsasında məskunlaşaraq daimi qeydiyyata alınmış, hazırda həmin mənzildə vətəndaş Cavabdeh2 ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 qızı, 2 nəvəsi) yaşayır və mənzilin icarə müqaviləsinin onun adına keçirilməsinə yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi qaydada razılıqları vardır. Qarabağ küçəsindəki 17 №-li evin, yaşayış sahəsi 18,0 kv.m. olan 1 otaqlı mənzilinin icarə müqaviləsi, ailə tərkibi 5 nəfər olmaqla (özü, 2 qızı, 2 nəvəsi) vətəndaş Cavabdeh2 adına bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, sərəncamın 1-ci bəndinə uyğun olaraq vətəndaş Cavabdeh2 adına mövcud vəziyyətdə texniki pasport tərtib edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunması qərara alınmışdır; Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1 (82)-375/2014 saylı icra vərəqəsinin surətinə əsasən iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə qarşı «Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 17 saylı evin, 27 saylı mənzilinin iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması» tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 17, 27 saylı mənzilin iddiaçı Cavabdeh2 adına özəlləşdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə həvalə olunması qərara alınmışdır; Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən onun əmlakının mənimsənilməsi, ünvan 2 ünvanının ona məxsus olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı ünvan 2 ünvanında ona məxsus əmlakların, pulun qalmasını bildirsə də, həmin əşyaların mövcudluğu, cavabdehlər tərəfindən həmin əşyaların götürülməsi iş materialları ilə sübut olunmur. Hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, iddiaçının hər hansı hüququnun pozulması və ya bu hüquqa müdaxilə olmasını təsdiq edən iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə ünvan 2 ünvanın özünə məxsus olmasını, daha sonra həmin ünvanda iddia tələbində göstərilmiş əşyalarının, pulunun olması halını sübut etməli idi. Lakin İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü yaşayış sahəsinin ona məxsus olmasını. həmin ünvana dair hər hansı hüququnun pozulmasını sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi ziyan dəyməsini, bunun ziyanın isə cavabdehin təqsirli hərəkəti və ya hərəkətsizliyi ilə əlaqəli olmasını sübut etməsi yükü iddiaçının üzərinə düşür. X5 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə iddianı “ pul tələbi” hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi cavabdehlərdən 9500 manat məbləğində pul vəsaitinin tutulması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin «yaşadığı mənzilin qapısını sındıraraq onu qanunsuz yolla zəbt etmiş şəxslərin mənzildən çıxarılması» hissəsi ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda, iddiaçıların mübahisəli evə dair hər hansı bir qanuni hüququ olmadığından, mülbahisəli evdən cavabdehin çıxarılması ilə bağlı tələbi üzrə məhkəmə müdafiəsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışdır. Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə tələbi ilə bağlı qeyd edir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar